Azərbaycanda ikinci Qarabağ müharibəsi veteranları ayrıseçkilikdən şikayətlənir
İyunun 29-da ikinci Qarabağ müharibəsinin bir qrup iştirakçısı Azərbaycan Müdafiə Nazirliyinin Şəxsi Heyət Baş İdarəsinin binası qarşısında etiraz aksiyası keçirib. Onlar medallarla təltif edilməmələri, əlillik və müalicə problemləri ilə bağlı narazılıqlarını bildiriblər.
- Sərhəd problemi: Azərbaycan Ermənistana ikitərəfli müzakirələrə başlamağı təklif etdi
- Qarabağ münaqişəsi və Ermənistanın yeni parlamenti: Bakıdan baxış
- Azəbaycanlılar Çexiyada: parlayan hər şey demokratiya deyil
İyunun 26-da – Azərbaycan Respublikası Silahlı Qüvvələri Günü ilə əlaqədar ölkə prezidenti İlham Əliyev ikinci Qarabağ müharibəsində iştirak etmiş bir sıra hərbçilərin medallarla təltif olunması haqda sərəncamlar imzalayıb. Adlarını təltif olunanlar siyahısında tapa bilməyən veteranlar Müdafiə Nazirliyinin qarşısında aksiya keçiriblər və bir sıra digər problemlərinin də həll olunmasını tələb ediblər.
“Ağdamdan Laçına qədər getmişik, biz daha neyləməliyik?… Hara gedirik, heç kim cavab vermir”, – deyən aksiya iştirakçılarından biri İsaq Yunusov bildirib ki, döyüşlərdə 877-ci hərbi hissənin tərkibində iştirak edib. Daha sonra mərmi partlaması nəticəsində yaralanıb, sol qolu həm sınıb, həm yanıb, üstəlik kəllə-beyin travması alıb.
“Sənədlərimizin hamısı notarial qaydada təsdiq olunub, Müdafiə Nazirliyi özü də təsdiq edib. Hərbi biletimizdə harda döyüşdüyümüz, Ağdam, Füzuli, Kəlbəcər, Şuşa, Laçın – hamısı var. Amma hara getsək, nə medalımıza, nə veteranlığımıza, nə qaziliyimizə aid bir söz deyən yoxdur”, – o, Meydan TV-yə deyib.
Müdafiə Nazirliyindən verilən məlumata görə, etirazçılar qəbul edilib.
Görüş zamanı qeyd edilib ki, hərbi qulluqçuların müvafiq medallarla təltif olunmaları onların keçdikləri döyüş yolu və müharibədə bilavasitə iştirakı amilinin araşdırılması yolu ilə həyata keçirilib.
Görüşdə vətəndaşlar dinlənilib və müraciətləri ilə bağlı ərizələr alınaraq məsələnin araşdırılması məqsədilə hərbi hissələrə müvafiq tapşırıqlar verilib.