Bakı yollarında yeni çəkilən avtobus zolaqları ictimai nəqliyyatın işini niyə rahatlaşdırmır?
Bakıda avtobus zolaqları
Son zamanlar paytaxt Bakıda ictimai nəqliyyatın hədsiz yükləndiyi müşahidə olunur. Media və sosial şəbəkələrdə tez-tez metro stansiyalarında dəhşətli izdihamları, avtobuslardakı bashabası, ictimai nəqliyyat dayanacaqlarında saatlarla gözləyən insan kütlələrini əks etdirən foto və videolar yayılır. Bir yandan da Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) ictimai nəqliyyatın fəaliyyətinin təkmilləşdirildiyi, marşrut avtobuslar üçün yolların çəkilməsi haqda açıqlamalar verir. Bəs, niyə ictimai nəqliyyatdan istifadə edən şəhər sakinlərinin həyatı rahatlaşmır?
- Ermənistanda 56% Azərbaycanla sülh müqaviləsinin bağlanmasını dəstəkləyir: IRI sorğusu
- “Gürcü arzusu” seçki kampaniyasında ərazi bütövlüyü mövzusundan necə istifadə edir?
- İntensiv yağışlar Bakı və regionlarda həyatı iflic edib
Respublikaçı Alternativ Partiyasının sədri, iqtisadçı Natiq Cəfərli hesab edir ki, marşrut avtobuslar üçün çəkilən yolların nəqliyyatdakı sıxlığı azaltmamasının bir neçə səbəbi var.
“Dünyanın müxtəlif ölkələrinin şəhərlərində ictimai nəqliyyat üçün xüsusi yollar nəzərdə tutulub, bu, normaldır, ictimai nəqliyyatın üstünlüyü olmalıdır”, – deyən Cəfərli Bakıda bu sistemin niyə normal işləmədiyinin səbəblərini sadalayır:
- Birincisi, Bakıda son zamanlar məntiqsiz olaraq çəkilmiş “avtobus yollarının” sayı artıb. Nədən məntiqsiz? Deyim: ictimai nəqliyyat üçün yollar kəsintisiz olanda effekt verir, avtobusların tixacda ilişməsinin qarşısı alınır. Bakıda isə kəsintisiz avtobus yolu, demək olar ki, yoxdur. İctimai nəqliyyat üçün olan yol tez-tez qırılır, həmin hissələrdə avtomobillər məcburən bütün yola dolur. Nəticədə 500-800 metr öz yolu ilə gələn avtobus yenə tıxacda ilişir, həmin yolların heç bir effekti olmur.
- İkincisi, ictimai nəqliyyatın özü bərbaddır. Avtobuslar, metro basabasdır, sıxlıq çoxdur, intervallar yüksəkdir, insanları təşviq edən yanaşma yoxdur. Məsələn,1 saatlıq, 1 günlük, 1 aylıq, 1 illik biletlərə keçid baş vermir, gediş haqqı birdəfəlik miniklə hesablanır. Halbuki, günlük, haftəlik, aylıq, illik biletlərə keçid baş versə, gün ərzində 5-6 dəfə ictimai nəqliyyatdan istifadə edənlər uzunmüddətli və ən əsası, daha ucuz biletlər ala bilərlər ki, nəqliyyatdan istifadə daha sərfəli olsun. Yəni, birdəfəlik gediş haqqı 50 qəpikdirsə, 1 günlük alanda bir gediş 45 qəpiyə, 1 həftəlik alanda 40 qəpiyə, 1 aylıq alanda 30 qəpiyə, 1 illik alanda 20 qəpiyə düşməlidir və eyni bilet həm metro, həm avtobuslar üçün keçərli olmalıdır.
- Üçüncüsü, ictimai nəqliyyat üçün məntiqsiz çəkilən xəttlər yol kənarında kiçik-orta sahibkarları bankrot səviyyəsinə çatdırıb. Onların alveri 60-70% düşüb. Son günlərdə, bəlkə də, 40-45 mağaza sahibindən, kiçik sahibkarlardan bu məsələ ilə bağlı müraciətlər almışam. Yaxşı, bu haqda düşünən olubmu? Kiçik-orta sahibkarlıq zatən can üstündədir, itib-batır, büdcədə, iqtisadiyyatda rol oynaya bilmirlər. Başqa səbəblərə görə zatən ağır durumda olan kiçik biznes, avtobus yollarına görə də ziddi ziyanla üzləşib.
- Dördüncüsü, cərimələr – ictimai nəqliyyatın yoluna çıxmaq 100 manat cərimədir. Əgər xətlər məntiqli çəkilsəydi, mən razı, amma elə küçələr, yollar var ki, bəzən məcburiyyətdən xətti azacıq tapdalayırsan və dərhal 100 manat cərimə gəlir. Cərimənin məntiqi vərdişlərin tərbiyyəsidir, camaatın cibinə girmək deyil. Cərimə hətta 30 manat da olsa, 95% sürücülər üçün ağır yükdür. 100 manat elədilər ki, guya, harınlamış varlı (məmur) təbəqəsinə, onların uşaqlarına da təsir etsin. Amma demək olar ki, hər gün dövlət-hökumət orqanlarına aid nömrə nişanlı maşınların avtobus zolaqları ilə sürdüyünü görürük. Onlar ya necəsə cərimələri sildirirlər, ya da 100 manat veclərinə deyil. Yaxşı, 5%-lik kəsimə görə 100 manat etmisinizsə və onların vecinə deyilsə, sürücülərin 95%-nin nə günahı var?!
Natiq Cəfərli sonda yollarda yeni yaranmış və anlamını çoxlarının bilmədiyi “COP29” yazısına da toxunub.
“Bir sual da var – bəzi zolaqlara COP-29 yazıblar, bunun anlamı nədir, o zolağa girəndə cərimə varmı, varsa, nə qədərdir?! COP-29 dərdi bitəndən sonra o zolaqların aqibəti necə olacaq?!”, – deyə istisadçı sual edir.