AXCP-ni maliyyələşdirməyə vasitəçilikdə günahlandırılan siyasi məhbus azadlıqda
Verilən 4 il həbs cəzasını günə-gün çəkəndən sonra siyasi məhbus Aqil Məhərrəmov azadlığa buraxılıb.
- Almaniyadan deportasiya olunanlar Azərbaycanda həbs edilir
- “Əsas üçün mübarizə aparırıq” – yüzlərlə jurnalist Tbilisidə küçə etirazında. Foto
- HRW Azərbaycan hakimiyyətindən azad sözə qarşı zorakılığı dayandırmağı tələb edib
Müxalif Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) fəalı Aqil Məhərrəmli 2018-ci il mayın 25-də bir müddət əvvəl həbs olunan AXC (1992-1993) hakimiyyəti dövründə Gədəbəy rayonunun icra hakimiyyəti başçısı olmuş Saleh Rüstəmovun işi üzrə həbs edilmişdi. Aqil Məhərrəmli digər AXCP üzvləri Vidadi Rüstəmli, Ruslan Nəsirov, Babək Həsənovla birgə “mütəşəkkil dəstə şəklində cinayət yolu ilə əldə edilmiş külli miqdarda pulu leqallaşdırmaqda” ittiham olunmuşdu. Daha bir partiya fəalı – Eltac Əlisoy haqda axtarış elan edilib.

İstintaqın iddiasına görə, onlar Rusiyada biznes sahibi olan keçmiş icra başçısı, müxalif AXCP funksioneri Saleh Rüstəmlinin göndərdiyi pulları partiya sədrinə çatdırıblar və bununla da partiyanın qanunsuz yolla maliyyələşməsində vasitəçi olublar.
İstintaqın yekununda Ruslan Nəsirov və Vidadi Rüstəmli şərti azadlığa buraxılıb, ötən il prezidentin əfv fərmanı ilə azadlığa çıxan Babək Həsənov 3 il, bu gün azadlığa qovuşan Aqil Məhərrəmov isə 4 il müddətinə azadlıqdan məhrum ediliblər.
Saleh Rüstəmov isə 7 il 3 ay müddətinə azadlıqdan məhrum edilib. Və hələ də həbsdə saxlanılır.
Onların heç biri ittihamları qəbul etməyib və həbslərinin siyasi motivli olduğunu bildiriblər.
AXCP sədri Əli Kərimov da dəfələrlə fəalların həbsinin hakimiyyətin uzun illərdir partiyaya qarşı həyata keçirdiyi repressiyanın bir hissəsi olduğunu bəyan edib.
Əli Kərimlinin sözlərinə görə, Saleh Rüstəmov AXCP üzvü olmaqla yanaşı, həm də onun yaxın dostudur. Çətin vəziyyətdə olduğu zaman bir neçə dəfə Rüstəmov ona kömək məqsədilə hər dəfəsində 500-1000 dollar (ümumilikdə 4-5 min dollar) pul göndərib. Prokurorluğun rəsmi açıqlamasında isə 412 min dollardan söhbət gedir.
Ötən ilin noyabr-dekabr aylarında həbsdə saxlanmasına etiraz olaraq Saleh Rüstəmov həbsxanada aclıq aksiyasına başlamış və 41 gün aksiyanı davam etdirmişdi. Elə həmin vaxt onun işi üzrə aralıq tədbirlərin görülməsi ilə bağlı Avropa İnsan Haqları Məhkəməsi Azərbaycan hökuməti ilə kommunikasiyaya keçmişdi.
Səhhəti kritik həddə pisləşdiyi üçün yaxınlarının təkidi və Avropa Məhkəməsinin qərarı ilə yaxın zamanda azadlığa çıxmaq ümidi yarandığı üçün Rüstəmov aclığı dayandırmağa razı olmuşdu. Həmin vaxtdan beş ay keçsə də, Rüstəmov hələ də həbsdədir.
Eyni iş üzrə cəzasını son günə qədər çəkən Aqil Məhərrəmovun azadlığa buraxıldığı gün, mayın 25-i Saleh Rüstəmovun doğum günüdür. O artıq 4-cü doğum gününü həbsdə keçirir.