ABŞ Gürcüstana yardımı 15 faiz azalda bilər
ABŞ Konqresinin dərc etdiyi qanun layihəsinə əsasən, 2021-ci ilə Gürcüstan üçün ayrılan yardımın 15 faizi Gürcüstan hökuməti demokratik institutların möhkəmləndirilməsi, korrupsiya ilə mübarizə və özəl sektor, o cümlədən də əcnəbi biznesmenlər, onların maliyyə maraqları və sərmayələrinin qorunması üçün qanunun aliliyinin təmin edilməsi istiqamətində səmərəli addımlar atana qədər dayandırılacaq.
ABŞ ümumilikdə Gürcüstana 132 milyon dollar ayırmaq niyyətindədir. Müvafiq olaraq Gürcüstan 20 milyondan məhrum ola bilər.
Qanun layihəsində deyilir ki, yardımın dayandırılması demokratiyaya, qanunun aliliyinə, vətəndaş cəmiyyətinə və ya gender zorakılığı ilə mübarizəyə xidmət edən layihələrə şamil edilmir.
Qanun layihəsinə əsasən, ABŞ dövlət katibi bunun Birləşmiş Ştatların milli maraqları üçün lazım olduğunu sübut edə bilərsə, məhdudiyyətlərin tətbiqindən imtina etməsi mümkündür.
Qanun layihəsində həmçinin deyilir ki, bu qanuna müvafiq olaraq ayrılan heç bir yardım dövlət katibi tərəfindən Rusiyanın işğal etdiyi Abxaziya və Sxinvali regionlarını tanıyan və ya onlarla diplomatik əlaqələr quran ölkənin hökumətinə təqdim olunmayacaq.