ABŞ səfirliyi Azərbaycan hökumətini vətəndaşların hüquqlarına hörmətlə yanaşmağa çağırır
ABŞ səfirliyindən Azərbaycan hökumətinə irad
Bakı şəhər İcra Hakimiyyəti növbəti dəfə müxalif Azərbaycan Xalq Cəbhəsi Partiyasının noyabrın 11-də şəhər administrasiyası qarşısında etiraz aksiyası keçirmək haqda müraciətinə rədd cavabı verib. Sonuncu dəfə analoji aksiyada 100 nəfər etirazçısaxlanılıb. “Biz hökuməti öz vətəndaşlarının hüquqlarına, o cümlədən dinc toplaşmaq hüququna hörmətlə yanaşmağa çağırırıq”, – ABŞ-ın Azərbaycandakı səfirliyinin mətbuat katibi bildirib.
- Azərbaycanda müstəqil KİV-lər qeydiyyata alınmayıb
- Ləpirsalan. Seks-terapevt Bakı məktəbində cinsi tərbiyə dərsi keçməyə başlayıb
- Azərbaycanda kuir media
Bakı şəhər İcra Hakimiyyəti Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) şəhər administrasiyasının qarşısında noyabrın 11-ə təyin etdiyi etiraz aksiyasını “məqsədəuyğun” hesab etməyib.
AXCP piket keçirmək niyyəti haqda meriyanı xəbərdar edib. Bu etiraz aksiyasında azad toplaşmaq hüququnun təmin edilməsi, siyasi məhbusların azadlığa buraxılması və azad seçki və demokratik islahatların keçirilməsi, o cümlədən də quru sərhədlərin açılması tələbləri səsləndirilməlidir. Bu haqda Turan agentliyinə AXCP rəyasət heyətinin üzvü Vahid Məhərrəmli bildirib.
![](https://jam-news.net/app/uploads/2022/11/312598419_6175963742423411_8929359743167800291_n.jpg)
Bakı şəhər İcra Hakimiyyətindən verilən cavab məktubunda qeyd olunub ki, aksiyanın keçirilməsi nəzərdə tutulan yer “intensiv hərəkətin”, metrostansiyanın və təhsil müəssisələrinin yaxınlığında yerləşir. “Müxalifətin aksiyası vətəndaşların sərbəst hərəkəti və təhlükəsizliyi üçün ciddi çətinliklərə səbəb ola bilər”, – meriyadan qeyd edilib.
Müxalifət cavabı qanunsuz hesab edib və istənilən halda aksiya keçirmək niyyətindədir.
“Azərbaycan Konstitusiyasına görə, sərbəst toplaşmaq azadlığı əsas hüquqdur. Bunu məhdudlaşdırmaq olmaz. Əgər şəhər rəhbərliyi təklif olunan yerdə mitinqin keçirilməsini yolverilməz hesab edirsə, alternativ variantlar təklif etməlidir. Lakin bu həyata keçirilməyib. Ona görə də konstitusiya hüququndan istifadə edərək noyabrın 11-də planlaşdırıldığı kimi aksiya keçirəcəyik”, – Məhərrəmli bildirib.
Azərbaycan Konstitusiyasının 49-cu maddəsi.
Sərbəst toplaşmaq azadlığı
I. Hər kəsin sərbəst toplaşmaq azadlığı var.
II. Hər kəsin müvafiq dövlət orqanlarını əvvəlcədən xəbərdar etməklə başqaları ilə birlikdə dinc və silahsız toplaşmaq, yığıncaqlar, mitinqlər, nümayişlər, küçə yürüşləri və piketlər keçirmək hüququ vardır.
Sonuncu dəfə oktyabrın 24-də AXCP oxşar tələblərlə şəhər icra hakimiyyətinin binası qarşısında aksiya keçirməyə cəhd edib. Polis 100-dən çox etirazçını saxlayıb, aksiyanı sərt şəkildə dağıdıb.
ABŞ-ın Bakıdakı səfirliyindən çağırış
ABŞ-ın Azərbaycandakı səfirliyi dinc toplantıların keçirilməsinə maneələrdən narahatlığını bildirib.
“Biz əvvəlkitək Azərbaycanda öz konstitusion hüquqlarını həyata keçirən vətəndaşlara təzyiqlərdən narahatıq. Biz hökuməti öz vətəndaşlarının hüquqlarına, o cümlədən dinc toplaşmaq hüququna hörmətlə yanaşmağa çağırırıq”, – ABŞ səfirliyinin mətbuat katibi Elis Spensli vətəndaşların küçə aksiyaları keçirmək üçün konstitusiya hüquqlarının hakimiyyət tərəfindən əngəllənməsilə bağlı Turan-ın sualının cavabında deyib.