Azərbaycanda hələ də koronavirusa görə karantin ləğv edilməyib. Səbəb nədir?
Azərbaycanda koronavirusdan ölüm səviyyəsi sıfıra enib, sutka ərzində yoluxma halları 15-20-ni keçmir. Amma bununla belə karantin ləğv edilməyib və hələ də qapalı məkanlara maskasız daxil olanlar cərimələnir, COVID-pasport olmadan isə ticarət mərkəzlərinə girmək mümkün deyil.
- COVID-pasportu olan Azərbaycan vətəndaşlarının yarısı imtiyazlardan məhrum olacaq
- Avropada peyvənd vurdurmayanlar daha çox imkan və hüquqlardan məhrum olurlar
- Gürcüstanda “Omikron” ştammı yayıldığı üçün təcrid və karantin qaydaları dəyişdirilir
JAMnews-un Azərbaycan redaksiyasına müsahibəsində infeksionist həkim dünya tibb tarixində misilsiz sınaq və COVID-19 infeksiyasının yeni dalğalarının mümkünlüyü haqda danışıb.
Azərbaycan hökuməti iki il əvvəl koronavirus pandemiyasına görə elan olunmuş karantinin ləğv edilməsində hədsiz təmkin nümayiş etdirir. Ölkənin qonşu dövlətlərlə quru sərhədləri hələ də bağlı qalır, qapalı məkanlara maskasız daxil olmaq qadağası qüvvədədir, həmçinin üç doza peyvəndin vurulduğunu təsdiqləyən COVID-pasport olmadan ticarət mərkəzlərinə, kafe və restoranlara girmək mümkün deyil.
Azərbaycan cəmiyyətində koronavirus karantini ilə bağlı çoxlarını maraqlandıran suallara cavab almaq məqsədilə JAMnews infeksionist həkim İbrahim Həsənzadəyə müraciət edib.
“Düzünə qalsa, Azərbaycanda koronavirus epidemiyasına görə karantin bir neçə ay əvvəl, sutka ərzində yeni yoluxma halları 200-300-dən aşağı düşəndə artıq ləğv edilməli idi.
Hamı gözəl xatırlayır, 2020-ci ilin martında, bizdə koronavirus epidemiyası yeni başlayanda karantin ancaq göstərici bir neçə yüzü ötəndən sonra elan olundu. Amma o zaman heç bir vaksin yox idi, hər şey çox əsrarəngiz və qorxunc görünürdü. Həmin dövrlə müqayisədə indi hər şey fərqlidir – vaksin var, xəstəlik haqda dəqiq təsəvvür var, iki il ərzində hazırlanmış müalicə metodları var”, – mütəxəssis bildirir.
“Bu gün ölkənin qonşularla bütün quru sərhədlərinin bağlı olması, ictimai nəqliyyatda, qapalı məkanlarda maska tələbi, ticarət mərkəzlərinə, kinoteatrlara girişdə üç peyvəndin vurulması haqda sənədin tələb olunması cəmiyyəti narahat edir.
Elə bu gün səhər DİN reydlərin keçiriləcəyi və ictimai nəqliyyatda sərnişinlərin karantin tələblərinə necə əməl etdiyinin yoxlanılacağı haqda elan edib. Qayda pozucuları cərimələnəcək. Mən bunu anlamıram. Əksər ölkələr, o cümlədən də qonşu dövlətlər bütün karantin tədbirlərini ləğv ediblər. Bizdə isə hələ də qaydalara əməl etməyənlər cəzalandırılır”, – həkim narazılığını bildirir.
Ekspertin sözlərinə görə, uzun zaman ərzində bütün dünya tibb tarixində misilsiz halın şahidi oldu:
“Bəşər və o cümlədən də tibb tarixində hələ heç vaxt hər hansı tibbi preparatın yoxlama fazalarından biri bütün dünya üzrə belə nəhəng miqyasda keçirilməmişdi. Bu, gələcəkdə bütün dərsliklərə salınacaq, şübhə etmirəm. Söhbət koronavirusa qarşı vaksinlərdən gedir.
Vaksinlər necə yaranır? Belə deyək, tibb qaydalarına, qanunlarına əsasən.
İlk sınaq fazasında məhdud sayda könüllü iştirak edir. Onların üzərində preparatın doğru dozası, ümmun reaksiya, vasitənin təhlükəsizliyi təyin edilir.
İkinci fazada preparat artıq xəstələr, yəni vaksinin nəzərdə tutulduğu qrupdan olan könüllülər üzərində sınaqdan keçirilir. Burada söhbət artıq yüzlərlə insandan gedir. Onlarla paralel olaraq nəticələrin müqayisəsi üçün plasebo vurulmuş insanlar da sınaqda iştirak edir. Onlar nəzarət qrupuna daxil olurlar.
Sınağın artıq üçüncü fazasında minlərlə könüllü xəstə və nəzarət qrupu cəlb olunur. Bu fazanın nəticələrinə görə mütəxəssislər nəticə çıxarırlar: vaksin kütləvi istifadə üçün yararlıdır, ya yox. Bütün bu proses adətən 5 ilə yaxın davam edir.
Bəs koronavirusla necə oldu? Vaksin haqda ilk məlumatlar 2020-ci ilin sonunda yayıldı. Amma bəşəriyyətin 5 ili yox idi ki, sınaqların nəticələrini gözləsin. Sınaqların ilk iki fazası rekord qısa müddətdə keçdi, yəni normaların pozulması ilə və hamı üçüncü fazaya keçdi.
Amma burada artıq söhbət minlərlə könüllüdən getmirdi. Hətta nəzarət qrupu da yox idi. Milyonlarla, yüz milyonlarla insan peyvənd vurdururdu. Əksər hallarda vaksinasiya məcburi-könüllü əsaslarla həyata keçirilirdi. Axı heç kim sonsuza qədər evdə oturmaq, işə getməmək istəmirdi. Harasa getmək istəyirsənsə, vaksinasiyadan keçmək lazım idi.
Yenə də tibb qaydaları ilə düşünsək, vaksinlərin bu analoqsuz sınaqlarının nəticələrini 2025-ci ilin sonları, 2026-cı ilin əvvəllərində öyrənəcəyik. Yalnız o zaman adlarını hər kəsin bildiyi bu vaksinlər tamhüquqlu tibbi preparat adlandırıla biləcək”, – Həsənzadə qeyd edib.
Koronavirus dövrünün sonu haqda danışarkən həkim tələsməməyi tövsiyə edir:
“Bizim hamımız, o cümlədən də mən, istəyirik ki, bu kabus artıq bitsin və geri dönməsin. Amma hər şey belə sadə deyil. Yəqin ki, çoxları COVID-19 infeksiyasının yeni ştammının üzə çıxdığı Çindən kadrları görüb. Yenə də insanlar xüsusi müdafiə formalarında küçələrdə yoluxanları aşkarlayırlar, bütöv şəhərlər qapadılır.
Ümid edirəm ki, bu faktlar yeni pandemiya dalğasına gətirib çıxarmayacaq, amma hamı diqqətli olmalı və çox da arxayınlaşmamalıdır”.