Azərbaycanda qəribə vaksinasiya statistikası: 2 milyon “artıq” adam
Azərbaycanda koronavirusa qarşı vaksinasiyadan keçənlərin rəsmi statistikasına görə, ölkənin yetkin əhalisinin demək olar ki, hamısı peyvəndin hər iki dozasını vurdurub. Prezident İlham Əliyevin sözlərinə görə isə 18 yaşı tamam olmuş əhalinin ancaq 60 faizi tam vaksinasiyadan keçib. Göstəricilər arasındakı böyük fərq müxalifət liderlərindən birinin diqqətini çəkib.
- Gürcüstanda 17 000 doza AstraZeneca peyvəndinin istifadə müddəti bitib
- Azərbaycanda koronavirusa qarşı vaksinin dördüncü buster dozasına icazə verildi
- Gürcüstanda buster – koronavirusa qarşı üçüncü doza vaksin tətbiqinə başlanılıb
2 milyon nəfərlik qüsur
“Daha bir dünya rekordumuz gəldi: dünən Azərbaycanda vaksinləşmə səviyyəsi 100 faizi aşdı. Dünyanın heç yerində belə nəticə yoxdur.
Mərkəzi Seçki Komissiyasının rəsmi rəqəmlərinə əsasən, ölkədə 18 yaşı tamam olmuş 5 milyon 257 min 872 vətəndaş var. Operativ Qərargahın dünənki rəsmi rəqəmlərinə əsasən isə, onlardan 5 milyon 258 min 418 nəfəri vaksini artıq vurdurub. Yəni 546 nəfər daha çox!
Düzdür, 18 yaşı tamam olmayan vətəndaşlar da sentyabrdan etibarən hər iki valideynin razılığı ilə vaksin vurdura bilər. Amma iki həftə öncə belə uşaqların sayı Səhiyyə Nazirliyinin məlumatına görə cəmi 357 nəfər idi. İndi, güman etmək olar, bu cür uşaqlar həmin o yuxarıdakı 546 nəfərdir .
Beləliklə, Azərbaycanda 18 yaşı tamam olmuş, lakin vaksin vurdurmamış vətəndaş dünəndən etibarən rəsmən qalmayıb. Bu doğru deyilsə, onda seçici siyahımızda 2+ milyon nəfərlik qüsur var”, — noyabrın 1-də müxalif Respublikaçı Alternativ Partiyasının lideri İlqar Məmmədov Facebook səhifəsində yazıb.
Operativ Qərargah səhvi “düzəldib”
Çərşənbə günü, noyabrın 3-də Nazirlər Kabineti yanında Operativ Qərargah səhvi “düzəldib”. Vaksinasiyadan keçənlərlə bağlı rəsmi məlumata peyvəndin üçüncü – “buster” dozasını vurduran insanların sayı ilə bağlı sətir əlavə olunub.
Nəticədə təxminən 320 min nəfər ilk dozanı vurduranlar sırasından “buster” dozasını vurduranlar sırasına “köçüb”.
Əslində bunun sadə izahı var. Vaksinasiya üçün avtomatik qeydiyyat sistemi üçüncü dozanı göstərmir və onu birinci kimi qəbul edir. Bu, ya proqramlaşdırma səhvidir, ya da ən başından belə düşünülüb. Sistemin bu cür məntiqsizliyi JAMnews əməkdaşı da üzsləşib. O, üçüncü doza üçün qeydiyyatdan keçmək istədiyi zaman sistem birinci kimi qeydiyyata alıb.
“Üçüncü dozanı çıxsan da, həmin məlumatlara əsasən, ölkədə bu günə əhalinin 95 (!!!) faizi vaksin vurdurub. Yenə də dünya rekordudur.
Nəinki hər kəs bunun doğru olmadığını bilir, hətta başqa sual yaranır: 95 faiz vaksin vurdurubsa, onda QR kod deyilən o total nəzarət alətinin Azərbaycanda nə işi var?” — noyabrın 3-də İlqar Məmmədov yazıb.
Prezident aydınlıq gətirib
Noyabrın 4-də Nizami Gəncəvi adına forumda çıxış edərkən Azərbaycan prezidenti İlham Əliyev bildirib ki, bu gün ölkədə yetkin əhalinin 60 faizi peyvəndin hər iki dozasını vurdurub.
Əgər vaksinin hər iki dozasını almış 4,4 milyon nəfər 18 yaşdan yuxarı əhalinin 60 faizini təşkil edirsə, o zaman adi riyazi hesablama ilə aydın olur ki, Azərbaycanda 18 yaşdan yuxaxı 7,3 milyon nəfər yaşayır.
İlqar Məmmədovun paylaşımında yazdığı kimi, bu, seçicilərin sayından düz 2 milyon nəfər çoxdur. Sonuncu dəfə seçicilərin dəqiq sayı Mərkəzi Seçki Komissiyası tərəfindən 2020-ci ilin fevralında parlament seçkiləri ərəfəsində elan olunub.
Qeyd edək ki, Azərbaycan Konstitusiyasına əsasən, səs vermə gününə qədər 18 yaşı tamam olmuş bütün vətəndaşların istisnasız səs vermək hüququ var.
Hələlik MSK bu statistika kazusunu şərh etməyib.