“Arbat uşaqları” və ya stalinizmin əks-sədası – Bakıdan şərh
2003-cü ildə Azərbaycanda Anatoli Rıbakovun “Arbat uşaqları” əsərində əks olunan çoxdan keçmiş günlərin hadisəsi təkrarlanıb. Bu epizod haqda azərbaycanlı politoloq, tarix elmləri namizədi Altay Göyüşov xatırlayıb.
“Rıbakovun “Arbat uşaqları” əsəri əslində sovet camaatının nə qədər psixoloji travmalı olduğunu çox gözəl şəkildə təsvir edib. İndi nəzərə alın ki, müstəqillikdən sonra biz bu psixoloji travmanı, yəni repressiyaları, repressiyaların yaratdığı naqislikləri o şiddətdə olmasa da, yenə dönə-dönə yaşamışıq. İnsanlar oxşar diktatura, oxşar şəxsiyyətə pərəstiş şəraitində yaşayıb, ona uyğunlaşıb, xarakteri, “dəyərləri” belə mühitdə formalaşıb.
Bir tərəfdən adamı dəhşət bürüyür, digər tərəfdən bu davamlı psixoloji travmadan qurtulmaq üçün hələ uzun illər müalicə tələb olunacağını başa düşürsən. Biz isə hələ heç müalicəyə də başlamamışıq. Hələ ki travma dərinləşir.
Eyni zamanda başa düşürsən ki, “Arbat uşaqları” mühitində böyüyənlərdən bu qədər trol, saxtakar, rüşvətxor, donosbaz, yaltaq, işgəncə verən, üzə duran və sairə çıxması tamamilə adi haldır. Psixoloji travmalı cəmiyyətik. Burada trola deyil, normala təəccüblənmək, belələrinə rast gəlinməsinə möcüzə kimi baxmaq lazımdır.
Bu “Arbat uşaqları”nda bir yer var. Məktəb uşağının atası xalq düşməni kimi həbs olunur. Sonra uşağı məktəbdə sıranın qabağına çıxardıb deyirlər ki, bu uşağın atası xalq düşmənidir.
Bizdə 2003 seçkilərində году [Azərbaycanda İlham Əliyevin ilk dəfə prezident seçildiyi və kütləvi etiraz aksiyaları ilə davam edən prezident seçkiləri — JAMnews] eyni şey olmuşdu. Seçki etirazlarından sonra müsavatçılardan birinin uşağını məktəbdə direktor sıranın qabağına çıxarıb demişdi ki, bu uşağın atası xalq düşmənidir.
Buna görə həmişə deyirəm ki, stalinizmə adekvat qiymət verilməlidir, amma verilməyib. Yəni, həmin direktorun üstündən 70 il keçəndən sonra stalinizm metodunu təkrarlaması onun dünyagörüşünün ifadəsidir. Halbuki, stalinizmə adekvat qiymət verilsə idi, bu qiymət cəmiyyət dəyərinin bir parçası olsa idi, bu hərəkət direktorun ağlının ucundan belə keçməzdi”, – Altay Göyüşov Facebook səhifəsində yazıb.