Azərbaycanda karantində Qurban bayramı: qoyunlar onlayn satılır
Azərbaycabnda Qurban bayramında vətəndaşlar qoyunları onlayn alacaqlar. Koronavirusun yayılmasının qarşısını almaq məqsədilə ölkədə qurbanlıq qoyun sifarişlərinin onlayn etmək üçün yeni satış portalı istifadəyə verilib.
Qurbanlıq qoyunları onlayn sifariş etmək üçün www.qurbanliq.kendden.az saytına daxil olub, 31 iyul saat 00:00-dək şəxsi məlumatları qeyd edib, satış məntəqələrindən onlayn növbə alınmalıdır. Sifariş edilən qurbanlığın dəyəri kəsilmiş çəkidə hər kiloqram üçün 11 manat 50 qəpikdən hesablanacaq.
Bu layihə Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində “Aqrar Tədarük və Təchizat” ASC tərəfindən “Kənddən Şəhərə” layihəsi çərçivəsində həyata keçirilir.
Vətəndaşlar sifariş edərkən qurbanlıqlarını götürəcəkləri məntəqəni, tarixi və saatı özləri seçəcəklər. Sifariş edilən qurbanlıq barədə məlumat vətəndaşın telefonuna göndəriləcək, qurbanlığı isə vətəndaş Bakı və Sumqayıt şəhərindəki satış məntəqələrindən götürə biləcəklər.
Qurban bayramı ilə əlaqədar Daxili İşlər Nazirliyi də sakinlərə müraciət edib.
“Bu il pandemiya şəraiti nəzərə alınmaqla qurbanlıq heyvanların kəsimində və satışında kütləviliyə, insanların sıx toplaşmasına, müəyyən edilmiş yerlərdən kənarda satışa və kəsimə icazə verilməyəcək. Karantin rejiminin tələblərinə uyğun olaraq, qurbanlıq heyvanların onlayn satış yarmarkalarından alınması üçün yeni istifadəyə verilmiş satış portalına müraciət olunmalıdır”.
Sosial şəbəkələrdə qoyunların onlayn satılmasına müxtəlif reaksiyalar verilib. Bunlardan əksəriyyəti sarkazmla yazılmış qeydlərdir:
“Başa düşdüyüm qədər, “Aqrar Tədarük və Təchizat” ASC Azərbaycanda dini əhalinin siyahıyaalınmasını təşkil edəcək. Yoxsa nəyə görə qurbanlıq sifarişində onlara telefon ilə bərabər şəxsiyyət vəsiqəsinin FİN-kodu lazımdır?
Bəlkə mən bilmirəm, FİN-koda uyğun olaraq qoyun seçilir?
P.S. yeri gəlmişkən, onlayn-sifariş olmasına baxmayaraq, onlara mail lazım deyil. Əti isə özün götürməlisən. Bunun hansı tərəfi onlayn oldu – başa düşmədim”.
“Qoyunlar Qurban bayramı ilə əlaqədar onlayn satılacaq.
İnternet şeytan əməlidirsə, belə qurbanlıq caizmi, Hacı Cimi?”
“Əcəb günlərimiz var. Qurban bayramı gəlir, qoyunlar onlayn satılır. Elə bil AliExpress-dən dron alıram…”