Azərbaycan polisi müstəqil müşahidəçinin seçkidə döyülməsini araşdırmır
Azərbaycanın hüquq-mühafizə orqanları seçkidə saxtakarlığın qarşısını almağa çalışdığı üçün döyülən Jalə Bayramovanın işini ört-basdır etməyə çalışır. Jalənin özü və müxalif siyasətçi olan atası Qubad İbadoğlu belə hesab edir.
Jalə Bayramovanı döyən qadın ondan polisə şikayət də edib, Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov da Bayramovaya qarşı mövqe tutub.
• Azərbaycanda keçirilən parlament seçkiləri haqda hər şey bir dəqiqəlik videoda
• Azərbaycanda seçkilərə sözardı. Nə və niyə tərs getdi? Şərh
Seçki məntəqəsində zorakılıq
Azərbaycanda növbədənkənar parlament seçkiləri fevralın 9-da baş tutub. Bu seçkilərdə növbəti dəfə iqtidarda olan Yeni Azərbaycan Partiyası qələbə qazanıb. Müstəqil yerli müşahidəçilərin və beynəlxalq təşkilatların fikrincə, seçki qeyri-demokratik və çox sayda pozuntularla keçib.
Jalə Bayramova Azərbaycanın cənubunda məntəqə seçki komissiyasının üzvü olub. O, seçici bülletenlərinin verilməsi prosesini telefona çəkib, amma kadra düşən bir qadın ona mane olmağa çalışıb. Bu qadın nə seçici, nə komissiya üzvü, nə müşahidəçi olub və ümumiyyətlə onun məntəqədə olmağa ixtiyarı olmayıb. Qadın Jaləni yerə yıxıb və möhkəm döyüb. Bütün bunlar videoya çəkilib və internetdə yayılıb.
Qubad İbadoğlunun sözlərinə görə, Bakıda özəl klinikada əvvəlcə Jalənin aldığı xəsarətlər qeydə alınıb, amma sonra hakimiyyətin təzyiqi ilə bu sənəd məhv edilib. Bu haqda “Kavkazskiy uzel” yazıb.
“Özü günahkardır”
Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov Jaləni döyən qadını müdafiə edir. O, bildirib ki, döyülən qız özü günahkardır, o, həmin qadını videoya çəkməli deyilmiş və cəzalandırılacaq.
Hüquq sahəsində ekspert Ələsgər Məmmədli deyir ki, Jalənin çəkiliş aparmağa tam hüququ olub.
“Bəli, konstitusiyaya əsasən, vətəndaş onu icazəsiz çəkdiklərinə görə etiraz edə bilər. Amma bu, şəxsi həyatla bağlıdır. seçki məntəqəsi ictimai yerdir, seçki isə ümumi dövlət tədbiridir”, – o izah edib.
Məmmədli hesab edir ki, qızın döyülməsini əks etdirən kadrlar prokurorluğa hətta zərərçəkənin şikayəti olmasa belə cinayət işi qaldırmaq səlahiyyəti verir.
Bayramovanın şikayətini araşdıran müstəntiq və Baş Prokurorluq məsələ ilə bağlı heç bir şərh verməyib.