Azərbaycan prezidentinin oğluna 35 milyon dollarlıq malikanə bağışlanıb - Rusiya mətbuatı yazır
Azərbaycan prezidentinin oğlu 22 yaşlı Heydər Əliyev Moskva yaxınlığındakı qəsəbədə möhtəşəm malikanəyə sahibdir. Bu malikanənin dəyəri hazırda 35 milyon dollardır. Bu haqda Rusiyanın “Proekt” nəşri Rusiya rəsmi daşınmaz əmlak reyestrinin sorğuya verdiyi cavaba istinadən yazır. Daha sonra məqalədə prezidentin qohumlarının digər əmlakları sadalanır.
Organized Crime and Corruption Reporting Project (OCCRP) təşkilatının araşdırmaçı jurnalistləri müəyyən ediblər ki, bu ailənin üzvləri Panamada və Vircin adalarında yerləşən offşor şirkətlərin arxasında gizlədilən müxtəlif müəssisələrə, həmçinin bahalı daşınmaz əmlak obyektlərinə, hətta qızıl yataqlarına sahibdir.
• Rəğbət necə satın alınır? Azərbaycan nümunəsində beynəlxalq jurnalist araşdırması
• Əsrlik ağaclar – milyarderin ən böyük ehtirası
Ev Arif Paşayevin – prezidentin qayınatası və nəvə Heydər Əliyevin ana babasının adına qeydiyyatdan keçirilib. Arif Paşayev fizikaçı alim, Azərbaycan Milli Aviasiya Akademiyasının rektoru və Azərbaycan Milli Elmlər Akademiyasının üzvüdür.
Mətbuatda və sosial şəbəkələrdə reaksiya
“Proekt”in məqaləsini bir neçə Rusiya media orqanı təkrar dərc edib. Xaricdən işləyən bir neçə saytdan başqa Azərbaycan mətbuatı bu haqda heç nə yazmayıb. Əvəzində nəvə Heydər Əliyevin əmlakı Facebook-un Azərbaycan seqmentində qızğın müzakirə edilib. Bu şərhlərdən bir neçəsi:
“Hüquqi nöqteyi-nəzərdən orada çox güman ki, hər şey təmizdir. Mənəvi tərəfini isə bir kənara qoyuruq. Bizdə başqasının pulunu saymaq adəti yoxdur”;
“Bu, onların Dubaydakı malikanələri ilə müqayisədə xırda şeydir”;
“Maraqlıdır, onlar bu imarətləri necə təmizləyirlər? Mən üçotaqlı mənzilimi zor-güc səliqəyə salıram”;
“Belə nəhəng evləri var ikən bəlkə onlar Moskvaya köçsünlər?”;
“Susun, paxıllar!”