“Bakıya başqa seçim qoymurlar” – Bakıdan şərh
Paşinyanın iddialarına Bakının reaksiyası
Azərbaycan Xarici İşlər Nazirliyi Ermənistanın baş naziri Nikol Paşinyanın martın 14-də keçirdiyi mətbuat konfransında səsləndirdiyi bəyanatlara münasibət bildirib. XİN mətbuat xidmətinin rəhbəri Ayxan Hacızadənin sözlərinə görə, Paşinyanın ritorikası Ermənistan üçün “yaxşı heç nə” vəd etmir. “Xankəndidən gələn siqnallar göstərir ki, Bakının başqa çıxış yolu qalmayıb”, – deyə siyasi şərhçi Hacı Namazov bildirib.
- Hikmət Hacıyev: “Qarabağ məsələsi beynəlxalq gündəmdən çıxıb”
- Avropa strukturları Azərbaycan hakimiyyətini “Siyasi partiyalar haqqında” qanuna dəyişiklik etməyə çağırıb
- Azərbaycanda Kürün dayazlaşması görünməmiş həddə çatıb. Ekoloqlar həyəcan təbili çalır
Bunu Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) mətbuat katibi Ayxan Hacızadə Ermənistanın baş naziri Nikol Paşinyanın mətbuat konfransı zamanı açıqladığı bəyanları şərh edərkən qeyd edib ki, “Azərbaycana qarşı tamamilə əsassız və tarixi faktları kobudcasına təhrif edən iddialar bölgədə sülhün bərqərar edilməsi prosesinə növbəti zərbədir”.
“Baş nazir Paşinyanın bugünədək müxtəlif beynəlxalq platformalarda verdiyi vədlərdən və üzərinə götürdüyü öhdəliklərdən boyun qaçıraraq həyata keçirdiyi anti-Azərbaycan kampaniyası, o cümlədən sülh sazişi üzrə danışıqları və beynəlxalq vasitəçilərin səylərini heçə endirən ritorikası Ermənistan üçün heç bir xeyirli gələcək vəd etmir.
Ermənistan baş nazirinin azərbaycanlıların indiki Ermənistan ərazisindəki torpaqlarından zor gücünə qovulması faktını inkar etməsi, Ermənistanın sistemli və məqsədyönlü şəkildə onilliklər ərzində həyata keçirdiyi etnik təmizləmə siyasətinə bəraət qazandırması niyyətindən xəbər verir”, -Hacızadə bildirib.
Onun sözlərinə görə, “Ermənistan ərazisində yaşayan dinc azərbaycanlıların fiziki məhvi, onlara qarşı qanlı qırğınlar törədilməsi, hədə-qorxu vasitəsilə əhalinin zorla köçürülməsi tarixi bir faktdır”:
“Ermənistan tərəfinin təxribatçı iddialarına baxmayaraq, indiki Ermənistan ərazisində azərbaycanlı əhaliyə qarşı zorakılığın və deportasiyanın miqyasına dair tam təsəvvürə malik olmaq üçün baş nazirin bölgədə azərbaycanlı və erməni əhalinin nisbətində hansı dəyişikliklər baş verdiyi ilə tanış olması kifayətdir. Yaxşı məlumdur ki, vaxtilə Ermənistanın indiki ərazisində faiz nisbətində say çoxluğuna malik olan azərbaycanlılardan heç bir əsər-əlamət qoyulmayıb, bu fəaliyyət mütəşəkkil və məqsədyönlü siyasətin tərkib hissəsi olub.
Ermənistan rəhbərliyinin azərbaycanlıların təhlükəsiz və ləyaqətli şəkildə öz doğma torpaqlarına geri qayıtması hüququnu təkzib etməsi, yüz minlərlə azərbaycanlının daxil olduğu Qərbi Azərbaycan İcmasının Ermənistan rəhbərliyini bu istiqamətdə dialoqa çağırışına qarşı çıxması, bu hüquqların tələbinin “ərazi iddiası” kimi təqdim edilməsi Ermənistanın “insan hüquqları”na heç bir dəyər verməyən və “etnik təmizləmə əsasında monoetnik dövlət titulu”nu qorumaq üzrə məkrli siyasətinin bir göstəricisidir”.
XİN mətbuat xidmətinin rəhbəri vurğulayıb ki, Ermənistan baş nazirinin növbəti dəfə erməni sakinlərlə dialoq məsələsinə müdaxilə etməyə çalışması, Azərbaycanın Qarabağ bölgəsi üzərində beynəlxalq səviyyədə tanınmış suverenliyinə və ərazi bütövlüyünə qarşı təxribat dolu bəyanatlar səsləndirməsi, “Qarabağın xalqı və hökuməti” kimi ifadələr işlətməsi qəbuledilməzdir:
“Erməni əsilli sakinlərin reinteqrasiyası üzrə müzakirənin Azərbaycanın daxili işi olduğu və kənar dövlətlərin bu məsələdə heç bir rolunun olmadığı barədə mövqeyimizə Ermənistanın məhəl qoymaması, onun “xalqların öz müqəddəratlarını təyin etməsi” prinsipi pərdəsi altında 90-cı illərin əvvəllərində ölkəmizə qarşı başlatdığı təcavüz siyasətindən əl çəkmədiyindən xəbər verir.
Ermənistan baş naziri anlamalıdır ki, Qarabağ bölgəsinin erməni sakinlərinin hüquqları bölgənin azərbaycanlı əhalisinin hüquqlarından heç zaman üstün ola bilməz və Azərbaycan ərazisində yaşayan müxtəlif etnik xalqlara münasibətdə yalnız bərabər yanaşma tətbiq edir və edəcək.
İndiyə qədər heç bir razılaşmaya və öhdəliyinə riayət etməyən Ermənistanın Azərbaycanı xəyali razılıqları inkar etməkdə təqsirləndirməsi, Azərbaycanın sərhədyanı bölgələrdə vəziyyəti gərginləşdirəcəyini iddia etməsi yalnız və yalnız Ermənistanın öz mümkün hərbi təxribatlarını ört-basdır etməyə yönəlmiş bir addımdır.
Sülh sazişinin mətnində Azərbaycana qarşı ərazi iddialarını istisna edən müddəalara hər vəchlə qarşı çıxması, gələcək pozuntulara saziş mətni hazırlanan müddətdə belə rəvac yaratması, bu qeyri-konstruktiv yanaşmaları gizlətməklə “beynəlxalq mexanizmlər”, “beynəlxalq zəmanət institutu” kimi ideyalarla çıxış etməsi Ermənistanın sülh sazişində maraqlı olmadığının göstəricisidir.
Bununla yanaşı, sonuncu dəfə ötən ilin dekabr ayında sülh sazişi üzrə danışıqlardan imtina edən Ermənistan tərəfinin Avropa İttifaqının vasitəçilik səylərinə müxtəlif bəhanələrlə qarşı çıxması, onun 30 ilə yaxın müddətdə işğal dövründə danışıqlara maneələr yaradılması təcrübəsindən əl çəkmədiyini nümayiş etdirir.
Ermənistan baş nazirinin yalnız Ermənistanın təkliflərinin qeyd olunduğu və Azərbaycanın təkliflərinin nəzərə alınmadığı layihəni imzalanma üçün hazır olduğunu brifinq zamanı bəyan etməsi isə onun sülh prosesinə laqeyd yanaşmasının növbəti sübutudur və hesab edirik ki, Ermənistanın bu destruktiv fəaliyyətləri beynəlxalq ictimaiyyət tərəfindən qınanmalı və onların qarşısı alınmalıdır”, – deyə Hacızadə əlavə edib.
Ekspert rəyi
Ermənistanın baş naziri Nikol Paşinyanın martın 14-də keçirdiyi mətbuat konfransında dediklərini siyasi icmalçı Hacı Namazov JAMnews-a şərh edib.
Onun sözlərinə görə, “Ermənistanın hökumət başçısının bəyanatlarının əksəriyyəti daxili ictimaiyyətə yönəlib”:
“Azərbaycan Paşinyanın bəyanatlarından uzaq gedən nəticələr çıxarmamalıdır. Aydındır ki, onun fikirlərinin əksəriyyəti, belə demək mümkünsə, daxili istehlakçılar üçündür.
Məsələn, götürək Ermənistanın baş nazirinin Qarabağa müşahidəçilərin göndərilməsi ilə bağlı beynəlxalq təşkilatlara növbəti müraciətini. Paşinyan axmaq adam deyil və o, yaxşı bilir ki, bu, nəinki real deyil, hətta nəzəri cəhətdən də mümkün deyil. Fakt budur ki, Qarabağ Azərbaycanın suveren ərazisidir və bütün dünya onu belə tanıyır. O cümlədən də Ermənistan, çünki Paşinyan özü Azərbaycanın ərazi bütövlüyünü tanıdığını bəyan edib.
Təbii ki, bir variant var ki, Azərbaycanın razılığı olmadan beynəlxalq qüvvələr Qarabağa daxil ola bilər. Bu, o halda mümkündür ki, BMT Təhlükəsizlik Şurası belə bir qərar qəbul etsin. Amma orada Rusiyanın veto hüququ var və Rusiya qoşunları Qarabağdadır. Odur ki, bu variantı unutmaq olar”.
Namazov Paşinyanın da işarə etdiyi Qarabağda və Azərbaycan-Ermənistan sərhədində gərginliyin artması ehtimalı ilə bağlı fikirlərini də bölüşüb:
“Yaxın gələcəkdə mümkün eskalasiyadan danışan Nikol Paşinyan, sanki hadisələri qabaqlamağa və sığortalanmağa çalışdı.
İki ölkə arasında hələ də müəyyən edilməmiş sərhəddə gərginliyin yaranması ehtimalı azdır. Azərbaycan orada dominant yüksəklikləri ötən ilin sentyabrında ələ keçirib və avropalı müşahidəçilərin də “təpənin o tayında” olduğunu unutmur.
Amma Qarabağda geniş antiterror əməliyyatının keçiriləcəyi ehtimalı böyükdür. Bu kiçik regionda baş verən son hadisələri təhlil etsək, bunun əksini iddia etmək özümüzü aldatmaq deməkdir.
Azərbaycan tanınmamış rejim tərəfindən Laçın dəhlizinə alternativ yoldan istifadəni, döyüş sursatlarının daşınmasını əyani şəkildə sübut etdi. Sülhməramlı kontingent buna heç bir reaksiya verməyib, Ermənistan ittihamları rədd edir.
Təbii ki, Qarabağ ermənilərinin nümayəndələri ilə danışıqların uğurlu nəticəsinə ümid var, lakin Xankəndidən gələn siqnallar Bakının başqa çıxış yolunun qalmadığını göstərir”.