“Rusiya sərhədçilərinin hava limanını tərk etməsi Ermənistanın suverenliyini möhkəmləndirir” - Yerevandan şərh
Rusiya sərhədçiləri Zvartnots aeroportunu tərk ediblər
Avqustun 1-dən etibarən Rusiya sərhədçiləri artıq Zvartnots hava limanında yerləşmir və Ermənistanın hava sərhədində 32 illik nəzarət müddəti başa çatıb. Rusiya Federal Təhlükəsizlik Xidmətinin (FTX) nümayəndələri sərhəd təhlükəsizliyi funksiyalarını Ermənistan tərəfinə təhvil verib. Yerevan hava limanında xidmət edən rusiyalı sərhədçilərin dəqiq sayı açıqlanmır. Bu yaxınlarda ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi Ceyms O’Brayen bir neçə min rusiyalı hərbçinin Ermənistanı tərk etdiyini açıqlayıb.
Əksər erməni ekspertlər bu addımı müsbət qiymətləndirərək, ölkənin suverenliyinin möhkəmləndirilməsi istiqamətində mühüm addım hesab edirlər. Bununla belə, onlar Rusiya sərhədçilərinin çıxarılması ilə bağlı bir neçə sualı, o cümlədən onların Ermənistanı tamamilə tərk edib-etməyəcəyini və Ermənistan sərhədini keçənlərin məlumat bazasına çıxışlarını saxlayıb-saxlamayacaqlarını fəal şəkildə müzakirə edirlər.
Rusiya sərhədçiləri 1992-ci ildən Zvartnots hava limanında yerləşdirilib. Həmin il sentyabrın 30-da Yerevan və Moskva Rusiya sərhəd qoşunlarının Ermənistan ərazisindəki statusu və onların fəaliyyət şəraiti haqqında saziş imzalayıblar. Bu müqavilə Rusiya sərhəd qoşunlarına Türkiyə və İranla dövlət sərhədlərinə də nəzarət etmək imkanı verdi.
2020-ci ildə 44 günlük müharibədən sonra Ermənistan hakimiyyətinin tələbi ilə Rusiya sərhədçiləri Tavuş, Sünik, Vayots Dzor, Geqarkunik və Ararat bölgələrinə yerləşdirilib. Lakin 2024-cü il mayın 8-də Paşinyanla Putin arasında keçirilən görüşdən sonra Rusiya sərhədçilərinin bu bölgələri tərk edəcəyi, lakin Ermənistan-Türkiyə və Ermənistan-İran sərhədlərində xidmətini davam etdirəcəyi açıqlanıb.
- Bu il Ermənistanla sülh müqaviləsi imzalanacaqmı? Bakıdan şərh
- “Yaxın aylarda küçələri tərk etməyəcəyik” – Ermənistandakı etiraz hərəkatının lideri
- Ermənistanla sərhəddə atəşkəs niyə pozulur? Bakıdan baxış
“Məsələ siyasi deyil, praktik xarakter daşıyır”
2024-cü ilin martında Ermənistan hakimiyyəti FTX sərhədçilərinin Zvartnots hava limanında xidmətinin dayandırılması ilə bağlı Rusiyaya rəsmi məktub göndərib. Bu barədə Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan məlumat verib. Martın 12-də baş nazir Nikol Paşinyan məsələ ilə bağlı çıxış edib:
“Məsələ siyasi və ya geosiyasi deyil, praktik xarakter daşıyır”.
Baş nazir Ermənistanın sərhəd xidmətinin sərhəd nəzarətini müstəqil həyata keçirmək üçün “kifayət qədər təcrübə və bacarıqlara” malik olduğunu iddia edib.
Bu bəyanatlardan sonra Ermənistan Milli Təhlükəsizlik Xidməti (MTX) sərhəd qoşunları üçün əlavə heyətə ehtiyac olduğunu açıqlayıb. Bu yaxınlarda MTX Rusiya sərhədçilərinin geri çəkilməsi ilə yanaşı, “əlavə qüvvələrin cəlb edilməsi üçün lazımi tədbirlər gördüyünü” bəyan edib.
Hava limanında dövlət sərhədinin mühafizəsi Ermənistan tərəfinə keçib
İyulun 31-də səlahiyyətlərin təhvil verilməsi haqqında protokolu Ermənistan MTX Sərhəd Qoşunlarının komandanı Edqar Unanyan və Rusiya FTX-nin Ermənistandakı Sərhəd İdarəsinin rəisi Roman Qolubitski imzalayıblar.
Protokolda deyilir: “Ermənistan tərəfi Zvartnots hava keçid məntəqəsində sərhəd nəzarətinin təmin edilməsində uzunmüddətli birgə xidmətinə görə Rusiya tərəfinə təşəkkür edir və qeyd edir ki, onun Rusiya tərəfinə qarşı heç bir şikayəti yoxdur”.
Hava limanında rəsmi yolasalma mərasimi də keçirilib. Rusiya səfirliyinin müşaviri Maksim Seleznev bildirib ki, rus sərhədçiləri “keçid məntəqəsinin davamlı yüksək səviyyədə fəaliyyəti üçün möhkəm zəmin yaradan əvəzsiz təcrübə, bilik və bacarıqları bölüşüblər”.
“Sizin çox da görünməyən, lakin vacib işiniz həm Ermənistanın, həm də Rusiyanın təhlükəsizliyinə əhəmiyyətli töhfə verib. Əminliklə demək olar ki, sizin sayənizdə sərhəd təhlükəsiz olub”.
Ermənistan Sərhəd Qoşunlarının komandanı Edqar Unanyan əmin edib ki, “Rusiya sərhədçiləri ilə 32 illik birgə xidmətdə əldə edilən təcrübə və biliklər bundan sonra da Vətənimizə xidmətdə tətbiq olunacaq”.
Şərhlər
“Məlumatlı Vətəndaşlar İttifaqı” QHT-nin proqram koordinatoru Daniel İoannisyan hesab edir ki, hava limanını tərk edən rusların hələ də bütün məlumatlara çıxışı var:
“Onların sərhəd elektron informasiya sisteminə çıxışı var ki, bu da onlara hazırda Meğri keçid məntəqəsindən keçən şəxsin deyil, istənilən vətəndaşın hərəkətini görmək imkanı verir. Onlar biləcəklər ki, kimsə Ermənistana nə vaxt daxil olub, nə vaxt çıxıb, kiminlə girib, hansı nəqliyyatdan istifadə edib və s.”
İoannisyan iddia edir ki, Rusiya sərhədçilərinin Ermənistanda yerləşdirilməsi haqqında saziş “ratifikasiya olunmuş beynəlxalq müqavilə deyil” deyə, Rusiya tərəfi bu məlumatlara qanunsuz olaraq sahibdir.
Rusiya sərhədçilərinin hava limanından çıxarılması Ermənistanın suverenliyinin möhkəmləndirilməsində mühüm addımdır, politoloq Areq Koçinyan deyir:
“Əvvəllər Ermənistanın əsas keçid məntəqəsi olan “Zvartnots” hava limanında müştərək xidmət olub və Rusiya tərəfinin Ermənistandakı hərəkətlər haqqında məlumat bazasına çıxışı olub. Bu, Ermənistanın suveren dövlətçiliyinin formalaşması və Qərb tərəfdaşları ilə münasibətlərin dərinləşməsi baxımından problemli idi”.
Koçinyan əmindir ki, “Zvartnots”u tərk edən rus sərhədçiləri artıq vətəndaşların hərəkəti haqqında məlumat bazasına daxil ola bilməyəcəklər:
“Zvartnots hava limanında xidmət edən zabitlərin bu proqrama çıxışı var idi. İran sərhədində xidmətini davam etdirəcək zabitlərin çıxışı məhdud olacaq. Amma Rusiya tərəfinin proqram təminatına çıxışı olduğunu söyləmək düzgün deyil. Bu, belə deyil”.
Rusiya sərhədçilərinin Ermənistan ərazisini tərk edib-etməməsinə gəlincə, Koçinyan onların Ukrayna cəbhəsinə yerləşdirilməsini ehtimal edir:
“Hazırda Rusiya həqiqətən də bu kadrları başqa yerə köçürməli və başqa yerdə istifadə etməlidir. Mən Ukraynanı nəzərdə tuturam”.
Politoloqun fikrincə, Ermənistanda başlayan prosesin növbəti addımı Rusiya sərhədçilərinin Ermənistan-İran sərhədindən çıxarılması olmalıdır.