Ermənistanın yeni liderinin hakimiyyətdə 100 günü — Nikol Paşinyan hesabatı meydanda verib
Ermənistan iqtisadi inqilablar dövrünə keçir, Ermənistanın baş naziri Nikol Paşinyan avqustun 17-də Yerevanın mərkəzi meydanında minlərlə insan qarşısında deyib. Onun sözləri kütlə tərəfindən razılıqla qarşılanıb.
Baş nazir olduğu 100-cü gündə Ermənistanda yaz “məxməri inqilabı”nın lideri görülən işlə bağlı hesabatını vermək üçün Yerevanın mərkəzində Respublika Meydanında on minlərlə tərəfdarını toplayıb.
Detalları veririk.
• 2018-ci ilin aprel ayında Ermənistanda “məxməri inqilab” necə və niyə baş verib
İqtisadi inqilab
Əsas mövzulardan biri də iqtisadiyyat idi.
Ermənistanın indiki göstəricilərini Paşinyan müsbət qiymətləndirib, amma deyib ki, yeni iqtisadi model yaratmağa hazırlaşır.
“Mövcud iqtisadi model bizim üçün faydasızdır. Biz [onu] dəyişmək istəyirik …, çünki … köhnə modeldə … vətəndaşlar iqtisadi artımı hiss etmir. Keçmiş modeli biz inklüziv sistemlə əvəz edəcəyik — bu, o deməkdir ki, vətəndaşlar sahibkarlıqla məşğul olmaq üçün bərabər imkanlar alacaqlar və hamı qanun və vergi orqanları qarşısında bərabər olacaq”.
Eksperlər bundan əvvəl qeyd edib ki, inqilab və hakimiyyətin dəyişməsi səbəbindən iqtisadi göstəricilər enə bilər. Bununla belə, Paşinyan biznes fəallığın templəri ilə bağlı son hesabatları təqdim edərək bildirb ki, iqtisadiyyat böyük templə inkişaf edir.
“Artıq inqilabdan sonra birinci ay olan 2018-ci ilin iyun ayında iqtisadi fəallığın 9,6 faizlik artımı qeydə alınıb. Ermənistanın banklarında yatırımlar 11 milyard dram və ya təxminən 20 milyon dollar artıb. Bu həm fiziki, həm də hüquqi şəxslərin yatırımlarıdır, bu da ondan xəbər verir ki, Ermənistan vətəndaşları və diaspora nümayəndələrinin gələcək iqtisadi artıma əminliyi var”.
Ermənistanda artıq korrupsiya yoxdur
Paşinyan həm də böyük korrupsiya ifşalarını şərh edərək bildirib ki, Ermənistanda artıq korrupsiya yoxdur.
“Amma bu, o demək deyil ki, Ermənistanda rüşvət alan bir nəfər də məmur yoxdur. Bu ancaq o deməkdir ki, Ermənistan hökumətində yüksəkvəzifəli məmurlar arasında rüşvətxor şəxslər yoxdur və olmayacaq. Buna şəxsən özüm zəmanət verirəm”.
“2 mart 2008-ci ilin işi”
Baş nazir növbəti prezident seçkilərindən sonra mitinq dağıdılan zaman 10 nəfərin həlak olduğu “1 mart 2008-ci ilin işi”ni xüsusilə qeyd etdi.
Bu iş tamamilə açılıb, — Nikol Paşinyan deyib.
“Bir daha təkrar edirəm və bunu tam məsuliyyəti ilə deyirəm: cinayətkarlardan hər hansı biri və ya onların başçılarının məsuliyyətdən qaça bilməsi variantı yoxdur. Belə bir variant yoxdur”.
Ölkədə börokratiyanın azaldılması
Ermənistanın baş naziri nazirliklərin sayının azaldılacağını anons edib, bu da dövlət idarəçiliyi sistemini yüksəltməyə kömək edəcək.
“Hesab edirik ki, Ermənistanda 17 nazirlik olmamalıdır, onların, həm də digər dövlət qurumlarının sayı hiss olunan dərəcədə azaldılmalıdır”.
Miqrasiyanın öhdəsindən gəlmək
Bütün bu tədbirlər Paşinyanın fikrincə, Ermənistanda miqrasiya ilə bağlı vəziyyəti dəyişə bilər. Baş nazir bildirib ki, artıq bu günkü göstəricilər ümidləndirir.
“Hakimiyyət dəyişəndən sonra Ermənistana gələnlərin sayı ölkədən gedənlərdən çoxdur. Rəsmi məlumatlara görə, 2018-ci il mayın 10-dan avqustun 14-nə qədər Ermənistana gələnlərin sayı gedənlərdən 29,986 nəfər çox olub. Ötən ilin həmin dövründə Ermənistandan gedənlərin sayı gələnlərdən 6 min çox idi.
Bu göstəricilərin emiqrasiyanın öhdəsindən gəlməyin birinci və ən vacib mərhələsi hesab etmək olar”.
Qarabağ
Ermənistanın baş naziri ənənəvi olaraq Qarabağ münaqişəsi mövzusunu da unutmayıb.
O vurğulayıb ki, Ermənistan müharibə istəmir, amma təcavüzə cavab verməyə hazırdır.
“Mən demişəm ki, Ermənistanın adından Qarabağ məsələsi üzrə danışıqlar aparmağa hazıram, amma Artsaxın adından Artsax rəhbərliyi danışmalıdır. Biz həqiqətən də müharibə istəmirik, biz həqiqətən də sülh danışıqlarına, sülh yolu ilə nizamlamaya hazırıq”.
Eyni zamanda Paşinyan vəd edib ki, Qarabağ üzrə razılaşma Ermənistan xalqının iştirakı və qərarı olmadan əldə edilməyəcək.
“Ətrafında həqiqətən də müzakirə aparılması mümkün olan variant görən kimi, gəlib, burada duracam, bütün təfərrüatları ilə onu təqdim edəcəm – siz də qərar verəcəksiz, bu yolu gedirik ya yox”.
Ermənistan və Rusiya — hər şey olduğu kimi qalacaq
Nikol Paşinyan Ermənistanla Rusiya arasında münasibətlər barədə çoxlu danışıb. Və xarici siyasi reverslərin olmayacağını əminliklə deyib.
“Bu dövr ərzində mən Rusiya prezidenti Vladimir Putinlə iki dəfə görüşmüşəm və üç dəfə zəngləşmişəm. Birmənalı şəkildə deyə bilərəm ki, Ermənistan-Rusiya münasibətləri yaxşıdır və Ermənistanın Respublika Partiyasının və onun satellitlərinin dediklərinə rəğmən, onlar yaxşılaşacaq.
Üç ay əvvəl münasibətlərin yeni səviyyəyə qalxacağına söz vermişəm. Demək istəyirəm ki, müvafiq proseslərdən sonra müstəqil Ermənistan tarixində və Sovet İttifaqı dağılandan sonra misilsiz olan Ermənistan-Rusiya humanitar layihəsi haqqında hər şeyi biləcəksiz”.