“Kanal 13” onlayn televiziyasının direktoru Əziz Orucov mayın 2-də həbs olunub və polisə itaətsizlik ittihamı ilə 30 sutka inzibati cəzaya məhkum edilib.
Bu haqda hazırda Azərbaycan ərazisində bloklanmış “Kanal 13” saytı xəbər verib.
Əziz Orucov mayın 2-də səhər həmin telekanalda işləyən həyat yoldaşı Lamiyə Orucova ilə birlikdə mülki geyimli şəxslər tərəfindən saxlanılıb. Onları Bakının Nəsimi rayon Polis İdarəsinə aparıblar.
Daha sonra polisdən bildirilib ki, Əziz Orucov axtarışda olan bir şəxsə oxşayır.
“Bizə axtarışda olan şəxsin fotosunu göstərdilər. O, qətiyyən Əziz Orucova oxşamır. Bu sadəcə Əziz Orucovu saxlamaq və polisə itaətsizlikdə ittiham etmək üçün bir bəhanə idi”, – jurnalistin vəkili Elçin Sadıqov “Turan” agentliyinə bildirib.
Əziz Orucov özünü günahkar hesab etmir. “Məhkəmənin qərarından apelyasiya şikayəti veriləcək”. Sadıqov jurnalistin həbsinin 3 may Ümumdünya Mətbuat Azadlığı Gününə təsadüf etdiyinə diqqət yetirib. “Bu həbs məhz mətbuat azadlığına qarşı yönəlib”, – Sadıqov bildirib.
Bir müddət sonra Lamiyə Orucova azad edilib.
“Kanal 13” internet televiziyası 2008-ci ildə yaradılıb. Kanal QHT-lərə, hüquq müdafiəçilərinə, siyasətçilərə və efir imkanları olmayan digər şəxslərə meydan təklif edir.
“Kanal 13”-ün təsisçisi Anar Orucov (Əziz Orucovun qardaşı) təhsil proqramında iştirak etdiyi üçün hazırda Almaniyadadır.
“Sərhədsiz reportyorlar” beynəlxalq hüquq müdafiə təşkilatının hazırladığı söz azadlığı indeksinə görə Azərbaycan 180 ölkə arasında 162-ci yeri tutur.