Bakıda feministlərin etiraz aksiyası baş tutub: 30 nəfərə yaxın iştirakçı saxlanılıb
Ənənəyə uyğun olaraq martın 8-də Bakının mərkəzində feministlər məişət zorakılığına qarşı etiraz aksiya keçirmək istəyib. Onlar bu aksiyaya bir neçə gün öncədən hazırlaşıb. Polis aksiya keçirmək cəhdinin qarşısını sərt şəkildə alıb, onlarla iştirakçı saxlanılıb. Saxlanılanlar arasında JAMnews-un müxbiri də olub.
- Pandemiya azərbaycanlı idmançıları taksi sürücüsü və poçtalyona çevirib
- Gürcüstanda növbəti siyasi qalmaqal: İvanişvilinin oğlunun və baş nazirin iştirakı ilə “dinləmə”
2021-ci il martın 8-də Bakının mərkəzində feministlərin qadınlara qarşı zorakılığa etiraz aksiyası keçirməyə hazırlaşdığı haqda çoxdan məlum idi. Artıq bir neçə ildir ki, bu, Azərbaycanın qadın hüquqları müdafiəçiləri üçün ənənəyə çevrilib.
Aksiyaya hazırlıq
Təyin olunmuş tarixdən bir həftə əvvəl feministlər qadın hüquqlarına həsr olunmuş mahnıların təqdim olunduğu qapalı konsert təşkil ediblər. Mahnıların söz və musiqi müəllifləri elə qızların özləri olub, özləri də ifa ediblər. Konsertin yayımı martın 6-da, aksiyadan iki gün əvvəl keçirilib.
Həmçinin mart ayının ilk həftəsində qızlar xüsusi yazılı – keçiriləcək aksiyanın şüarlarının əks olunduğu müdafiə maskaları tikiblər, plakatlar hazırlayıblar.
İlk saxlanılmalar
Aksiya başlamazdan yarım saat əvvəl feministlərdən ibarət bir qrup Fəvvarələr bağının – aksiyanın keçirildiyi ənənəvi məkanın yaxınlığında kafeyə girib.
Bir neçə dəqiqə sonra həmin kafeyə mülki geyimli hüquq-mühafizə əməkdaşları daxil olub və bir neçə aksiya iştirakçısını saxlayıb. Saxlanılanlar arasında JAMnews müxbiri Sevgi İsmayılbəyli də olub.
Saxlanılanları naməlum istiqamətdə aparıblar.
Aksiya zamanı sərt saxlamalar
Düz saat 15:00-da şəhərin mərkəzinə toplaşan feministlərin ilk şüarları səslənib. Amma aksiya iştirakçılarının qaldırdığı plakatlar kimsə onların üzərində nə yazıldığını oxumağa macal tapmadan dərhal polis tərəfindən alınıb.
Şüar səsləndirənlər saxlanılıblar, bəzi məqamlarda fiziki güc tətbiq edilib.
“Mövcud olmayan” 30 nəfərə yaxın saxlanılan
Saxlanılmalar nəticəsində Bakının 9-cu polis bölməsinə 30 nəfərə yaxın aksiya iştirakçısı aparılıb.
Elə həmin dəqiqələrdə Azərbaycanın Daxili İşlər Nazirliyi Bakının mərkəzində razılaşdırılmamış aksiyanın keçirilməsi cəhdinin qarşısının alındığı haqda bəyanat yayıb. Məlumatda xüsusilə qeyd olunub ki, aksiyada saxlanılan olmayıb.
Saxlanılanlara polisdən gül
Təxminən iki saat sonra saxlanılan feministlər azadlığa buraxılıblar.
“Hamımızı bölmənin akt zalına salmışdılar. Sonra hamıdan izahat aldılar, daha sonra isə bölmə rəisinin kabinetinə apardılar.
Orada bizimlə “profilaktik iş” apardılar. Və rəis bizi 8 mart münasibətilə təbrik etdi və hər birimizə gül vermək istədi, amma hamı imtina etdi”, – saxlanılanlardan biri Sevgi İsmayılbəyli JAMnews-a danışıb.
Aksiya baş tutub
Saxlanılanlar buraxılandan sonra bir qrup feminist şəhərin başqa hissəsinə gedib və Qış Parkında öz plakatlarını qaldırıb, fayerlər yandırıblar.
Polis yenə də müdaxilə edib, amma heç kim saxlanılmayıb.