Azərbaycanda feministlərə hücumun arxasında kim dayanır?
Sosial şəbəkələrin təhlili acınacaqlı nəticələrə gətirib çıxarıb.
Azərbaycanda feministlər hərəkatı 8 martla bağlı yürüşü ənənəyə çevirə biliblər – yürüş üçüncü ildir ki, ardıcıl keçirilir. Əgər 2020-ci ildə polisin bu tədbirə mane olmaq cəhdləri daha da onun miqyasının genişlənməsinə səbəb olmuşdusa, 2021-ci ildə o qədər çox sayda polis cəlb olunmuşdu ki, mitinq çox qısa müddətdə dağıdılmışdı.
Azərbaycanda feministlərə mütəmadi oolaraq kimsə hücum edir, amma 2021-ci ilin martında onlara xüsusilə çətin oldu: şəxsi məlumatların oğurlanmasından və hərəkat liderlərinin saxta “yazışmalarının” sosial şəbəkələrdə yayılmasından başqa ünvanlarına minlərlə qəzəbli şərh və hətta parlament deputatları tərəfindən qınaq da səsləndi.
Sual yaranır: bu, patriarxal cəmiyyətin kor-təbii müqavimətidir, yoxsa mütəşəkkil kampaniya? Əgər sonuncudursa, o zaman arxasında kim dayanır?
Sosial şəbəkələrdə hücum
Aktivist Nərmin Şahmarzadənin profili sındırılmışdı. Nərmin hesab edir ki, bundan ötrü onun şəxsiyyət vəsiqəsinin məlumatlarından istifadə olunub və bunda mobil operatorlar da iştirak edib, bunu sifariş edən isə hakimiyyətdir. Bu versiya çoxları üçün inandırıcıdır, çünki mobil operatorlar artıq dəfələrlə polislə birlikdə işləyib, mitinq iştirakçılarını izləməyə kömək edib. Bundan başqa Nərminin dediyinə görə, fərdi şəxslərin bu cür əməliyyatları həyata keçirmək üçün resursları yoxdur.
Hesabları sındırılandan sonra onun şəxsi yazışmaları və digər məlumatlar internetdə yayılıb, üstəlik onların yarıdan çoxu saxtalaşdırılmış olub. Feyk-yazışma oxucuları əmin etməli idi ki, feministlər intihar həddində olan gənc qızlardan maliyyə və ya məşhurluq əldə etmək üçün istifadə ediblər.
Görünür ki, bu, az əvvəl ardıcıl baş verən bir neçə gənc qızın intiharı ilə bağlıdır. Feministlər bu hadisələrə diqqət çəkməyə çalışıblar. İş orasındadır ki, bu intiharlar da, çoxsaylı femisid halları da Azərbaycanda çoxlarının “milli dəyər” adlandırdığı “qadınlar üçün müəyyən edilmiş davranış qaydalarına” birbaşa dəxli var.
Bu milli dəyərlər ideyası anti-feministlərin şüarında yaxşı əks olunub: “Feminizm öldürür (uşaqlarınızı qoruyun)”.
Bakıda feministlər haqda istənilən statusun altında çoxları məhz bu cür şərhlər yazır: “Feministlər gənc qızlara böyükləri dinləməli, ədəb li geyinməli və axma düşənə qədər evə qayıtmalı olmadıqlarını yeridirlər. Qızlar isə buna görə valideynləri ilə dalaşır və nəticədə intihar edirlər”.
- Bakıda feministlərin etiraz aksiyası baş tutub: 30 nəfərə yaxın iştirakçı saxlanılıb
- Azərbaycan parlamentinin deputatı əxlaqsız qadınla görüşü haqda danışıb
- Təhrikedici şüar və intihar cəhdi: Azərbaycanda feministlər istintaq altına alınacaq?
Xalq qəzəbi, yoxsa trolların hücumu?
Ölkədə hökuməti tənqid edən ən populyar saytlardan biri olan Meydan TV-dir. Buna görə də məhz hökumət trollarının hücumunu ən rahat burada izləmək olar.
Feministlərin aksiyasının dağıdılması haqda xəbərə çox sayda aqressiv şərhlər yazılıb, amma onlardan çoxunu yazanlar real insanlardır. Şübhə doğuran profillər də var – “boş”, bir avatarkası və cəmi bir neçə dostu olan.
MydanTV-dən başqa bir video götürək.
Burada da şübhəli akkauntlar var, məsələn, xəbər saytının linklərindən ibarət profil, eyni tipli avatarlı profil, Konqoda yaşayan biri.
Şərhlərin məzmunu aşağıdakı nəticələrə gətirir:
- Polis burada haqlıdır. Hər şeyi doğru ediblər;
- Bu qadınların yiyələri yoxdur ki, mitinqə çıxıblar (yiyələri yəni ərləri, qardaşları, ataları və s.);
- Azərbaycanda qadınlarla bağlı problemlər yoxdur, burada onlara hörmət edirlər, sevirlər;
- Bunlar pozğun qadınlardır;
- Mən özüm qadınam, belələrini qınayıram. Onlar ölkəmizin imicini korlayırlar.
Rəsmilər mənəviyyat keşiyində
Azərbaycanda rəsmi şəxslər feministlərin mitinqi haqda neqativ fikirlər səsləndiriblər. Onlar bunu əvvəllər də edib, amma bu qədər kütləvi şəkildə yox.
Razi Nurullayev, Milli Məclisin deputatı (APA agentliyinə müsahibəsindən seçilmiş sitatlar):
“Bizim feministlərimiz adi zorakılığı qadın haqlarının pozulması kimi təqdim edirlər”.
“Məişət problemlərini gender bərabərliyi ilə qarışdırmaq olmaz”.
“Nümayişkaranə alkoqol içmək, siqaret çəkmək, sosial şıbəkələr üçün mədəniyyətimizə zidd olan pozalarda şəkil çəkdirmək, istirahət yerlərində gənclərimizin məənəviyyatına mənfi təsir edəcək hərəkətlər etmək – fərqi yoxdur, kişi, ya qadın, gender bərabərliyi ola bilmız”.
“Təəssüf ki, bəzi feministlər hesab edirlər ki, bərabərlik məsuliyyətsizlik və kişi ilə höcətləşməkdir”.
“Təmiz Dünya” Qadınlara Yardım İctimai Birliyinin sədri Mehriban Zeynalova:
“Konstitusiyamızın 25-ci maddəsində kişilərlə qadınların bərabərliyi haqda bəhs edilir. Orada qadınların hüquqlarını məhdudlaşdıran müddəalar varmı? Yox”.
İstanbul Konvensiyası haqda: “Əgər biz bütün bu mexanizmləri qanunlarımızın köməyi ilə nizamlaya bilsək, əlavə öhdəlikləri üzərimizə niyə götürək?”
“Mitinq zamanı onların xalqın heysiyyatına toxunan çıxışları vardı. Onlar panika yaradırdılar”.
Deputat Tahir Kərimli Milli Məclisin iclasında bildirib ki, feministlər “bizim ailələrimizi dağıtmağa çalışırlar”.
Sərdar Cəlaloğlu, Azərbaycan Demokratik Partiyasının sədri:
“Dünyanın heç bir ölkəsində radikal feminizmə imkan verilmir”.
“Azadlıq nədir? Əgər konstitusiyada deyilirsə ki, sənin azadlıqların var, deməli, sən azadsan”.
“Hindistanda qadınlar tək küçəyə çıxa bilmir, Azərbaycanda isə qadınlara avtobusda yer verirlər. Belə xalqı necə biabır eləmək olar? Hansı zorahılıqdan söhbət gedir?”
“Onlara de ki, feminizm öldürür”
Çox da populyyar olmayan “Onlara de” Facebook səhifəsi gözlənilmədən feminizmin tənqidçisinə çevrilib. Həmçinin eyni adlı sayt da mövcuddur.
“Onlara de” islam dinini təbliğ edir, həm də sadəcə Qurandan sitatlar gətirərək yox, digər yerli səhifələr kimi əməli-saleh davranışa səsləyərək. Burada ateizmin sistematik tənqidinə həsr olunmuş bütöv bir bölmə var, qərbli din xadimlərinə istinadlara çox rast gəlmək olur. “Onlara de” feminizmin tənqidi ilə də sistemli şəkildə məşğul olur.
Səhifə administratoru və saytdakı məqalələrin çoxunun müəllifi – bloqer Ziya Balıyev əvvəllər ateist olub, amma iki il əvvəl islamı qəbul edib.
Həm sayt, həm də Facebook səhifəsinin başdan sovdu hazırlanmadığı aşkardır. Feministlərə qarşı hücuma da ciddi yanaşıblar – ən populyar təbliğat şəkilləri məhz burada yayılıb. Məsələn, iblisin feministə “40 ailə ayırma” və “15 uşağı arada qoymaq” tapşırığı verdiyi bu rəsm. Bu, parodiya kimi görünsə də, sosial şəbəkələrdəki şərhlərdən məlum olur ki, feminizmin mahiyyətini elə məhz bu cür təsəvvür edirlər.
Karikatira müəllifi populyar karikaturaçı Elmail Qulamidir. O, az.shafaqna.com və İnteraz kimi hökumətyönlü saytlarda çalışır.
“Feminizm öldürür” sloqanlı digər populyar rəsm hətta Nazirlər Kabinetinin Operativ Qərargahının Instagram səhifəsində dərc olunmuş və vətəndaş cəmiyyətini heyrətə salmışdı. Amma sonradan bu səhifənin qeyri-rəsmi olduğu və Operativ Qərargahın buna görə cavabdeh olmadığı ortaya çıxmışdı.
“Onlara de” saytına qayıdaraq deyək ki, əməkdaşlıq edən müəlliflər daha çox sadəcə din xadimləri deyil, daha çox teoloq alimlər, ən çox da xaricdə təhsil alanlardır. Bizim müəlliflər vasitəsilə sponsor olan təşkilata çıxmaq cəhdlərimiz heç bir nəticə verməyib. Sadəcə Azərbaycan dilində islam yönlü “Darül Hikmət” elmi-tədris mərkəzinə rast gəldik.
İndiyə qədər qadın hüquqlarının müdafiəsinə qalxan gənclər arasında populyar CavanTV videokanalı gözlənilmədən anti-feminist çarx buraxıb.
Bu videoda aparıcı deyi ki, “hamımız onların küçələrə pulla çıxdıqlarını bilirik”, həmçinin mitinqçiləri mənəvi dəyərlərə və vətənpərvərlik hissinə sahib olmamaqda günahlandırır. Onları Qarabağ müharibəsi zamanı ermənilərə canıyananlıqda ittiham edir.
Bu video-çarx gənclər arasında mənfi reaksiya doğurub, çünki “sifarişli” olduğu çox yaxşı hiss olunub. Kanalın özü hökumət yönlüdür – dövlət tərəfindən maliyyələşdirilən Cavan Gənclər Hərəkatı İctimai Birliyi ilə əlaqəsi buna dəlalət edir.
Bunun arxasında kim dayanır?
Birmənalı şəkildə Azərbaycanda dövlətin feminist hərəkata qarşı “döyüşdüyünü” demək olarmı? Bəli. Amma dövlət təbliğatı bunun üçün xüsusi əziyyət çəkməli olmur, hərəkat liderlərinə qarşı “kompromat” təqdim etmək yetərlidir, qalanını kütlə özü edir. Sadə məntiq zənciri işləyir – bu qadınlar əxlaqsızdır – onları dəstəkləyən hər kəs də əxlaqsızdır – bu qadınların özləri feministdir, qalan feministlər də onları dəstəkləyir – feministlər əxlaqsızdır.
Təbliğat çox münbit şəraitə düşüb, sadəcə nifaq toxumu səpib gerisi haqda narahat olmamaq mümkündür. Cəmiyyətin özü patriarxatla mübarizəyə qalxan hər bir qızı ləkələyəcək kontenti yaradacaq.