Altı ay ərzində Gürcüstanda medianın fəaliyyətini məhdudlaşdıran beş qanun qəbul edilib. Ətraflı
Gürcüstanda media haqqında qanun
Təkcə 2025-ci ilin yaz sessiyasında “Gürcü Arzusu” parlamenti Gürcüstanda medianın fəaliyyəti və ifadə azadlığını ciddi şəkildə məhdudlaşdıran beş qanunvericilik düzəlişini tələsik şəkildə qəbul edib.
Bu qanunlar xaricdən maliyyələşən medianın fəaliyyətini faktiki olaraq qadağan edir, dövlətin media üzərində nəzarətini gücləndirir və jurnalistlərin hakimiyyəti tənqid etməsinə görə cəzalandırılmasına imkan yaradır.
Artıq bu qanun və qanunvericilik dəyişikliklərinin tətbiqi ilə bağlı ilk presedentlər də mövcuddur. Məsələn, Gürcüstan mediasından biri müsabiqə yolu ilə qazandığı qrant maliyyəsini ala bilməyib, jurnalistlər məhkəməyə çağırılıb və sosial şəbəkələrdə yerləşdirilmiş tənqidi paylaşımlarına görə cərimələniblər və sair.
Bu məqalədə “Gürcü Arzusu”nun qəbul etdiyi yeni qanunlar və qanunvericilik dəyişikliklərinin konkret nələr olduğunu və onların müstəqil medianın fəaliyyətini necə məhdudlaşdırdığını izah edəcəyik.
Xarici agentlərin qeydiyyatı haqqında qanun (FARA)
,“Gürcü Arzusu”nun ABŞ-dəki FARA qanununun gürcü analoqu və guya onun birbaşa tərcüməsi olduğunu iddia etdiyi “Xarici agentlərin qeydiyyatı haqqında qanun” (FARA) 2025-ci il fevralın 19-da təşəbbüs edilib və aprelin 1-də qəbul olunub.
Lakin ABŞ-də əsasən lobbiçiliklə məşğul olan təşkilatlara yönəlmiş analoqundan fərqli olaraq gürcü FARA birbaşa medianı və vətəndaş cəmiyyəti təşkilatlarını hədəf alır.
Beləliklə, gürcü FARA xarici maliyyə alan KİV-lərin müvafiq reyestrdə (Ədliyyə Nazirliyi tərəfindən artıq yaradılmış) “xarici dövlətin (prinsipalın) agenti” kimi qeydiyyatdan keçməsini tələb edir.
Əgər təşkilat bu reyestrə daxil olmasa, ona 10 min lari [3690 ABŞ dolları] məbləğində maliyyə cəriməsi tətbiq olunacaq. Bundan sonra isə hər ay maliyyə bəyannaməsi təqdim etmədiyi üçün 20 min lari [7380 ABŞ dolları] məbləğində cərimə ödəməli olacaq.
Eyni zamanda, hüquq-mühafizə orqanı tərəfindən xüsusi nəzarət çərçivəsində hansısa məlumatı təqdim etməsi tələb olunan, lakin bu məlumatı təqdim etməyən şəxs və ya həmin təşkilatla əlaqəli əməkdaş 5000 lari [1845 ABŞ dolları] məbləğində cərimələnəcək.
🟥 Qanun həmçinin cinayət məsuliyyəti də nəzərdə tutur: təşkilatın rəhbərləri (direktorlar, idarə heyətinin üzvləri) qeydiyyatdan yayınmağa görə 5 ilədək azadlıqdan məhrumetmə ilə üzləşə bilərlər.
Vacib məqam: Gürcüstanda müstəqil medianın özünü maliyyələşdirmə hesabına fəaliyyət göstərməsi mümkün deyil. Onlar tamamilə beynəlxalq qrantlara güvənirlər. Gürcü FARA-nın qəbul olunması isə bu cür medianın fəaliyyətini dayandırması deməkdir.
Qanun qəbul edildikdən 60 gün sonra, yəni 1 iyunda qüvvəyə minib.
Bundan əvvəl “Gürcü Arzusu” mahiyyətcə oxşar olan “Xarici təsirin şəffaflığı haqqında” adlı qanunu qəbul etmişdi. Amma bu qanun işə yaramadı, heç bir müstəqil media və ya vətəndaş cəmiyyəti təşkilatı “xarici agent” reyestrində qeydiyyatdan keçmədi.
“Gürcüstanın Yayım haqqında Qanunu”na dəyişikliklər
1 aprel tarixində parlament daha bir qanunvericilik paketini: “Televiziya və radio yayımı haqqında” qanuna edilən dəyişiklikləri yekdilliklə qəbul etdi. Bu dəyişikliklər yayım şirkətlərinə xarici maliyyə qəbul etməyi qadağan edir.
Qrant əsasında maliyyələşmə ilə yanaşı, yayım xidmətlərinin “xarici qüvvə” tərəfindən satın alınması, proqramların hazırlanması və yayımı üçün birbaşa və ya dolayı yolla maliyyələşmə və ya birgə maliyyələşmə də qadağan edilir. Sosial reklam qarşılığında xarici maliyyə almaq da qadağandır.
Gürcüstanda reklam bazarının zəif inkişafı, hökumət təzyiqləri və digər səbəblərdən dolayı bir çox televiziya və radio kanalları uzun illərdir reklam çatışmazlığından şikayətlənirlər. Statistika göstərir ki, tənqidi kanallarda reklam payı azalır, dövlət yayımçıları isə artan reklam həcmi ilə üzləşir. Buna görə də bu dəyişikliklər müstəqil yayımçılar üçün ciddi təhlükə yaradır.
🟥 Bu dəyişikliklər həmçinin senzura riskini artırır, çünki Milli Kommunikasiya Komissiyasına mediakontentə müdaxilə hüququ verilib.
Məsələn, Komissiyaya materialda istifadə olunan faktların dəqiqliyi, qərəzsizlik, ədalətlilik, qarşı tərəfin cavab haqqı və digər məsələləri müzakirə etmək səlahiyyəti verilib.
Bu dəyişikliklər qüvvəyə mindikdən tam iki ay sonra “Gürcü Arzusu” Kommunikasiya Komissiyasına üç tənqidi kanal: TV Pirveli, Formula və Mtavari Arxi barəsində şikayət təqdim etdi. Səbəb kimi bu kanalların reportajlarında, proqramlarında və sosial şəbəkə paylaşımlarında “rejimin məhbusları”, “qanunsuz parlament”, “qondarma parlament” və bu kimi ifadələrdən istifadə etmələri göstərildi. “Gürcü Arzusu” həmçinin ölkənin qeyri-rəsmi rəhbəri Bidzina İvanişvilinin “oliqarx” adlandırılmasından narazılığını bildirdi.
Yayımçılar bu şikayətləri senzuranın iflicedici forması kimi qiymətləndirdilər.
Kommunikasiya Komissiyası bu şikayətlər əsasında yayımçılara qarşı cərimə tətbiq etmək səlahiyyətinə malik idi. Hamı bunun baş verəcəyini gözləyirdi. Lakin Komissiya televiziya kanallarının qanunu pozduğunu tanısa da, onları cərimələmədi.
“Gürcüstanın Qrantlar haqqında Qanunu”na dəyişikliklər
16 aprel tarixində “Gürcü Arzusu” daha bir qanunvericilik dəyişikliklərini qəbul etdi: bu dəfə “Qrantlar haqqında” qanuna.
🟥 Bu dəyişikliklərə əsasən, Gürcüstanda heç bir xarici qrant hökumətin razılığı olmadan verilə bilməz.
Yəni, hər hansı bir xarici fond və ya təşkilat, məsələn, Avropa İttifaqı və ya BMT Gürcüstanda bir QHT-ni dəstəkləmək istədikdə, əvvəlcə “Gürcü Arzusu” hökumətindən rəsmi icazə almalıdır.
Qrantın verilməsi üçün donor layihə müqaviləsini bu dəyişikliklərin icrasına cavabdeh olan Korrupsiyaya Qarşı Mübarizə Bürosuna təqdim etməlidir (büro direktorunu baş nazir təyin edir).
Layihədə qrantın məbləği, məqsədləri, müddəti və digər bütün detallara yer verilməlidir.
Korrupsiyaya Qarşı Mübarizə Bürosu bu layihəni üç ay və ya daha artıq müddət ərzində araşdıra bilər. Bundan sonra qrantın verilməsinə icazə verilib-verilməyəcəyi ilə bağlı qərar qəbul olunur.
🟥 Əgər donor hökumətin icazəsi olmadan qrant verməyə cəsarət edərsə, qrantı alan təşkilat qrantın məbləğindən iki dəfə çox məbləğdə cərimələnəcək.
Bu dəyişikliklərin artıq ilk qurbanları da var: 11 iyun tarixində məlum oldu ki, “Tabula” onlayn nəşri Böyük Britaniya hökumətindən 50 min funt-sterlinq məbləğində almalı olduğu qrantı ala bilməyəcək. Bu qrant 2025-ci ilin payızına təyin olunmuş bələdiyyə seçkiləri barədə ictimaiyyəti məlumatlandırmaq üçün nəzərdə tutulmuşdu.
Məlum olub ki, Böyük Britaniya hökuməti qanunlara uyğun olaraq “Gürcü Arzusu” hökumətindən bu qrantın verilməsi üçün icazə istəyib, lakin gürcü tərəfi cavabı o qədər gecikdirib ki, britaniyalılar layihəni tamamilə ləğv ediblər.
Gürcüstanın “Söz və ifadə azadlığı haqqında” qanununa dəyişikliklər
18 iyun tarixində “Gürcü Arzusu” “Söz və ifadə azadlığı haqqında” qanuna dəyişiklikləri təşəbbüs etmiş, artıq 26 iyunda isə onlar təcili qaydada qəbul edilmişdir.
Dəyişikliklər əsasən böhtanla bağlı bölməyə aiddir. Xüsusilə, böhtan anlayışından zərərin vurulması komponenti çıxarılıb, yəni, əvvəllər bir ifadənin böhtan sayılması üçün zərər şərt idisə, indi bu tələb aradan qaldırılıb.
Bundan əlavə, əvvəllər iddiaçı onun barəsində böhtan atıldığını sübut etməli idisə, indi cavabdeh öz sözlərinin doğru olduğunu sübut etməlidir.
Əgər məhkəmə hesab etsə ki, təkzib dərc etmək kifayət deyil, onda cavabdeh mənəvi və ya maddi ziyana görə kompensasiya da ödəməlidir.
🟥 Bu dəyişikliklər arasında ən təhlükəlisi isə informasiya mənbəyinin açıqlanması tələbinin tətbiqidir. Mənbə qorunması mexanizmləri ləğv olunub. Artıq cavabdehin mənbəni və ya peşə sirrini açıqlamaqdan imtina etməsi onun əleyhinə hökm çıxarılması üçün yeganə əsas ola bilər.
Bu dəyişikliklər də artıq tətbiq olunub: altı jurnalist sosial şəbəkələrdə “Gürcü Arzusu” siyasətçilərinə qarşı tənqidi ifadələr işlətdiklərinə görə Tbilisi Şəhər Məhkəməsinə çağırılıb. Onlar siyasətçiləri “kölə”, “alçaq” və s. sözlərlə təhqir etməkdə ittiham olunublar. Məhkəmə hər altı jurnalisti qanunu pozmaqda təqsirli bilərək onların bir qismini 3000, digərlərini isə 4000 lari [1100–1400 ABŞ dolları] məbləğində cərimələyib.
Ümumi yurisdiksiya məhkəmələri haqqında Orqanik Qanuna dəyişikliklər
18 iyun tarixində həmçinin ümumi yurisdiksiya məhkəmələri haqqında orqanik qanuna dəyişikliklər təşəbbüs edilib və 26 iyunda qəbul olunub. Dəyişikliklər məhkəmə proseslərinin işıqlandırılması qaydalarını köklü şəkildə dəyişir.
🟥 Bu dəyişikliklər məhkəmə proseslərinin işıqlandırılmasını demək olar ki, qeyri-mümkün edir, çünki həm məhkəmə zalında, həm də dəhlizlərdə və hətta məhkəmə binasının həyətində foto və video çəkiliş qadağan olunur.
Qeyd edək ki, 2013-cü ildə hakimiyyətə gəldikdə “Gürcü Arzusu” əvvəlki hökumət tərəfindən tətbiq olunmuş bu cür qadağanı ləğv etmişdi. Həmin vaxt qəbul edilmiş düzəlişlərə görə, ictimai yayımçı açıq məhkəmə iclaslarını çəkə və yayımlaya bilərdi, həmçinin bu çəkilişlərin materialını digər yayımçılara təqdim etmək məcburiyyətində idi. Əgər ictimai yayımçı bunu etmirdisə, digər televiziya kanalı öncədən icazə almaqla prosesi işıqlandıra bilərdi.
Məhkəmə proseslərinin işıqlandırılmasını yenidən qadağan edən hazırki düzəlişlər ölkədə 50-dən çox vicdan məhbusunun olduğu, bütün müxalifət liderlərinin həbsdə olduğu və bu məhkəmə proseslərinə cəmiyyətin yüksək maraq göstərdiyi bir şəraitdə qəbul olunub. Məhkəmə proseslərinin işıqlandırılması zamanı ittihamların necə absurd olduğu və polisin necə yalan danışdığı açıq şəkildə üzə çıxır.
Bu düzəliş 30 iyunda qüvvəyə minib. Bundan sonra medialar məhkəmə proseslərini çəkmək üçün Ali Ədliyyə Şurasından icazə almaq məcburiyyətindədirlər. Son bir ay ərzində onlarla məhkəmə prosesi keçirilsə də, Ədliyyə Şurası hələ heç bir dəfə də olsun çəkiliş icazəsi verməyib.
Üz qabığındakı foto: ©️Media April
Gürcüstanda media haqqında qanun