Ermənistan yaşlı erməninin başını kəsmiş azərbaycanlının axtarışını dayandırdı. Niyə?
Yaşlı erməninin başını kəsmiş azərbaycanlının axtarışı dayandırılıb
Ermənistanda azərbaycanlı Kamil Zeynalovun axtarışının dayandırılması geniş müzakirə mövzusuna çevrilib. O, 2020-ci il müharibəsi zamanı, Qarabağda Hadrut şəhərinin yaşlı sakini olan bir erməninin başını kəsməkdə ittiham olunurdu. Cinayət yerindən olan video görüntülərin həqiqiliyini Guardian və Bellingcat araşdırmaçı jurnalistləri təsdiqləmişdi.
“Yaxınlarda mənə zəng etdilər və təbrik edərək dedilər ki, düşmənlərin [yəni Ermənistanın] elan etdiyi axtarış dövlətimizin [Azərbaycanın] səyi ilə ləğv olunub”, – deyə Zeynalov bildirib.
Erməni xəbər portallarının bu məsələ ilə bağlı sorğularına Ermənistan DİN-dən cavab olaraq bildirilib ki, ötən il İrəvan və Bakı 2007-ci ildə əldə edilmiş razılaşmanı təsdiq ediblər. Bu razılaşmaya əsasən, hər iki tərəf Müstəqil Dövlətlər Birliyi (MDB) ölkələrinin ərazisində bir-birinin vətəndaşlarını dövlətlərarası axtarışa verməməyə və ya belə axtarışları dayandırmağa öhdəlik götürüblər.
Beynəlxalq hüquq üzrə ekspertlər isə belə bir 2007-ci il razılaşmasından xəbərlərinin olmadığını bildiriblər.
Zeynalovun – yaşlı erməninin başını kəsməkdə ittiham olunan şəxsin – axtarışdan çıxarılması onlar tərəfindən “ziddiyyətli və məntiqsiz” addım kimi qiymətləndirilib.
“Azərbaycan hakimiyyətini qıcıqlandırmamaq, onları mümkün sülh sənədlərini imzalamağa həvəsləndirmək üçün bu cür davranırlar”, – bu fikirləri beynəlxalq hüquq üzrə hüquqşünas Siranush Saakyan Ermənistan hakimiyyətinin mövqeyini şərh edərkən bildirib.
Zeynalov işi və erməni hüquq müdafiəçilərinin şərhləri
- Bakının fikri: “Azərbaycanda erməni məhbusların müdafiəsi minlərlə şəhidin hüquqlarının tapdalanmasıdır”
- “Azərbaycan sülh prosesini pozmaq istəyir”: Mina xəritələri – yeni bəhanə
- “Sülhün qiyməti”: Bakı niyə müqavilə imzalamağı uzadır – İrəvandan baxış
2024-cü ildə rus polisi Kamil Zeynalovu saxlayıb, daha sonra sərbəst buraxıb
Özünü fitnes-bloqer kimi təqdim edən Kamil Zeynalov 2024-cü ilin fevralında Moskvada “Domodedovo” hava limanında Bakı reysi öncəsi saxlanılıb. Həmin vaxt Ermənistanın Daxili İşlər Nazirliyi onun qətl ittihamı ilə axtarışda olduğunu bildirmişdi.
Lakin Rusiya tərəfi Ermənistan Baş Prokurorluğunun ekstradisiya tələbini gözləmədən onu sərbəst buraxdı. Zeynalov Bakıya qayıtdı və orada qəhrəman kimi qarşılandı. Erməni ekspertlər Rusiyanın bu addımını qanunsuz saydılar.
Son bir il ərzində Ermənistan DİN bu işlə bağlı, axtarışın davam etdirilib-etdirilməməsi ilə bağlı heç bir məlumat yaymayıb.
Şərhlər
Beynəlxalq hüquq üzrə mütəxəssis Siranush Saakyan bildirib ki, beynəlxalq hüquq müharibə cinayətkarlarının cəzalandırılmasını tələb edir.
Onun fikrincə, Zeynalovun axtarışdan çıxarılması rəsmi İrəvanın əsas məqsədinin Bakı ilə münasibətləri pozmamaq istəyi ilə bağlıdır:
“Biz bu vəziyyəti hazırda baş verən siyasi proseslər kontekstində qiymətləndiririk. Ermənistan dövlətlərarası məhkəmə işlərindən imtina edir, gələcəkdə də yeni iddialar qaldırmaq niyyətində deyil. Bundan əlavə, azərbaycanlı cinayətkarlarla bağlı beynəlxalq sanksiyaların tətbiqi məsələsini də qaldırmaqdan imtina edir. Hətta fərdi cinayət məsuliyyəti məsələsini belə gündəmə gətirmək istəmir”.
Hüquq müdafiəçisi sual edir: əgər 2007-ci il razılaşması mövcud idisə, niyə Ermənistan Baş Prokurorluğu Kamil Zeynalovu axtarışa verib?
Beynəlxalq hüquq üzrə ekspert Ara Kazaryan da bildirib ki, Ermənistan ictimaiyyəti də daxil olmaqla, heç kim 2007-ci ildə Ermənistanla Azərbaycan arasında razılaşdırılmış sənəddən xəbərsizdir:
“İctimaiyyət bu barədə məlumatlandırılmalı idi. Üstəlik, Avropa Məhkəməsində keçirilən proseslər zamanı Azərbaycan dəfələrlə bəyan etmişdi ki, sülh sazişi imzalanmayana və diplomatik əlaqələr qurulmayana qədər Ermənistanla heç bir hüquqi razılaşma ola bilməz”.
Kazaryan qeyd edib ki, DİN-in istinad etdiyi sənəd dərc olunmayıbsa, deməli, o, tətbiq oluna bilməz. Hüquqi qüvvəyə minməsi üçün o, əvvəlcə dərc olunmalıdır.
Onun sözlərinə görə, hətta belə bir razılaşma vaxtilə əldə edilsə belə, bu, müharibə cinayətlərinə şamil olunmamalıdır:
“Bu cür cinayəti törətmiş şəxslər yalnız iki dövlət belə istəyib deyə, cəzasız qala bilməz. Belə şəxsləri cəzadan azad edən heç bir sənəd ola bilməz. Bu, beynəlxalq xarakterli cinayətlərdir”.
Yaşlı erməninin başını kəsmiş azərbaycanlının axtarışı dayandırılıb