Azərbaycanda “Fransa casusları” qalmaqalı
Fransa casusları Azərbaycanda
Azərbaycanda “Fransa casusları” ilə bağlı qalmaqal geniş vüsət alır. Ötən ilin sonunda iqtidaryönlü mediada Fransaya casusluqla məşğul olan bir qrup şəxsin Bakıda saxlanılması xəbəri yayılıb. Dünən yenə də iqtidaryönlü media erməni əsilli fransız jurnalistə istinadən həbs olunanlardan birinin kimliyi haqda yazıb. Amma bu məsələ ilə bağlı bu günə qədər rəsmi açıqlama verilməmişdi. Bu gün isə Azərbaycanın Fransadakı səfiri Leyla Abdullayeva hadisə ilə bağlı danışıb.
- Azərbaycanda “doğum evi”nin yanması nəticəsində 4 körpə həlak olub
- “Qaydalara əsaslanan dünya nizamı qısamüddətli maraqların təmin olunmasına doğru dəyişir”. Bakıdan baxış
- 2023-cü ildə JAMnews-da Azərbaycandan hazırlanmış məqalələrin onluğu
İqtidaryönlü medianın yazdığına görə, 2023-cü ilin dekabrında Bakıda həbs olunan “fransız casusları”ndan biri “Merkorama” özəl şirkətinin rəhbərlərindən biri Martin Rayandır.
Maraqlıdır ki, iqtidaryönlü mətbuat bu məlumatın mənbəyi kimi erməni əsilli fransız jurnalist Leo Nikolianın X sosial şəbəkəsindəki paylaşımını göstərir.
O qeyd edib ki, “Merkorama” MMC-nin baş direktoru Martin Rayan dekabrın 4-də casusluq ittihamı ilə Bakıda həbs edilib. Onun daha sonra Bakıdan qovulan iki fransız xarici kəşfiyyat agenti tərəfindən fəaliyyətə cəlb olunduğu deyilir.
“Qeyd edək ki, daha əvvəl qərb mətbuatında yayılmış məlumatlara əsasən, Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin 2023-cü il dekabr ayının əvvəlində həyata keçirdiyi araşdırmalar və həbslər nəticəsində Ukrayna, Moldova, Gürcüstan, Azərbaycan, Şərqi Avropa, Yaxın Şərq və Mərkəzi Asiyanın bir sıra ölkələrində müxtəlif əməliyyatlara cəlb edilmiş Fransa xüsusi xidmət orqanlarının geniş agentura şəbəkəsi Azərbaycanda ifşa olunub.
Qısa müddət ərzində bir qismi həmin vaxt və ya əvvəllər Azərbaycanda xidmət etmiş, bəziləri müxtəlif ölkələrdə və nüfuzlu beynəlxalq təşkilatlarda örtülü işi davam etdirən onlarla Fransa xəfiyyəsi aşkarlanıb”, – hakimiyətyönlü Report agentliyinin məlumatında deyilir.
“Turan” informasiya agentliyinin məlumatına görə, “Merkorama” şirkəti 2020-ci ilin oktyabrından Bakıda yerləşir, qida məhsulları və xammal idxalı üzrə ixtisaslaşıb. Sosial şəbəkələrdəki məlumatlara görə, bu şirkətdə 10 nəfərdən çox adam olmayıb, əsasən Azərbaycan vətəndaşlarıdır.
Şirkət həmçinin xarici şirkətlərin ixrac və Azərbaycanda müəssisələrin yaradılması məsələləri üzrə konsaltinqi, eləcə də İT, mühasibatlıq, hüquqi məsələlər və tərcümə sahəsində xidmətlərin göstərilməsilə məşğul olub.
Martin Rayana gəlincə, onun haqqında çox az şey məlumdur. 2021-ci ildə Fransanın Caucasefrance.com nəşrinə müsahibəsində prezident Makron hökumətinin Azərbaycanla bağlı siyasətini tənqid edib.
O deyib ki, Bakı və Parisin münasibətlərindəki diplomatik böhran Fransa şirkətlərini Qarabağda azad edilmiş ərazilərdə böyük layihələrdə iştirak imkanından məhrum edib. O qeyd edib ki, prezident Makron öz sələflərindən fərqli olaraq, 2017-ci ildə hakimiyyətə gələndən bəri Azərbaycana bir dəfə də olsun səfər etməyib.
“Bizdən fərqli olaraq, münaqişə zamanı Azərbaycana təmkinli dəstək göstərən ölkələr artıq yaxşı mövqelər tuturlar və hər gün ölkədə öz iştirakını daha da möhkəmləndirirlər”, – Rayan deyib.
“O, Paşinyan hökumətini Bakı ilə birbaşa dialoqa başlamağa və sülh müqaviləsini imzalamağa, Azərbaycanın ərazi bütövlüyünü tanımağa, Ermənistanın investorları və aparıcı ticarət tərəfdaşları olacaq Azərbaycan və Türkiyə ilə sərhədləri açmağa çağırıb. Rayan qeyd edib ki, bütün bunlar Ermənistanın regional təcrid problemini həll etməyə imkan verəcək və onu xarici diaspordan asılılıqdan azad edəcək”, – deyə “Turan” yazır.
Azərbaycan Dövlət Təhlükəsizliyi Xidməti məsələ ilə bağlı heç bir açıqlama verməyib. Fransanın Bakıdakı səfirliyi də öz vətəndaşlarına qarşı casusluq ittihamlarından sonra heç bir bəyanat verməyib.
Amma bu gün Azərbaycanın Fransadakı səfiri Leyla Abdullayeva hadisə ilə bağlı danışıb.
“2023-cü ilin dekabrında Bakıda saxlanılaraq casusluqda ittiham olunan Fransa vətəndaşı məhkəmənin qərarı ilə 4 ay müddətinə həbs edilib”, – deyə o, AFP-yə müsahibəsində bildirib.
Onun sözlərinə görə, bu barədə Fransanın Bakıdakı səfirliyinə məlumat verilib və məhkəmənin qərarı ilə onun 4 ay müddətinə həbsdə saxlanılacağı bildirilib.
AFP-nin məlumatına görə, Rayanın atası Riçard ailənin onunla telefonla danışmaq imkanının olduğunu qeyd edib.
“Biz onunla dörd dəfə danışdıq, hər dəfə iki dəqiqə. Deyir ki, onunla yaxşı rəftar olunur və vəkili ilə ünsiyyət qura bilir”, – o deyib.