ABŞ Azərbaycan və Ermənistandan nə əldə etmək istəyir? - Bakıdan şərh
ABŞ dövlət katibi İlham Əliyevlə telefon danışığı zamanı Azərbaycanın Avropa İttifaqı ilə enerji əlaqələrini vurğulayıb və regionda kommunikasiyaların açılmasının vacibliyini qeyd edib. Dövlət Departamentinin rəhbəri Paşinyanla isə Ermənistanın Türkiyə və Azərbaycanla münasibətlərinin normallaşdırılması məsələsini müzakirə edib. Azərbaycanlı politoloq Turan Rzayevin fikrincə, Blinkenin Əliyev və Paşinyana eyni gündə zəng vurması diqqət çəkir.
- Azərbaycanlı ekspertin sensasiyalı müsahibəsi: “Müharibə təhlükəsi var”
- Azərbaycanlının Ermənistan sərgüzəştləri
- Qarabağ qaçqınlarının fotolarını və digər xatirələrini qoruyan avtomobil
Nə baş verib?
ABŞ dövlət katibi Entoni Blinkenin Azərbaycan prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyanla telefon danışığı baş tutub.
“Entoni Blinken bu il ərzində bənzər şəkildə bir neçə dəfə zəng edib, lakin onun bir gündə iki dövlət başçısına zəng etməsi diqqət çəkir”, – deyə azərbaycanlı politoloq bildirib.
Aydın məsələdir ki, 44 günlük müharibədən sonra Vaşinqtonun Cənubi Qafqaza, daha dəqiqi Azərbaycan və Ermənistana marağı kəskin artıb. Bunda Rusiyanın Ukraynaya qarşı apardığı işğalçı müharibənin də böyük payı var – ekspert qeyd edib.
“ABŞ-ın indiki məqamda həm Ermənistan, həm də Azərbaycana dair fərqli maraqlarının olduğu Blinkenin İlham Əliyev və Nikol Paşinyanla telefon söhbətində toxunduğu məqamlardan hiss olunur”, – deyə o əlavə edib.
Nə müzakirə olunub?
“Misal üçün Ermənistan tərəfi Blinkenin Paşinyanla telefon danışığı zamanı əsasən Ermənistan-Azərbaycan və Ermənistan-Türkiyə münasibətlərini müzakirə etdiyini açıqlayıb.
Əliyevlə telefon danışığı zamanı isə əsasən bu yaxınlarda Azərbaycanla Avropa İttifaqı Komissiyası arasında enerji sahəsində imzalanmış anlaşma memorandumunun əhəmiyyəti və ABŞ-ın Ermənistanla Azərbaycan arasında kommunikasiyaların açılmasına və bu sahədə texniki dəstəyi göstərməyə hazır olması kimi məsələlər müzakirə edilib”, – deyə Rzayev vurğulayıb.
ABŞ nəyə nail olmağa çalışır?
Politoloqun sözlərinə görə, ABŞ indiki məqamda Ermənistanla təmasları əsasən Ermənistan-Türkiyə münasibətlərinin normallaşması kontekstində, Azərbaycanla isə Avropanın enerji təminatı kontekstində formalaşdırır.
Rzayev bildirir ki, Vaşinqton Azərbaycanın Ankaranın “qırmızı xətti” olduğunu anlayır.
“ABŞ hazırda çalışır ki, Ermənistan Kremlin orbitindən xilas olub Qərbə inteqrasiya etsin. Bunun üçünsə Ermənistan-Türkiyə münasibətlərinin normallaşması ən önəmli şərtdir”.
Türkiyənin “qırmızı xətti”
“Prinsip etibarilə rəsmi Yerevan Ermənistan-Türkiyə münasibətlərinin normallaşmasına razıdır. Türkiyəyə gəldikdə isə rəsmi Ankara topu dolayı yolla Bakının üzərinə atır. Misal üçün Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ötən gün çıxışında bu məsələ ilə bağlı qeyd edib ki, Ermənistanla münasibətləri Azərbaycanla razılaşdıraraq inkişaf etdiririk.
“Əvvəldən bizim “qırmızı xətt”imiz Azərbaycan idi. Azərbaycan məsələsi həll olunandan sonra qapımızı açacağımızı dedik. Biz Ermənistanla normallaşma prosesində ciddi və qətiyyətliyik”, – Ərdoğan deyib.
Göründüyü kimi, rəsmi Ankara bu məsələdə ənənəvi olaraq Azərbaycan maraqlarından çıxış edir. Bununla belə Ərdoğanın “Azərbaycan məsələsi həll olunandan sonra qapımızı açacağıq” deməsi sərhədlərin açılmasında Ankaranın da maraqlı olmasından xəbər verir”, – Rzayev Türkiyə və Ermənistan arasında münasibətlərin normallaşdırılması prosesini şərh edərkən bildirib.
“ABŞ bu məsələdə imitasiya ilə məşğuldur”
Rzayev qeyd edib ki, Blinkenin Əliyevlə telefon danışığında iki məqam diqqət çəkir:
“Birincisi, ABŞ-ın Ermənistanla Azərbaycan arasında kommunikasiyaların açılmasına və bu sahədə texniki dəstəyin göstərilməsinə hazır olduğu ifadə edildi. Hesab edirəm ki, bu məsələdə rəsmi Vaşinqtonun dəstəyi sadəcə iki ölkə münasibətlərinin normallaşması kontekstindədir. ABŞ üçün iki ölkə arasında gərginliyin bitməsi münasibətlərin normallaşması vacibdir. Bunun xaricindəki məsələlər, məsələn, Zəngəzur dəhlizinin açılması Vaşinqtonun maraq dairəsində deyil.
ABŞ bu məsələyə «nəqliyyat bağlantılarının və kommunikasiyaların açılması” kimi yanaşaraq imitasiya edir. Yəni kommunikasiyaların açılmasını istəyir, lakin bunun bir dəhliz halında olmasını istəmir.
İkincisi, söhbət zamanı bu yaxınlarda Azərbaycanla Avropa İttifaqı Komissiyası arasında enerji sahəsində imzalanmış anlaşma memorandumunun əhəmiyyəti qeyd olundu. Aydındır ki, ABŞ və Avropa İttifaqı gələcək beş il ərzində Rusiya qazından asılılığı sıfıra endirmək niyyətindədir. Bu istiqamətdə alternativ ölkələrlə təmaslar intensivləşib. Azərbaycan da həmin alternativ ölkələr sırasındadır”.
Ekspertin fikrincə, rəsmi Vaşinqton hətta mövcud boru kəmərlərinin həcminin artırılması, yeni layihələrin ərsəyə gəlməsi üçün maliyyə dəstəyi də təmin edə bilər.