“Card-to-card” edən ticarət və iaşə obyektlərinə böyük cərimələr Azərbaycan iqtisadiyyatını kölgədən çıxaracaqmı?
Kartdan-karta ödənişə görə cərimələr
“İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti (DVX) Bakıda iaşə və pərakəndə ticarət fəaliyyəti ilə məşğul olan daha 467 vergi ödəyicisinə maliyyə sanksiyaları tətbiq edib…”
DVX bu ilin 29 oktyabr tarixindən etibarən az qala hər gün belə xəbərlər yayır. Pressklub.az-ın araşdırmasına görə, iki ay yarım ərzində 3000-ə qədər sahibkar maliyyə sanksiyasına məruz qalıb.
Xidmətdən bildirilir ki, həmin obyektlərdə istehlakçılara nağdsız ödənişlər üçün “kartdan-karta” köçürmələrin təklif edildiyi, bəzi hallarda isə POS-terminalların qeydiyyat ünvanı üzrə istifadə olunmadığı aşkarlanıb.
“Həmin sahibkarlıq subyektləri ilə bağlı protokollar tərtib olunub və maliyyə sanksiyalarının tətbiqi barədə qərarlar qəbul edilib”, – açıqlamada qeyd olunur.
- Bakı niyə Ermənistan və Azərbaycan sərhədində Aİ missiyasına qarşıdır? Şərh
- İrakli Kobaxidze Rumıniya, İspaniya və İtaliyanın Gürcüstana qarşı mövqeyinin “təzyiq altında” dəyişdiyini bildirib
- Çirkli diş fırçaları, vaxtı keçmiş dərmanlar – Ermənistandakı “Uşaq Evi”ndə aparılan yoxlama daha nələri üzə çıxarıb?
Oktyabrın 28-də isə DVX sahibkarlara müraciət ünvanlayaraq, xəbərdarlıq etmişdi ki, nağdsız vəsaitin qəbul edilməsi yalnız POS-terminal vasitəsilə həyata keçirilməli, bu zaman vətəndaşlara POS-terminalın qəbzi ilə yanaşı, nəzarət-kassa aparatının çeki də təqdim edilməlidir.
Müraciətdə həmçinin qeyd edilib ki, “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Qanuna uyğun olaraq POS-terminalların quraşdırılması, “Elektron ticarət haqqında” Qanuna əsasən isə istehlakçıların elektron ödəniş etmək imkanını təmin etmək vergi ödəyicilərinin birbaşa vəzifələrinə aiddir:
“Eyni zamanda, POS-terminal quraşdırılması məcburi olan obyektlərdə bu hallara nəzarət və nağdsız ödənişlərin qəbulundan imtina hallarının müəyyən edilməsi ilə bağlı operativ vergi nəzarəti tədbiri keçirmək vergi orqanının hüquqlarına aid edilib”.
Cərimələrin məbləğinə gəlincə, POS-terminal quraşdırılması məcburi olan obyektlərdə quraşdırılmamasına və POS-terminallar quraşdırılmış obyektlərdə nağdsız ödənişlərin qəbulundan imtina edilməsinə görə təqvim ili ərzində belə hallara 1-ci dəfə yol verildikdə 1000 manat, 2-ci dəfə yol verildikdə 3000 manat, üç və daha çox dəfə yol verildikdə isə 6000 manat maliyyə sanksiyaları tətbiq olunur.
Buradan bir sıra suallar ortaya çıxır:
- Kifayət qədər ağır maliyyə sanksiyalarına baxmayaraq, sahibkarlar nağdsız ödənişləri qəbul etməkdən niyə yayınmağa çalışır?
- Vergi orqanı kartdan-karta ödənişlərin aparılmasını necə müəyyən edir?
- Sahibkarlara tətbiq olunan maliyyə sanksiyaları adekvatdırmı?
Maliyyə sektoru üzrə ekspert, hüquqşünas Əkrəm Həsənov Pressklub.az-a şərhində deyib ki, sahibkarın vergi ödəyicisi kimi göstərdiyi xidmətin qarşılığında əldə etdiyi pul, onun fiziki şəxs kimi kartına oturur, problem də elə bundadır:
“Ola bilər, sahibkarın həm sahibkar kartı var, həm hamının istifadə etdiyi adi bank kartı. Vergi onu ittiham edir ki, pul məhz o adi bank kartına gəlir, yəni sahibkar kartına köçürmələrdə problem yoxdur, çünki dərhal vergisini tutur. Amma bəzi sahibkarlar malı, xidməti və s. satanda vətəndaşa deyir ki, pulu şəxsi kartıma göndər. Bu, mağazada da ola bilər, başqa yerdə də.
Aydın məsələdir ki, bu, vergidən yayınmadır. Vergidən yayınma həmişə olur, sadəcə əvvəllər bunu köçürmə ilə yox, daha çox nağd formada edirdilər. Vergi orqanının ruhu da incimirdi, o haradan bilərdi ki, kimsə gəldi, nağd ödəniş etdi və s.”
Nağdsız, amma POS-terminaldan kənar qəbul edilən ödənişləri isə müəyyən etməyin bir neçə yolu var. Ekspert bildirir ki, əvvəla vətəndaş ondan pulu şəxsi bank kartına atmağı tələb edən sahibkardan şikayət etmiş ola bilər.
“Hərçənd təcrübədə bunu edən yoxdur, heç kim bunda maraqlı deyil. Buna görə də vergi orqanı çox asan yol tapıb. Banklardan sahibkarların fiziki şəxs kimi bank hesabları haqqında məlumatları alır. Halbuki banklar vergi orqanına bu məlumatı verməməlidirlər, çünki bu, bank sirridir. Bank DVX-ə sahibkar hesabını verə bilər, adi fiziki şəxsi hesabını yox!
Vergi orqanı baxır ki, adi vətəndaşın bank hesabına müxtəlif yerlərdən tez-tez pullar gəlir, ehtimal edir ki, bu vəsaitlər bizneslə bağlıdır. Vergi orqanı bütün məbləği sahibkarlıq fəaliyyəti hesab edir və onun cəriməsini vergi ödəyicisinin belinə yükləyir”.
Hüquqşünas qeyd edir ki, bu halda sahibkarın savadı, bacarığı, cürəti çatsa, vəziyyətdən çıxa bilər:
“Deyə bilər ki, bu pullar sahibkar fəaliyyəti ilə bağlı deyil, tanışım, dostum verib, sən sübut et ki, bu vəsait sahibkarlıqdan gəlib. Vətəndaş şikayət etməyibsə, vergi orqanı bunu necə müəyyən edəcək? Ona görə də vergi orqanları sahibkarları qorxudur, tutur, cərimələyir”.
Ekspert deyir ki, kütləvi cərimələr artdıqca qeyri-rəsmi vergidən yayınmaq istəyənlər əvvəl olduğu kimi ödənişi nağd şəkildə qəbul edəcəklər, camaat da kartından pulu çıxarıb, nağd verəcək.
“Tutaq ki, heç bir sahibkar kartdan-karta pul qəbul etməyəcək, nağd sövdələşməyə keçəcək. O zaman vergi orqanı nə edə bilər? Əlbəttə, sahibkarlar vergidən yayınmamalıdırlar, bu düzgün deyil. Amma vergi orqanları da banklardan qanunsuz məlumat ala bilməz, banklar da belə məlumatı qanunsuz verməməlidir.
Bunlar bütünlüklə Azərbaycanda ciddi bir problemin olduğunun göstəricisidir. Çünki vətəndaşlar da bunu edir. Niyə? Ona görə ki, vergiyə vergi kimi baxmırlar. Normalda vicdanlı, qanunpərəst vətəndaş nə fikirləşər? Mən niyə sənin şəxsi kartına pul ödəməliyəm? Canın çıxsın, dövlətin vergisini ver. İnkişaf etmiş ölkələrdə vətəndaş bu cür fikirləşir, bizdə isə yox…”
Ekspert vurğulayır ki, bu vəziyyətin yaranmasına vergi yükü, nağdlaşma üçün vergi, komissiya haqqı və s. amillər təsir edir:
“Sahibkarlar xərclərinin çox olmasına görə bu yola əl atır. Məsələn, nağdlaşma üçün 1 faizlik vergi tutulması biabırçılıq və tam qanunsuzluqdur. Mən hətta bununla bağlı Vergi Xidmətini məhkəməyə vermişdim. Konstitusiya Məhkəməsi mənim şikayətim əsasında Milli Məclisə müraciət etdi ki, bu məsələyə baxın, amma heç baxan da olmadı”.
İqtisadçı Natiq Cəfərli isə Pressklub.az-a bildirib ki, hökumət büdcəni vergi hesabına doldurmaq üçün iqtisadiyyatı kölgədən çıxarmağa, “ağartmağa”, daha çox pul toplamağa çalışır:
“Pandemiya insanları kartla ödənişə öyrətdi. Baxın ticarət dövriyyəsindən gələn vergilərə… Həmin insanıq, həmin qədər yemək yeyir, paltar geyinirik. Amma 5-8 il bundan əvvəlki ticarət dövriyyəsinin həcmi ilə indikinin arasında ciddi fərq var. Ticarət dövriyyəsi artıb. Dövriyyə artdıqca ƏDV, vergi, büdcə daxilolmaları da artır. Nəyin hesabına? İnsanlar daha çoxmu istehlak edir? Xeyr…”
İqtisadçı ölkə iqtisadiyyatında böyümə dinamikasının aşağı olmasına diqqət çəkir:
“Bir-üç faiz böyümə, ümumiyyətlə, böyümə sayılmır. Deməli, nə baş verib? Leqallaşma. Daha çox kartla ödəyirik, nəticədə dövriyyə artır. Dövriyyə artanda vergi daxilolmaları da artır. Məsələn, “qeyri-neft sektorunun artımı olub” deyirlər, baxırsan ki, ticarətdir. Belə qeyri-neft sektoru olur?
Aldıqlarımız Azərbaycan istehsalı olsaydı, yenə dərd yarı idi. Hamısı ixrac mallarıdır. Biz beş manat ödəyəndə xarici maliyyələşdiririk, çünki həmin beş manat gedir xaricə. Sonra da hökumət üzvləri deyirlər ki, valyutaya tələbat niyə artır? Artmalıdır da, heç nə istehsal etmirik, hər şeyi xaricdən alırıq, tələbat da artacaq. Yəni, rəqəmlərdə mən problem görmürəm. Problem xərclərin şəffaflığında və istiqamətindədir”.
Natiq Cəfərli bu kontekstdə gələn ilin büdcəsinin 38.3 milyard manata çatmasının həm də ağartmanın hesabına olacağını düşünür:
“Bunlar ağartmanı iqtisadi uğur kimi təqdim edirlər. Halbuki bu, iqtisadi uğur deyil, vətəndaşın, biznesin çiyninə qoyulmuş əlavə yükdür. Mən demirəm hamı boz zonada işləsin. Ancaq boz zonadan ağ zonaya çıxmaq bir tək dəyənəklə, cəzalarla olmur. Bunun təşviq ayaqları da olmalıdır. Bizdə təşviq ayaqları yoxdur”.