Onlayn-danışıqlar: Azərbaycan və Ermənistan XİN rəhbərlərinin növbəti görüşü baş tutub
Qarabağ münaqişəsinin nizamlanması prosesi koronavirus epidemiyası səbəbilə onlayn rejimə keçib. İyunun 30-da Azərbaycan və Ermənistan xarici işlər nazirləri Elmar Məmmədyarov və Zohrab Mnatsakanyan arasında ikinci videokonfrans baş tutub. Bu görüşü Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasında vasitəçilər – ATƏT-in Minsk Qrupu həmsədrləri təşkil edib.
Birinci dəfə diplomatlar arasında onlayn-danışıqlar aprelin 22-də baş tutub.
İkinci video-görüş zamanı epidemioloji vəziyyətin normallaşmasından asılı olaraq şəxsi görüş imkanları və ATƏT-in Minsk Qrupu həmsədrlərinin regiona səfəri müzakirə edilib. XİN rəhbərləri onlayn müzakirələri gələn ay davam etdirmək haqda razılığa gəliblər.
Qarabağ məsələsi Qarabağın özü olmadan həll edilə bilməz – az əvvəl seçilən prezidentin bəyanatı
Bakıdan informasiya
Azərbaycanın Xarici İşlər Nazirliyinin mətbuat xidməti görüş faktını qeyd etməklə və görüşdə nə haqda danışıldığı ilə bağlı çox qısa məlumat verməklə kifayətlənib. Rəsmi məlumatda bildirilib:
“Nazir Elmar Məmmədyarov Ermənistan tərəfindən Azərbaycanın işğal edilmiş ərazilərində həyata keçirilən qeyri-qanuni fəaliyyət, o cümlədən infrastruktur dəyişiklikləri məsələsini qaldırıb”.
Yerli media və ekspertlər də bu görüşə xüsusi diqqət yetirməyib. Üstəlik bununla təxminən eyni zamanda məlum olub ki, ölkədə ciddi karantin rejimi avqustun sonuna qədər uzadılıb.
JAMnews-un siyasi şərhçisi Şahin Rzayev bu görüşü “danışıqlar prosesi imitasiyasının davamı” adlandırıb:
“Açıq danışaq, indi koronavirus pandemiyası şəraitində Qarabağ problemi bir qədər ikinci plana keçib. Bəlkə də bu, daha yaxşıdır, çünki cəhbə xəttində ciddi insidentlər azalıb. Ola bilər ki, həmsədrlər Qarabağda prezident seçkiləri fonunda mümkün dəyişikliklərlə maraqlanıblar, amma çətin ki, orada nəsə dəyişsin. Odur ki, onlar bundan sonra da zəngləşməyə, hamımızın bəxti versə və sərhədlər açılsa, şəxsi görüşlərə də davam edəcəklər, amma yaxın gələcəkdə hansısa sıçrayış gözləmək lazım deyil”.
Yerevandan informasiya
Ermənistan XİN mətbuat xidmətnin verdiyi məlumata əsasən, görüş zamanı Zohrab Mnatsakanyan bəyan edib ki, Azərbaycan tərəfindən səslənən döyüş ruhlu bəyanatlar yolverilməzdir, bunlar sülh nizamlaması atmosferinə pis təsir edir və xalqları sülhə hazırlamağa mane olur.
Ermənistanlı nazir “Artsax xalqının tamhəcmli təhlükəsizliyinin, o cümlədən də azad və təhlükəsiz hərəkət köməyi ilə davamlı təminatının” vacibliyindən də danışıb.
Jurnalist, Qafqazda münaqişələr üzrə ekspert Tatul Hakopyan nazirlərin video-konfransını şərh edərkən vurğulayıb:
“Bu gün Qarabağ münaqişəsinin nizamlanması prosesi yenə də dalana dirənib, çünki danışıqları apara bilmək üçün sənəd yoxdur, heç olmasa 50 faiz Azərbaycan tərəfi və 50 faiz Ermənistan tərəfi üçün məqbul olan layihə və ya yanaşma yoxdur”.
Bununla belə, ekspert Ermənnnistan üçün “geri çəkilməsi ədalətsiz və qəbuledilməz qərar olacaq qırmızı cizgiləri” xatırladıb.
“Birincisi: Artsax hər hansı statusda Azərbaycanın bir hissəsi ola bilməz, baxmayaraq ki, danışıqlar ilk növbədə status ətrafında aparılır.
İkincisi: qərar münaqişəyə cəlb olunmuş bütün üç tərəfin xalqları üçün məqbul olmalıdır”.