Rusiyanın Ukraynaya qarşı təcavüzü davam edir
-
Ukrayna haqda 09:00-a olan xülasə. “Rusiya dinc sakinlrə qarşı kimyəvi silah tətbiq edə bilər”
- Kiyevdə səhər saat 6-dan hava həyəcanı siqnalı çalınır.
- Axtırkaya (Sum vilayəti) səhərə yaxın iki raket zərbəsi endirilib. Bombalar iki nöqtəyə – hipermarketə və elektrik stansiyasına atılıb. Həmçinin Rusiya aviasiyası yenidən yaşayış məntəqələrini bombalayıb.
- Ağ Evin mətbuat katibi Cen Psaki xəbərdarlıq edib ki, “Rusiya özünü getdikcə daha çarəsiz aparır və yaxın günlərdə dinc sakinlərə qarşı kimyəvi silah tətbiq edə bilər”.
- Tərəflər yeni 12 saatlıq atəşkəs razılaşdırıblar ki, mülki şəxslər Ukraynanın 6 ən çox ziyan görmüş rayonunu tərk edə bilsinlər. amma Ukrayna bildirir ki, Rusiya atəşi davam etdirir və insanlar mühasirəyə alınmış Mariupol və Xarkov ətrafındakı İzyum şəhərlərini tərk edə bilmirlər.
- Tramp dövründə “İslam Dövlətinin” darmadağın edilməsi üzrə koalisiyada ABŞ-ın nümayəndəsi olan Ceyms Ceffri müdafiə olunmuş humanitar zonaların yaradılması üçün BMT və ABŞ qoşunlarını Ukraynaya göndərməyə çağırıb.
- Rusiya və Ukrayna XİN rəhbərləri danışıqlar üçün Antalyaya gediblər.
- ABŞ-ın nümayəndələr palatası Ukraynaya 13,6 milyard dollar həcmində təcili yardım planını təsdiqləyib. Bununla yanaşı prezident Bayden 10 milyard dollar ayrılması təklifi ilə müraciət edib, amma qanunvericilər praktiki olaraq yekdilliklə məbləği qaldırmağı lazım biliblər. Yaxın günlərdə planın Senat tərəfindən təsdiqlənəcəyi göslənilir. Məbləğin yarısı Ukraynanın müdafiəsinə, digər yarısı isə qaçqınlara yardım üçün ayrılıb.
- BVF Ukraynaya 1.4 milyard dollar həcmində təcili yardımı təsdiqləyib.
- ABŞ-ın vitse-prezidenti Kamala Harris Polşaya gedib. Səfər ABŞ-ın ötən gün Polşanın reaktiv təyyarələr parkını birbaşa Ukraynaya yox, Ukraynanın ehtiyacları üçün təqdim etməsi təklifini rədd etməsi ilə əlaqələndirilir.
- Amerika hərbçilərinin hesablamalarına görə Ukraynada müharibə başlayandan 5 mindən 6 minə qədər Rusiya hərbçisi həlak olub.
- Rusiya ilk dəfə Ukraynaya müdaxilə üçün çağırışçılardan istifadə etdiyini etiraf edib.
- Martın 9-da Rusiya aviasiyasının zərbələri nəticəsində Mariupol xəstəxanasının doğum və uşaq şöbələri dağıdılıb. Ukrayna prezidenti Vladimir Zelenski bu hücumları “hərbi cinayət” adlandırıb.
-
Ukrayna haqda 08:00-a olan xülasə. “Sizin uşaqlarınız qatilə çevrilib” – Simferopol və Krım mitropolitinin Rusiya analarına müraciəti
- Bütün gecə boyu Ukraynanın bir çox şəhərlərinin, o cümlədən də Kiyevin yaşayış məntəqələri bombardman edilib.
- Kiyevdə Müdafiə Nazirliyinin və Quru Qüvvələrinin Komandanlığına raket zərbələri endirilib.
- Rusiya qoşunları iki həlledici şəhəri – Xarkov və Mariupolu mühasirəyə alır.
- Ukrayna qüvvələri bildiriblər ki, desantlar Ukraynanın böyüklüyünə görə ikinci şəhərinə – Xarkova enib və şəhər kənarlarında küçə döyüşləri gedir. ATƏT-in Ukraynadakı Xüsusi Monitorinq Missiyasının əməkdaşı Marina Fenina Xarkovun atəşə tutulması nəticəsində həlak olub – ATƏT-in Vyanadakı katibliyindən bildirilib. Ən azı üç məktəb, Mərkəzi Uspenski kilsəsi bombalanıb.
- Mariupol təxminən 15 saat fasiləsiz atəşə tutulub, hazırda vəziyyət humanitar fəlakətə yaxındır. “Yüzlərlə insanın, o cümlədən də əlaqə saxlaya bilmədiyim mənim öz atamın həlak olduğu ehtimal olunur”, – Mariupol merinin müavini Sergey Orlov.
- Daha əvvəl Rusiya Ukraynanın cənubundakı strateji mühüm Herson şəhərinin ələ keçirildiyi haqda bildirmişdi. Ukrayna bəyan edir ki, şəhər nəzarət altından çıxmayıb. Rusiya qoşunlarının şəhər mərkəzində olduğunu əks etdirən videolar yayılır.
- “Szin uşaqlarınız qatilə çevrilib. Ukraynada müharibə gedir. Sizin uşaqlarınız dinc insanlara atəş açır. Onları ordan aparın”. – Simferopol və Krım mitropoliti Klimentin Rusiya analarına müraciəti.
- Danışıqların ikinci raundu haqda hələlik məlumat yoxdur. Rəsmi məlumata görə, hər iki nümayəndə heyəti dünən gecə Belarusda “Belovejski puşa” adlanan ərazisinə gəlib.
- ABŞ nüvə qüvvələrinin hazırlığının yüksəldilməsi ilə bağlı planlarının olmamasını nümayiş etdirmək üçün raket sınaqlarını təxirəsalıb.
- İspaniya Ukraynaya hücum silahları partiyası – qumbaraatanlar, güllələr və yüngül pulemyotlar göndərəcək.
- Kanada Rusiyanın “Rosneft” və “Qazprom” neft və qaz inhisarçılarının nümayəndələrinə qarşı sanksiyalar tətbiq edirlər.
- Yaponiya hökuməti RF-nin dörd bankının, o cümlədən də VTB-nin aktivlərini donduracaq – “Kyodo” agentliyi Maliyyə Nazirliyinə istinadən məlumat yayıb.
- Dünyanın 70-dən çox şirkəti Rusiyanın Ukraynaya genişmiqyaslı müdaxiləsilə bağlı etiraz bildirib və Rusiya ilə əməkdaşlığı dayandırıb. O cümlədən də Apple, Audi, Apple Pay, Amazon, Google Maps. Cannes Festival, Eurovision, Formula 1, FIFA və bir çoxları Rusiyanın iştirakını ləğv edib. Adidas futbol yığması ilə işləməkdən imtina edib. Tam siyahı burada.
- Bir həftə ərzində 1 milyon qaçqın Ukraynanı tərk edib – BMT-dən bildirilib.
FOTO: Tbilisidə parlament binası qarşısında Ukrayna üçün yardım toplanması üzrə məntəqə yaradılıb
-
Ukrayna haqda 08:00-a olan xülasə. “Kiyev uğrunda mübarizə uzun və qanlı olacaq”
Cəbhə xəbərləri
- Rusiya zirehli texnikalarından ibarət 50 kilometr uzunluqda nəhəng kolon Kiyevə doğru irəliləyir – peyk görüntüləri təsdqiləyir. Kiyevdə gecə və səhər hava həyəcanı siqnalı çalınıb, Rusiya raketlərinin şəhərin kənarlarına zərbələr endirdiyi deyilir. “Kiyev ətrafında vəziyyət gərgin olaraq qalır”, – Ukrayna Baş Qərargahının məlumatında deyilir.
- Ukrayna Baş Qərargahı: “Rusiya öz hərbi hava daşımaları üçün Belarusun hava məkanından istifadə etməyi planlaşdırır”. Ötən gün ABŞ Dövlət Departamenti bildirib ki, “hələlik Belarus qoşunlarının hərəkətliliyi ilə bağlı heç bir əlamət görməyib”.
- Rusiya qoşunları Ukraynanın cənubundakı Xerson şəhərinə hücuma keçib. Aeroportda partlayışlar olub, daha sonra şəhərə tank kolonları girib.
- Fevralın 28-də Rusiya ordusunun ələ keçirdiyi Berdyanska nəhəng tank kolonları daxil olub. Mariupolda döyüşlər davam edir.
- Fevralın 28-də Ukraynanın böyüklüyünə görə ikinci şəhəri Xarkovun intensiv bombalanması nəticəsindəonlarla dinc sakin həlak olub – DİN-in məlumatında deyilir.
- Fevralın 27-də Rusiya qoşunlarının Sum vilayyətində Axtırk şəhərinə artilleriya atəşləri nəticəsində 70-dən çox hərbçi həlak olub – bu gün administrasiya rəhbəri Dmitri Jivitski bildirib. Ukrayna hərbi hissəsi məhv edilib, xilaskarlar və könüllülər dağıntılar altından nəşlərin çıxarılmasını həyata keçirir. Jivitski bildirib ki, “şəhərdə çox sayda rus meyitləri var, hazırda onlar Qırmızı Xaça təhvil verilir”, amma Qırmızı Xaç hələlik bu məlumatı təsdiqləməyib.
- Məlumatlara əsasən, Berdyanskdan 85 kilometr şərqdə yerləşən Mariupolhələ də rusların hücumu altındadır, amma hələ məğlub olmayıb.
- Ukrayna prezidentinin sözlərinə görə, hətta fevralın 28-də sülh danışıqları getdiyi zaman Rusiya Xarkov, Kiyev və Çerniqov da daxil olmaqla şəhərlərə hücumunu davam etdirib.
- Beynəlxalq Cinayət Məhkəməsinin prokuroru mümkün hərbi cinayətlərlə bağlı Rusiyaya qarşı araşdırma başlatmağa hazır olduğunu bildirib.
- Ukraynanın Avropa İttifaqına daxil olmaq haqda ərizəsinə rəsmi baxış proseduru başlanıb. Aİ-dəki Ukrayna missiyasının rəhbəri Vsevolod Çentsov sənədi rəsmi olaraq Fransa nümayəndəsi Filip Leqiz-Kostaya təqdim edib.
ABŞ senatorları Vaşinqtonda martın 1-ə keçən gecə keçirilən qapalı brifinq zamanı aldıqları informasiya haqda (BBC)
“Kiyev uğrunda mübarizə uzun və qanlı olacaq”.
“Qərb ölkələri Rusiya prezidenti və aparıcı oliqarxların aktivlərini nəinki donduracaqlar, həm də müsadirə edəcəklər”.
“Rusiya hücumun ilkin qrafikindən geri qalıb”.
“Ukrayna sərt müqaviməti davam etdirir”.
Rusiyaya qarşı sanksiyalar və onun cavab sanksiyaları
- Avropa İttifaqə Rusiya biznesmenlərinə, məmurlarına və təbliğatçılarına, o cümədən də Putinin mətbuat katibi Peskova və Purinə yaxın olan nüfuzlu oliqarx Seçinə qarşı yeni fərdi sanksiyalar tətbiq edib.
- Türkiyə bildirib ki, Montre konvvensiyası əsasında hərbi gəmiləri Bosfor və Dardanel boğazından buraxmayacaq.
- Ukrayna prezidenti Zelenski onun ölkəsi üzərindən uçuşsuz zona yaradılmasına və Rusiyanın BMT Təhlükəsizlik Şurasında daimi üzv postundan çıxarılmasına çağırış edib.
- Milli Hokkey Liqası Rusiya ilə əlaqələri kəsdiyini açıqlayıb.
- Yaponiya Rusiya rəhbərliyinə qarşı sanksiyalar tətbiq edib. Siyahıya Putin, Medvedev, Lavrov, Şoyqu, Gerasimov və Patruşev daxil edilib. Həmçinin Yaponiya hakimiyyəti Rusiya Mərkəzi Bankı, VTB, və “Promsvyazbank”a qarşı sanksiyalar tətbiq edib. Bundan başqa 49 Rusiya şirkəti, təşkilatı və dövlət strukturuna, o cümlədən də “Rosoboroneksport”, FTX və XKX-a hər hansı mal satışı qadağan olunub.
- ABŞ Rusiya Bankına, Rusiya Maliyyə Nazirliyinə və Milli Rifah Fonduna qarşı sanksiyalar tətbiq edib.
- Moskva birjasında dollar və avro 110 və 126 rubla qalxıb və tarixi maksimumları yeniləyib. Buna görə Mərkəzi Bank müvəqqəti olaraq Moskva Birjasında aksiya satışını dayandırıb.
- Putinin sərəncamı ilə Rusiya rezidentlərinə xaricə valyuta göndərmək və Rusiya hüdudlarından kənardakı hesablarına valyuta köçürmək qadağan edilib. Rusiya ixracatçıları valyuta gəlirlərinin 80%-ni rubla çevirməyə borcludurlar.
Ukraynaya yardım
- Avstraliya Ukraynaya hərbi yardım üçün 70 milyon Avstraliya dolları ($50 milyon) ayıracaq.
- Bolqarıstan, Polşa və Slovakiya Ukraynaya 70 hərbi təyyarə verir, onlar Polşa aerodromlarında yerləşəcəklər.
- Tayvan 27 ton tibbi preparat yardımı edəcək.
- Mastercard Rusiyadan tranzaksiyaları bloklayır.
- Bitkoin, dünyanın nə nəhəng kriptovalyutası 15%-dən çox bahalaşıb, 43 000 dollardan artıq olub. Efirium 10%-dən çox bahalaşıb. Bunlar ən böyük kriptobirja olan “Binance”ın Ukraynanın çağırışlarına baxmayaraq, Rusiya istifadəçilərinin uçot qeydlərini bloklamayacağı haqda məlumatlar fonunda baş verir. Dünyanın maliyyə sistemindən bloklanan Rusiyanın Qərbin sanksiyalarından yan ötmək üçün kriptovalyutadan istifadə edəcəyi ilə bağlı ehtimallar var. Amma Ukraynaya da donorlardan milyonlarla bitkoin daxil olub.
- Ukraynayayerli istifadəçilərə “SpaceX”dən peyk internetinə çıxış imkanı verən “Starlink” terminalları gəlib. Ukraynanın baş naziri Mixail Fyodorov “SpaceX” banisi İlon Maska təşəkkür edib. “Xoş gəldiniz”, – Mask cavabında yazıb.
- BMT-dən bildirilib ki, Ukraynadan yarım milyondan çox qaçqın qonşu ölkələrə sığınıb.
FOTO BBC: Dniproda insanlar bombadan müdafiə sığınacaqlarında gizlənir
-
Ukrayna haqda 23:00-a olan xülasə. Kiyev ətrafına raket zərbələri. Avropadan Ukraynaya böyük silah təchizatı
- Kiyevdə nisbətən sakit keçən günün sonunda paytaxt ətrafındakı Brovarax (paytaxtdan 7 kilometr) ərazisinə, ilkin məlumata görə hərbi radiolakasiya rabitəsi mərkəzinə raket zərbəsi endirilib.
- Kiyev meri Kliçkonun şəhər sakinlərinə müraciəti:
- Paytaxtda vəziyyət mürəkkəb olaraq qalır. Komendant saatı 20:00-dan 07:00-a qədərdir.
- Nəqliyyat 19:00-dan 08:00-a qədər işləmir, mağazalar, apteklər 08::00-dan 19:00-a qədər açıq olacaq.
- Çərşənbə axşamından alkoqol satışına qadağa qoyulacaq.
- Ərzaq, dərman və ilk ehtiyac mallarının qiymətlərinin qaldırılması talançılıq kimi dəyərləndiriləcək.
- Xarkovda atışma artıq üç sutkadır ki, davam edir. Axşam üç güclü partlayış baş verib.
Ukraynaya hərbi dəstək
- Ukrayna hərbi texnika, o cümlədən də HHM və RHM sistemlərinin, top, minaatan və avtomatların verilməsi xahişi ilə Aİ-ə müraciət edib.
- Finlandiya artıq Ukraynaya 2 500 avtomat, hücum tüfəngləri üçün 150 000 patron, 1500 biratımlıq tank əleyhinə silah və 70 000 dəst əsgər payı göndərəcəyini açıqlayıb.
- Xorvatiya da Ukraynaya €16,5 milyonluq silah, tüfəngg və pulemyot, o cümlədən də zirehli jilet, dəbilqə və ilk yardım vasitələri göndərəcək.
- NATO-nun hərbi komitəsi bildirib ki, Alyans ilk dəfə kollektiv müdafiə kontekstində cavab qüvvəsinin elementlərini yerləşdirir.
-
Ukrayna haqda 20:30-a olan xülasə. Danışıqlar yaxın günlərdə Belarus-Polşa sərhədində davam edəcək
- Rusiya və Ukrayna danışıqları başa çatıb. Hələlik konkret nəticələr haqda heç nə məlum deyil. Zelenskinin ofis rəhbərinin çüşaviri deyib ki, “tərəflər bir sıra prioritet məsələləri müəyyən ediblər və onlar üzrə bəzi konkret qərarlar qeyd ediblər”. O həmçinin təsdiqləyib ki, danışıqların əsas məqsədi Ukrayna ərazisində atəşin dayandırılması olub. Ukrayna tərəfi bildirib ki, nemayəndə heyətləri yeni raund öncəsi məsləhətləşmələr üçün öz paytaxtlarına gedəcəklər.
Rusiya nümayəndə heyətinin rəhbəri Medinski deyib ki, növbəti görüş yaxın günlərdə Belarus-Polşa sərhədində baş tutacaq.
- Rusiyanın mövqeyi haqda Putinin Fransa prezidenti Makronla bugünkü telefon danışığına görə nəticə mülahizə yürütmək olar.
- Yelisey Sarayından bildirilib ki, Makron Ukraynanın dinc sakinlərini müdafiə etməyə, o cümlədən də hərbi əməliyyatları dərhal dayandırmağa çağırıb.
- Putin aşağıdakıları bildirib:
- Yalnız Rusiyanın təhlükəsizlik sahəsində qanuni maraqlarının təmin edilməsi şərtilə Ukrayna ilə nizamlama mümkündür.
- Ukrayna Rusiyanın Krım üzərində suverenliyini tanımalıdır.
- Ukrayna dövlətinin demilitarizasiya və denazifikasiyası keçirilməlidir.
- Ukrayna neytral statusda olacağının təminatını verməlidir.
- Rusiya hərbçiləri Ukraynada dinc sakinləri təhdid etmir və mülki obyektlərə zərbə endirmir.
- Təhlükə mülki əhalidən canlı qalxan kimi istifadə edən, Donbas şəhərini atəşə tutan Ukrayna millətçilərindən gəlir.
- Xarkov ən qaynar nöqtə oolaraq qalır, bütün günü bombardman davam edir, ağır döyüşlər gedir. Bu gün ərzində hazırkı məqama qədər yeddi nəfər həlak olub, 44 nəfər yaralanıb.
Zelenski Avropa İttifaqına daxil olmaq haqda ərizəni imzalayıb – Ali Radadan məlumat verilib.
- Ukrayna Zmeyinıy adasındakı hərbçilərin sağ olduğunu və əsir götürüldüyünü təsdiqləyib. Onlarla əlaqə saxlamaq mümkün olmayıb və buna görə də həlak olduqları düşünülüb. Daha əvvəl Zelenski onları adlarını ölümündən sonra Ukrayna Milli Qəhrəmanı mükafatına təqdim etmişdi.
SANKSİYALAR HAQDA
- Ukrayna Rusiyanı “Interpol”dan çıxarılmasını tələb edib, Böyük Britaniya bunu dəstəkləyib – Britaniyanın DİN rəhbəri bildirib.
- Kanada öz banklarına Rusiya Bankı ilə istənilən tranzaksiyaları qadağan edib, FMB-nin aktivlərini və onlarla sövdələşmələri dondurub.
- Ağ Ev:
- Rusiya Bankı və FMB-ə qarşı Amerika sanksiyaları onların ABŞ-dakı və ya dollarla ifadə olunan aktivlərinə çıxışlarını məhdudlaşdırır.
- ABŞ enerji daşıyıcıları təchizatı ilə əlaqədar bəzi tranzaksiyaların Rusiya əleyhinə sanksiyaların təsirindən çıxaracaq xüsusi lisenziya hazırlayır.
- SWIFT-dən çıxarılacaq Rusiya banklarının siyahısı hələ hazırlanır.
- ABŞ-ın ehtiyatda Rusiyaya qarşı əlavə sanksiyaları var və eskalasiya halında onları tətbiq etməyə hazırdır.
- Fransa prezidenti Makron sanksiyalara düşən rusiyalılara məxsus villaların, yaxtaların və lüks avtomobillərin tam inventarlaşdırılmasının həyata keçirilməsini tələb edib. “Biz həmçinin Rusiya hakimiyyətinə yaxın olan və Fransada aktivlərə sahib rusiyalıları da üzə çıxaracağıq. Onlar Avropanın sanksiya siyahısına daxil ediləcəklər”, – Fransanın iqtisadiyyat və maliyyə naziri Bryuno Le Mer deyib.
- Böyük Britaniyanın bəyanatı:
- London Moskvanı Ukraynaya humanitar çıxış və qaçqınlar üçün dəhliz açmağa çağırıb;
- RF-nin SWIFT-dən çıxarılması üçün ilk addımlar atılıb;
- “VTB”, “Sovkombank”, “Vneşekonombank”ın aktivləri dondurulub. “Sberbank”a qarşı sankksiyalar hazırlanır;
- Rusiyalı oliqarxların daşınmaz əmlakları və yaxtalarına yaxın zamanda həbs qoyula bilər;
- Nəqliyyat naziri limanlardan Rusiya bayrağı altında üzən heç bir gəmiyə girişə icazə verməməyi xaxiş edib;
- Böyük Britaniya vətəndaşlarına Rusiyaya səfər etməmək tövsiyə olunur.
- İsveçrə prezidenti bildirib ki, ölkə Rusiyaya qarşı Avropa İttifaqının qəbul etdiyi bütün sanksiyaları tətbiq edəcək. İsveçrə də bütün Rusiya təyyarələri üçün hava məkanını bağlayıb. Yalnız humanitar, tibbi və diplomatik uçuşlar istisna hesab ediləcək.
- BOK beynəlxalq idman federasiyalarına və yarış təşkilatçılarına Rusiya və Belarus idmançılarının iştirakına icazə verməməyə çağırıb.
PUTİNİN QƏRBƏ QARŞI CAVAB SANKSİYALARI
- Putin iqtisadiyyat üzrə toplantı keçirib və orada Rusiyaya qarşı tətbir edilən sanksiyalara görə Qərbi “yalan imperiyası” adlandırıb və “Qərbin qeyri-dost əməlləri” ilə əlaqədar xüsusi iqtisadi tədbirlər haqda sərəncam imzalayıb.
- Rusiya Qərbin sanksiyalarına cavab olaraq öz hava məkanını 36 ölkə üçün bağlayıb. Bunlar bütün Avropa İttifaqı ölkələri, o cümlədən də Albaniya, İngiltərə, Britaniya, Britanıya Vircin adaları, Hibraltar, Cersi, Kanada və Norveçdır.
- Rusiya Müdafiə Nazirliyi bildirib ki, “Rusiya hərbi əməliyyatlar başlatmayıb. Rusiya onları başa çatdırır. Hərbi əməliyyatlar Kiyev rejimi tərəfindən aparılırdı, onlar səkkiz il ərzində Donbas sakinlərini planlı şəkildə məhv edirdilər. bu müharibə nəticəsində 14 min insan, yüzlərlə uşaq həlak olub. Buna, eləcə də Kiyev rejimi tərəfindən Rusiyanın ünvanına bitməyən təhdidlərə son qoymaq lazım idi. Rusiya da bunu edir”.
-
Ukrayna haqda 07:30-a olan xülasə. “Növbəti 24 saat Ukrayna üçün həlledici ola bilər”
- Ukrayna-Belarus sərhədində, Pripyat çayının yaxınlığında Rusiya və Ukrayna nümayəndə heyətlərinin görüşü istənilən an balaya bilər. Ukrayna prezidenti Zelenski dünən deyib ki, onun böyük gözləntiləri yoxdur. Beynəlxalq ekspertlər çevrəsində bu görüşün Putinə müharibəni bitirmək üçün müəyyən potensial məkan verə bilər, çünki onun ordusu planlaşdırılan blitskriqi həyata keçirə bilmədi və Ukrayna qoşunlarına qarşı davamlı uğursuzluqlarla qarşılaşır.
- Xarkovda artıq üçüncü gündür ki, döyüşlər gedir. Aeroport və yaşayış məntəqələri atəşə tutulur, Ukrayna HHM mütəmadi işləyir:
- Çerniqovda yaşayış binasına raket düşüb, aşağı mərtəbələr iki dəfə alovlanıb, ziyan çəkənlərin sayı məlum deyil.
- Ötən gün Ukrayna prezidentinin müşaviri Aleksey Arestoviç bildirib ki, Nikolayev və Odessaya hücum hazırlanır: “Hər biri bir batalyon tutumunda RF-ə məxsus 11 nəqliyyat gəmisi Odessaya yön alıb, desant atmaq cəhdləri olacaq”.
- Ukrayna prezidenti Zelenski Böyük Britaniyanın baş naziri Consonla telefon danışığında deyib ki, növbəti 24 saat Ukrayna üçün əhəmiyyət daşıyır – Reuters-in məlumatında deyilir. Conson bildirib ki, Böyük Britaniya və onun müttəfiqləri müdafiə yardımının Ukraynaya çatmasına zəmanət vermək üçün mümkün olan hər şeyi edəcəklər.
- Ukrayna Baş Qərargahı: dörd gün ərzində Rusiya ordusu 4500 insan itirib. Məhv edilən və zədələnən təyyarələr – 27 ədəd, vertolyotlar – 26 ədəd, tanklar – 150-ə yaxın, SAS – 700 ədəddən çox, silah – 50-ə yaxın, “SAM BUK” – bir ədəd, “MLRS BM-21” “Qrad” dörd ədəd, yanacaq çənləri 60 ədəd, 2 ədəd əməliyyat-taktiki səviyyəli dron, gəmilər, katerlər – 2. Rusiya bircə dəfə də olsun itkilər haqda rəqəmlər açıqlamayıb. Ekspertlər xatırladırlar ki, birinci Çeçenistan müharibəsinin iki ili ərzində 5 min əsgər, Əfqanıstanda 10 il əərzində aparılan döyüşlərdə isə 15 min əsgər həlak olub.
- Ukrayna DİN dinc əhali arasında itkiləri açıqlayıb: müharibənin 4 günü ərzində 352 nəfər, o cümlədən də 14 uşaq həlak olub.
- Avropa İttifaqı Rusiya təyyarələrinə öz ərazisinə qonmağı, ərazisindən havalanmağı və ya üzərindən keçməyi qadağan edib. Rusiya hakimiyyəti hazırda Avropada olan Rusiya turistlərini İstanbul, Dubay və Qahirə vasitəsilə çıxarmağı vəd edib.
- Avropa İttifaqı Rusiya Mərkəzi Bankının ehtiyatları və aktivləri ilə bağlı istənilən əməliyyatları qadağan edib.
- Avstraliya Putin, Lavrov, müdafiə naziri Şoyqu, baş nazir Mişustin və DİN rəhbəri Kolokoltsevə qarşı sanksiyalar tətbiq edib. Həmçinin Avstraliya ABŞ, Kanada, Böyük Britaniya və digər ölkələrin bəzi Rusiya banklarının SWIFT-dən çıxarılması və Mərkəzi Bank aktivlərinin dondurulması haqda bəyanatını dəstəkləyib.
- Böyük Britaniya bu gün çirkli pulların yuyulması və dələduzluğun qarşısını almağa yönəlmiş qanun layihəsini parlamentə təqdim edəcək. Layihəyə əsasən, Birləşmiş Krallıqlarda daşınmaz əmlakı olan bütün əcnəbilər adbaad identifikasiya olunmalıdır.
- Braziliya prezidenti Jair Bolsonaru bildirib ki, onun ölkəsi Rusiyanı Ukraynaya qarşı müharibəyə görə qınamır, Moskvaya qarşı qərarların və bəyanatların qəbul edilməsində isə iki ölkə arasındakı tərəfdaşlığı nəzərə alaraq praktiki düşüncələrə əsaslanacaq.
- Google daha Rusiyanın dövlət mediasına reklam yerləşdirməyə icazə verməyəcək. Ötən gün analoji qərarı onun törəmə şirkəti YouTube da qəbul edib.
- Almaniyanın “Bild” qəzetinin bu günkü sayı rusiyalılara rus dilində etiraz aksiyalarına qoşulmaq haqda çağırışla çıxıb. “Öz şəhərlərinizin küçələrində siz bütün dünyanın azadlığını müdafiə edirsiz. Vladimir Putin bir çox ölkələri nüvə silahı ilə təhdid edir. O, sizə qardaş olan Ukrayna xalqının ərazisinə qanunsuz soxulur. […] Biz bilirik ki, sizi döyməklə və həbslə qorxudurlar. Sizin misilsiz cəsarətinizə dəyər biçilə bilməz. Biz sizinlə dalaşmaq istəmirik! […] Rusiya vətəndaşları sanksiyalara, yoxsulluğa, əzablara layiq deyil. Sizin gözəl ölkənizdə dinc və xoşbəxt yaşamaq imkanınız olmalıdır. Cəsur olun! Prezidentinizə onun müharibəsi haqda nə düşündüyünüzü göstərin”.
-
Kiyevdə raket zərbəsi ilə çoxmərtəbəli yaşayış binası dağıdılıb, ilkin məlumatlara əsasən insan itkisi yoxdur
Kiyevdə Lobanski prospekti, 6 ünvanında raket zərbəsi ilə çoxmərtəbəli yaşayış binası dağıdılıb. Bura aeropota yaxın Julyanı rayonudur. Fövqəladə Hallar Xidmətindən bildirilib ki, ilkin məlumatlara görə, insan itkisi yoxdur, xəsarət alanların sayı hələlik məlum deyil, təxliyyə işləri davam etdirilir.
-
Ukrayna haqda 10:00-a olan xülasə. Kiyev Ukrayna qüvvələrinin nəzarəti altındadır, amma döyüşlər davam edir
Ukrayna Milli Təhlükəsizlik Şurasının katibi Aleksey Danilo: Kiyev hazırda Ukrayna silahlı qüvvələrinin və vətəndaşlarının nəzarəti altındadır. Amma hakimiyyət Kiyev sakinlərindən evdə oturmağı və ya yaxınlıqda sığınacaq axtarmağı xahiş edir, çünki şəhərin küçələrində döyüşlər gedir. Media bildirir ki, şəhərin mərkəzində də döyüşlər davam edir. CNN müxbiri yerdən raket buraxılmasının izi haqda məlumat verib:
Ukrayna silahlı qüvvələri Kiyevdə Beresteyskaya metrosu yaxınlığında iki yük maşınının, iki minik maşınının və bir tankın məhv edildiyi haqda bildirib. Daha əvvəl gecə Rusiyaya məxsus İl-76 hərbi-nəqliyyat təyyarəsi və vertolyotunun vurulduğu haqda məlumat verilmişdi.
Vasilkov şəhərinin (Kiyevdən 24 km məsafədə) meri Natalya Balasinoviç şəhərdə döyüşlərin başa çatmaq üzrə olduğunu bildirib. Şəhər Ukrayna silahlı qüvvələrinin nəzarəti altında qalır. Rusiya desantı dünən Vasilkova enib, şəhərin mərkəzində 40-cı briqadanın döyüşçüləri ilə döyüşlər bütün gecəni davam edib.
Dakabristlərdə hərbi hissə, şəhərin yaxınlığında aviabaza yerləşir, onun uğurunda döyüşlər gedir. Vasilkov Ukrayna paytaxtının 30 kilometrliyində yerləşir və Kiyev-Odessa strateji yoluna çıxır.
Ukrayna prezidentinin ofisi: müharibə müddətində 3500-ə yaxın Rusiya hərbçisi öldürülüb, 200 nəfər əsir götürülüb.
ABŞ prezidenti Co Bayden Ukraynaya 600 milyon dollara qədər həcmdə təcili yardımı sanksiyalaşdırıb. Bunun 350milyonu müdafiə üçün nəzərdə tutulub, qalan 250 milyonu Kiyev özü ehtiyaclara görə sərf edə bilər.
BMT baş katibi Antoniu Quterriş: artıq 100 min ukraynalı öz evlərini tərk etməyə məcbur olub.
Facebook Rusiyanın dövlət mediasına reklam yerləşdirməyi və pula çevirmə əməliyyatını qadağan edib. Facebook-un təhlükəsizlik siyasəti şöbəsinin rəhbəri Nataniel Qleyçer bildirib ki, Rusiyanın dövlət mediası əlavə məlumatlandırılacaq.
Yeddiqat “Formula-1” çempionu Lyuis Hemilton Instagram səhifəsində yazıb: “Ədalətsizlik görəndə, onunla mübarizə aparmaq vacibdir. Mənim qəlbim sadəcə özləri üçün daha yaxşı gələcək istədikləri üçün bu cür sınaqlara məruz qalan Ukraynanın cəsur insanları ilədir. Mən həmçinin öz azadlığı ilə risk edən bu zorakılığa qarşı çıxan və sülh istəyən rusiyalıları da dəstəkləyirəm. Biz sizin üçün dua edirik”.
Madonna Ukraynanı dəstəkləyib. Müğənni öz Instagram səhifəsində “Rusiyanın Ukraynaya mənasız, məkirli müdaxiləsi DAYANDIRILMALIDIR!” postunu və video paylaşıb.
Gecə Sankt-Peterburqda kimsə müharibəyə qarşı plakat asıb. Plakatda rus klassiki Aleksandr Vertinskiyə (1920) aid mahnıdan sitat yazılıb – “Mənim deməli olduğum” (“То, что я должен сказать”):
Bilmirəm, bu, nəyə və kimə lazımdır,
Kim əli titrəmədən onları ölümə göndərib,
Ancaq belə amansızca, belə qəddar və lüzumsuz
Onları Əbədi Sonsuzluğa buraxdılar!
-
Nikol Paşinyan: “Rusiyaya qarşı Qərbin sanksiyaları Avrasiya regionunun iqtisadiyyatına da əhəmiyyətli dərəcədə təsir edəcək”
“Rusiyanın Ukraynaya müdaxiləsinə görə Qərbin sanksiyaları Avrasiya regionunun iqtisadiyyatına da əhəmiyyətli dərəcədə təsir edəcək. Geosiyasi həssas tektonik proseslər gedir və sanksiyaların mənfi təsirini azaltmaq üçün operativ qərarlar qəbul etmək lazımdır”, – Ermənistanın baş naziri Nikol Paşinyan fevralın 25-də Qazaxıstanda Avrasiya İqtisadi İttifaqına (Rusiyanın liderliyi altında fəaliyyət göstərir) üzv dövlətlərin liderləri ilə görüşdə bildirib.
Paşinyan Rusiya Ukraynaya müdaxiləyə başlayandan ilk dəfə bu haqda ictimai çıxış edib.
-
Ukrayna haqda 07:00-a olan xülasə. Kiyevdə döyüşlər, ABŞ və Kanada Putinə qarşı sanksiyalar tətbiq edib
Gecə yarısından Kiyev küçələrində döyüşlər gedir, atışma, pulemyot sırası, partlayışlar. Hakimiyyət yerli sakinlərdən sığınacaqlara getməyi tələb edib.
Kiyevdə Qələbə prospektində, “Beresteyskaya” metrosu yaxınlığında döyüşlər, körpü partladılıb.Orada Ukrayna Baş Qərargah mühafizəsinin 101-ci briqadası yerləşir.
Kiyev vilayətinin Vasilkov şəhəri uğrunda və Xerson vilayətində ağır döyüşlər. Orada hərbi hissə və aerodrom yerləşir. Ukrayna hərbçilərinin bildirdiyinə görə, ora Rusiya desantları enmək istəyib və bundann sonra döyüşlər başlayıb.
Ukrayna Baş Qərargahı: təxminən səhər saat 6-da Ukrayna HHM qüvvələri ehtimala görə Kiyev vilayətində Vasilkov ətrafında Rusiya desantlarının olduğu İL-76 təyyarəsini vurublar.
Ukrayna prezidenti Zelenski Kiyevdən xalqa müraciət edib: “Bu gecə biz ayaqda qalmalıyıq, Ukraynanın taleyi elə indi həll olunur. Gecə çox ağır olacaq”. The Washington Post nəşrinin yazdığına görə, o, əsir düşməməsi və öldürülməməsi üçün ABŞ-ın təxliyyə təklifindən imtina edib. Daha əvvəl Zelenski deyib ki, o, Kreml tərəfindən “bir nömrəli hədəf” kimi qeydə alınıb, ailəsi isə “iki nömrəli hədəf” kimi. “Onlar dövlət başçısını məhv etməklə Ukraynanı siyasi cəhətdən məhv etmək istəyirlər”, – o bildirib və bir neçə saat sonra ətrafında ölkənin əsas rəhbərliyində olan şəxslərlə birlikdə video paylaşıb və onların Kiyevdə olduğunu qeyd edib.
Rusiya Müdafiə Nazirliyi: Rusiya hərbi hissələri müqavimətsiz Melitopola daxil olub.
ABŞ Maliyyə Nazirliyi Putinə qarşı rəsmi sanksiyalar tətbiq edib. “Maliyyə Nazirliyi çox nadir hallarda dövlət başçılarına qarşı sanksiya tətbiq edir. Putin Kim Çen In, Aleksabdr Lukaşenko və Bəşər Əsəd kimi despotlardan ibarət çox kiçik qrupa daxil olur”, – Maliyyə Nazirliyinin məlumatında deyilir.
ABŞ Rusiya XİN rəhbəri Lavrova və müdafiə naziri Şoyquya, o cümlədən də Rusiya Təhlükəsizlik Şurasının üzvlərinə qarşı sanksiya tətbiq edib. Daha əvvəl Putin və Lavrova qarşı Avropa İttifaqı və Böyük Britaniya sanksiya tətbiq etmişdi.
Avropa İttifaqı Dmitri Medvedevə və Rusiyanın hökumət başçısı Mixail Mişustinə qarşı sanksiya tətbiq edib.
Fevralın 28-dən Aİ Rusiya ilə viza rejiminin sadələşdirilməsi haqda razılaşmanı dayandırır.
Kanada Putin və RF-ə, o cümlədən də Belarus rəhbərliyinə qarşı sanksiyalar tətbiq edir. “Rusiyanın dərhal SWIFT beynəlxalq bank sistemindən çıxarılmasını tələb edirik”, – Kanadanın XİN rəhbəri Xristya Friland bildirib.
Bolqarıstan Polşa və Çexiyanın ardınca Rusiya təyyarələri üçün öz hava məkanını bağlayıb.
Rusiya BMT-nin Rusiyanın Ukraynadakı əməllərini qınayan qətnaməsinə veto qoyub. Təhlükəsizlik Şurasının 11 üzvü Qətnamənin lehinə, biri əleyhinə səs verib, üçü (Çin, Hindistan və BƏƏ) bitərəf qalıb. İndi bu məsələyə BMT Baş Assambleyasında baxılacaq, orada Rusiyanın veto hüququ yoxdur.
Britaniyanın baş naziri Boris Conson öz Twitter səhifəsindən rusiyalılara rus dilində və ukraynalılara Ukrayna dilində müraciət edib. “Böyük Britaniya xalqı bizim ukraynalı bacı və qardaşlarımızı Vətəninizə haqsız hücum qarşısında dəstəkləyir. <…> Putinin əməlləri Rusiyanın tam təcridinə, beynəlxalq aləm tərəfindən qapanmasına, iqtisadi sankisiyalar zərbəsinə və həm ukraynalıların, həm də bir daha ailələrini görməyəcək Rusiya əsgərlərinin saysız həyatları bahasına başa gələn mənasız qanlı müharibəyə aparır.
Mənim rusiyalı dostlarıma (rus dilinə keçir): Mən inanmıram ki, bu müharibə sizin adınızdandır! Bu böhran, bu faciə sona çata bilər və çatmalıdır (Ukrayna dilinə keçir), çünki dünyaya azad və müstəqil Ukrayna lazımdır. Böyük Britaniyanın baş naziri kimi mən bütün ölkə adında deyirəm “Ukraynaya eşq olsun!””.
Zelenski Rusiya ilə danışıqlarda vasitəçi olması üçün İsrailin baş nazirinə müraciət edib. Zelenskinin mətbuat katibi Sergey Nikifirov Moskvanın Kiyevin danışıqlardan imtina etməsi haqda iddiasını rədd edib. “Ukrayna atəşkəs və sülh haqda danışmağa hazir olub və hazırdır. Rusiya Federasiyasının prezidentinin təklifinə biz razılıq bildirmişik. Bilavasitə bu saatlarda tərəflər danışıqlar prosesinin yeri və zamanı haqda məsləhətləşmələr aparırlar. Danışıqlar nə qədər tez başlasa, normal həyatı bərpa etmək şansı bir o qədər çox olacaq”, – UNİIAN onun sözlərindən sitat gətirib.
“Yəqin ki, Zelensikinin işinə Kiyevdə qurulacaq yeni hakimiyyət baxacaq”, – Rusiyanın Avropa İttifaqı yanında daimi nümayəndəsi Vladimir Çijov “Euractiv” nəşrinə müsahibəsində bildirib.
Putinin fevralın 25-də gecə səsləndirdiyi Ukrayna hərbçilərinə ünvanlanan hakimiyyəti öz əllərinə götürmələri ilə bağlı müraciəti əvvəlkilərdən onunla fərqlənib ki, bu, əvvəlcədən yazılmış video olmayıb. Ekspertlər bildirirlər ki, Putin ilk dəfə hadisələrə real zaman çərçivəsində reaksiya verib.
Rusiya təslim olmaqda imtina etdikləri halda Ukrayna hərbçilərini və onların ailə üzvlərini öldürməklə təhdid etməyi planlayır. Amerika kəşfiyyatında belə bir informasiya var – CNN məlumat yayıb.
Rusiya qeyri-kommersiya təşkilatları Putinə Ukraynada müharibəni dayandırmaq çağırışı lə müraciət ediblər, müraciəti 38 təşkilat imzalayıb.
Müharibə dərhal dayandırılmalıdır – RFKP fraksiyasının üzvü Mixail Matveyev bildirib. “DXR/LXR-nın tanınmasına səs verdiyim zaman mən sülhə səs vermişdim, müharibəyə yox. Putin Rusiyası qalxan olsun ki, Donbas bombalanmasın, daha Kiyev bombalansın deyə yox”, Daha əvvəl RFKP-dən digər deputat Oleq Smolin müharibəyə qarşı çıxış etmişdi.
-
Tbilisidə izdihamlı Ukraynaya dəstək aksiyası
Tbilisidə Ukraynaya dəstək və Rusiya təcavüzünə qarşı izdihamlı aksiya keçirilib. İştirakçıların çoxu bildirib ki, “Gürcüstan Qaribaşvili deyil”. Baş nazir İrakli Qaribaşvilinin Qərb ölkələrinin Rusiyaya qarşı sanksiyalara qoşulmamaq haqda qərarı və onun bu haqda açıqlamaları, o cümlədən də “Ziyanvericilik bizim opponentlərin (müxalifətin) məşğul olduqları Ukrayna ətrafında mənasız səs-küydür”; “Bu gün bizi heç nə təhdid etmir. Biz sakitliyimizi qorumalıyıq. Gürcüstan təhlükədə deyil” kimi şərhləri cəmiyyətdə çoxlarını qəzəbləndirib.
Foto: Bəşir Kitaçayev /JAMnews
-
Ukrayna haqda 21:00-a olan xülasə. Rusiya Facebook-a qarşı, Kiyevdə işıq maskalanması
Kiyevdə qismən işıq maskalanması – Dnepr üzərindəki körpülərdə və bir çox şəhərlərdə işıqlandırma tam söndürülüb. Hava həyəcanı siqnalı intensivləşib. Sosial şəbəkələrdə yazırlar ki, bu, şəhərin yaxın zamanda bombalanması ehtimalı ilə bağlı ola bilər.
“Ukrayna ordusunun çarəsiz səylərinə baxmayaraq, təəssüf ki, Xersona keçid üzərində nəzarət itirilib”, – Xerson vilayətinin administrasiyasından bildirilib.
Rusiya prezidenti Putin: Kiyev Krımı tanımalı və NATO-ya daxil olmaqdan imtina etməlidir. Qərb Ukraynaya silah təchizatını dayandırmalıdır. Putinin mətbuat katibi Peskov deyib ki, “Ukrayna Minskdə danışıqlar aparmaq ideyasına cavab olaraq Varşavanı təklif edib, daha sonra isə əlaqəni kəsib”. O bildirib ki, Moskvanın danışıqlara hazır olduğu haqda cavabından sonra Ukrayna hakimiyyəti pauza götürüb, özləri isə “parallel olaraq yaşayış məntəqələrində silahlar yerləşdirməyə davam ediblər, bu, təhlükəli vəziyyətdir”.
Rusiya Facebook-a çıxışın qismən məhdudlaşdırıldığını bildirib. Bu, Facebook-un Kremlə yaxın dörd media orqanının – “Zvezda” telekanalı, “RİA Novosti”, “Lenta.ru” və “Qazeta.ru” – akkauntlarını məhdudlaşdırmasına cavab reaksiyasıdır.
Rusiyanın Avropa Şurasında üzvlüyü dayandırılıb. Bu o deməkdir ki, Strasburq Məhkəməsi rusiyalılar üçün ali məhkəmə instansiyası kimi açıq qalır.
Rusiya bu il “Eurovision” iştirakçıları sırasından çıxarılıb.
Rusiyanın “S7” aviaşirkəti Avropaya yüzlərlə reysi təxirə salıb, hələlik martınn 13-ə qədər, çünki Avropa ölkələri öz hava məkanını onun üçün bağlayıblar.
-
Ukrayna haqda 19:00-a olan xülasə. Putin “narkomanlar dəstəsi” haqda, Aİ “ən sərt sanksiyalar” haqda
Avropa İttifaqı sammiti Rusiyaya qarşı “tarixin ən sərt” sanksiyalar paketini razılaşdırıb. Bu haqda Avstriya kansleri Karl Nexammer bildirib. Sanksiyalar siyahısında ən çox müzakirə olunan maddə – Rusiyanın SWIFT-dən çıxarılması olmayacaq, Avropanın energi təhlükəsizliyi sahəsilə bağlı qorxularına görə – Bloomberg məlumat verib.
Aİ-nin maliyyə sanksiyaları Rusiya banklarının 70 faizini əhatə edəcək. Prezident Putinin və XİN rəhbəri Lavrovun aktivləri dondurulacaq, amma onlara Avropa giriş qadağan olunmayacaq.
Sanksiyalar Rusiyanın təyyarələr üçün ehtiyat hissələri ilə təchizatına da toxunacaq. Rusiyanın diplomatik pasportlarına sahib olanlara qarşı da məhdudiyyətlər tətbiq olunacaq.
Putin Rusiya Təhlükəsizlik Şurasının iclasında: “Kiyevdə yerləşmiş və bütün Ukrayna xalqını girov götürmüş narkomanlar dəstəsi və neonasistlərlə razılaşma gözləmirəm”. Putin Ukrayna hərbçilərini hakimiyyəti öz əllərinə götürməyə çağırıb.
Buna qədər mətbuat katibi Peskov bildirib ki, “Putin Ukrayna ilə danışıqlar üçün Rusiya nümayəndə heyətini Minskə göndərməyə hazırdır. Zelenski bildirib ki, neytral status haqda danışıqlara hazırdır. Əvvəlcədən prezident Vladimir Putin əməliyyatın hədəfinin LXR və DXR-a yardım etməkdir, eyni zamanda Ukraynanın demilitarizasiya və denazifikasiya yolu ilə. Elə bu da neytral statusun ayrılmaz hissəsidir”.
Finlandiyada “Russia Today”in yayımının tam dayandırılması haqda elan edilib.
Rusiyanın aparıcı telekanallarının yayımı Latviya, Estoniya, Litva və Polşada da müxtəlif meddətlərə qadağan olunub.
Rusiya XİN: İsveç və Finlandiyanın NATO-ya daxil olması Rusiyanın cavab addımını tələb edəcək.
Polşa gecə yarısından Rusiyanın aviaşirkətləri üçün öz səmasını bağlayacaq.
Çexiya da Rusiya təyyarələri üçün səma məkanını bağlamağı planlaşdırır. Praqa həmçinin rusiyalılara ölkə ərazisində yaşamaq hüququ verilməsini dayandırır – baş nazir Petr Fiala bildirib.
Beynəlxalaq Olimpia Komitəsi dünyanın idman federasiyalarını Rusiya və Belarus ərazisində keçirilməli olan yarışları təxirə salmağa çağırıb.
2022-ci il Dünya Şahmat Olimpiadası Rusiya ərazisində keçirilməyəcək – Beynəlxalq Şahmat Federasiyası bildirib.
“Rusiya əməliyyatının məqsədi Kiyevdəki marionet rejimi törətdiyi cinayətlərə görə məsuliyyətə cəlb etməkdir”, – RF XİN-dən bildirilib.
Rusiya Müdafiə Nazirliyi:
- Rusiya qoşunlarıKiyev ətrafında Hostomel aerodromunu itkisiz ələ keçirib və 200 “Ukrayna millətçisini” məhv edib;
- Kiyev qərbdən bloklanıb. Çerniqov tam bloklanıb;
- Ukrayna hərbçiləri Şevçenko meydanında “Qrad” qurğuları yerləşdiriblər. Müdafiə Nazirliyində hesab edirlər ki, onlar yaşayış məntəqələrinə cavab atəşlərinə təhrik etmək üçün Hostomeli vuracaqlar.
- Rusiya ordusu Kiyevin yaşayış məntəqələrini atəşə tutmayacaq.
-
Ukrayna haqda 16:30-a olan xülasə: Zelenski Putinə müraciət edib
Meydanda elə indicə hava həyəcanı siqnalı səslənir. “Şəhər müdafiə fazasına keçib, düşmən Kiyevə daxil olub və bizi məhv etmək istəyir”, – Kiyev meri Kliçko şəhər sakinlərinə müraciət edib. Yerli nəşrlər bildirirlər ki, Rusiya qoşunları Kiyevə daxil olur.
Rusiya Müdafiə Nazirliyi əmin edir ki, Rusiya qoşunları Kiyevin yaşayış məntəqələrini atəşə tutmayacaq.
Rusiya Müdafiə Nazirliyi: Rusiya desantları Kiyev ətrafındakı Hostomel aerodromunu tutublar, “Ukraynanın xüsusi təyinatlılarından 200 nəfər öldürülüb”.
Ukrayna prezidenti Zelenski: “Bir daha Rusiya Federasiyasının prezidentinə müraciət etmək istəyirəm. bütün Ukraynada döyüşlər gedir. Gəlin, danışıqlar masası arxasına oturaq. Bu, insanların ölümünü durduracaq”.
Rusiya prezidenti Putin ÇXR sədri Si Cinpinlə söhbətində: Rusiya Ukrayna ilə yüksək səviyyədə danışıqlara hazırdır. İnformasiyanı Çinin Mərkəzi Televiziyası yayıb.
Rusiya XİN rəhbəri Lavrov da Ukrayna ilə danışıqlara başlamağa çağırıb və şərt səsləndirib: Ukrayna ordusu silahı yerə qoymalıdır.
BMT: Rusiyanın təcavüzü nəticəsində iki gün ərzində ən azı 25 dinc sakin həlak olub, 102 nəfərə yaralanıb. Ukrayna rəsmi olaraq hərbçilər də daxil olmaqla 137 nəfərin həlak olduğunu açıqlayıb.
Çeçenistan Milli Qvardiyasının 10 minə qədər hərbçisi Çeçenistan lideri Ramzan Kadırovun şəxsi sərəncamı ilə Ukraynaya getməyə hazırlaşır. Bu dəstələr xalq arasında “pəncərə-qapı” adlandırılır, çünki onlar şəhər daxilində hərbi əməliyyatların aparılması və binaların “təmizlənməsi” üçün təlim ediliblər. Ehtimal olunur ki, Çeçenistanın “Cənub”, “Şimal” və “OMON” batalyonlarının 2000-ə yaxın əməkdaşı Ukraynadadır.
Ramzan Kadırov Zelenskiyə “eks-prezident olmamış” Putindən üzr istəməyi təklif edib:
Apple Pay və Google Pay sanksiya altında olan Rusiya banklarının kartları ilə işləməyəcəklər.
“Formula-1” avtomobil yarışları üzrə Dünya Çempionatının Rusiya mərhələsi ləğv edilib. Buna qədər bir neçə yarışçı Rusiya Qran-Prisində iştirakdan imtina etmişdi.
“Mançester-Yunayted” futbol klubu rəsmi daşıyıcısı olan “Aeroflot”la müqaviləni ləğv edib.
Ukrayna Ali Radasının deputatı Aleksey Qonçarenko Gürcüstana müraciət edib: “Gürcüstan Rusiyaya qarşı sanksiyaları dəstəkləməyib. Siz Stokholm sindromundan əziyyət çəkirsiz? Baş nazir İrakli Qaribaşvili bildirib ki, sanksiyalar onun ölkəsinə ciddi ziyan vurur. Bunun müzakirəsi üçün heç parlament də toplaşmır […]. Gürcülər, qardaşlar, necədi sizin üçün? 2008-ci ildə Rusiya tankları Tbilisiyə yaxınlaşanda Ukrayna prezidentinin necə gəldiyini unutmusuz? Siz buna dözəcəksiz, yoxsa Qaribaşviliyə nə etməli olduğunu izah edəcəksiz?”
-
Ukrayna haqda 14:30-a olan xülasə. Kiyevdə döyüşlər, Gürcüstan Rusiyaya qarşı sanksiyalara qoşulmayacaq
Kiyevdə “Yulian” aeroportu qarşısında partlayışlar.
Associated Press: Kiyevdə hökumət binalarının yerləşdiyi rayonda atışma səsləri eşidilir
Ukrayna DİN Ali Rada deputatlarına silah paylayıb.
UEFA 2022-ci il Çempionlar Liqasının final oyununu Sankt-Peterburqdan Parisə keçirib.
Fransa İqtisadiyyat Nazirliyi: Sanksiyaya düşmüş bütün rusiyalıların ölkə daxilindəki hesabları bloklanacaq.
Finlandiya Ukraynaya müdafiə üçün 50 milyon dollar ayıracaq.
“Rusiya aviasiyası” Böyük Britaniyanın tətbiq etdiyi sanksiyalara cavab olaraq, Britaniya təyyarlərinin Rusiyaya uçuşuna qadağa qoyub.
Gürcüstanın baş naziri Qaribaşvili: Gürcüstan Qərbin Rusiyaya qarşı sanksiyalarına qoşulmayacaq.
Bir çox ölkələrin sanksiyası altında olan Rusiyanın VTB bankı Gürcüstanda öz fəaliyyətini davam etdirəcək. Gürcüstanın Milli Bankından bildirilib ki, VTB ilə birlikdə daha əvvəl sanksiya halı üçün plan hazırlanıb, buna görə bank ödəniş iqtidarındadır, əmanətçilərin maraqları qorunur.
-
Ukrayna haqda 12.30-a olan xülasə. Rusiya tankları Kiyevin yaşayış məntəqələrində
Almaniyanın maliyyə naziri Rusiya banklarının “tam blokadası” haqda bildirib. Almaniya Maliyyə nazirliyi Rusiya ilə bütün işləri tamam kəsib.
RF Müdafiə Nazirliyi: Ukraynada 11 hərbi aerodrom sıradan çıxarılıb. 150 Ukrayna əsgəri silahnı atıb və Rusiyaya təslim olub. Rusiya HHQ Çernobıl AES ətrafındakı rayonu nəzarət altına götürüb.
Ukrayna Müdafiə Nazirliyi: Ukrayna silahlı qüvvələri Çerniqov ətrafında Rusiya qoşunlarının hücumunu dəf edib.
Ukrayna müdafiə nazirinin müavini: Ukrayna hərbçiləri cildində Kiyevin mərkəzinə soxulmaq istəyən Rusiyanın diversiya-kəşfiyyat qrupu zərərsizləşdirilib.
Ukrayna prezidenti Zelenski Şərqi Avropa ölkələrinə müharibə əleyhinə koalisiya yaratmağı və birlikdə Rusiyanı sülh imzalamağa vadar etməyi təklif edib. Təklif olunan tədbirlər siyahısına Rusiyaya qarşı iqtisadi təzyiq və Ukraynaya hərbi yardım daxildir.
-
Azərbaycan XİN müharibəni şərh etmir, amma Ukraynadakı vətəndaşlarını Moldovaya getmək imkanı haqda məlumatlandırır
Azərbaycan XİN bu ana qədər bircə dəfə də Rusiyanın Ukraynaya qarşı təcavüzünü və gedən tammiqyaslı müharibəni şərh etməyib. Bu gün birinci dəfə bu mövzuya toxunulub, amma sadəcə Ukraynada olan Azərbaycan vətəndaşlarına müraciət formasında.
XİN bildirib ki, “ciddi təhlükə halında Ukraynadan quru yolu ilə Oknitsa və Palanka sərhəd nəzarət məntəqəsindən keçərək Moldovaya getmək mümkündür”. Həmçinin Ukraynada olan Azərbaycan vətəndaşlarını hərbi obyektlərdən uzaq olmağa, evdə və ya təhlükəsiz yerlərdə qalmağa çağırıblar.
Hazırda Azərbaycanın heç bir başqa rəsmi strukturu və ya məmuru, o cümlədən də prezident bircə dəfə də olsun Ukraynada müharibəni şərh etməyiblər.
-
Ukrayna haqda 10:00-a olan xülasə. Cəbhə xəbərləri, tanklar Kiyevə doğru gedir
Ukrayna Baş Qərargahının səhər saat 8-ə olan operativ məlumatı:
Səhər saat 4-də zenit kompleksləri “Kiyev istiqamətində “qardaşlardan” iki ölümcül zərbəni”dəf edib (sitat).
Rusiya qoşunları təyyarələrlə Kropivnitski şəhəri (Kirovoqrad vilayəti) ətrafına atılıb.
Ukrayna hərbçiləri Vilkovo və Tiraspol (hər ikisi Moldova sərhədində yerləşir) yaxınlığında Rusiya vertolyotlarının fəallığını qeyd ediblər.
Rusiya hərbi texnikasının ən çox cəmləşdiyi yer Dimera və İvankov (Kiyev vilayəti) rayonlarıdır. Orada döyüşlər gedir. “Ukrainskaya Pravda” yazır ki, Ukrayna qüvvələri Rusiya tanklarının hərəkətini çətinləşdirmək üçün körpünü partladıblar.
Baş Qərargah Jitomir vilayətində Teterev çayı üzərində körpünün partladılmasını təsdiqləyib.
Kiyev yaxınlığında Antonov (Hostomel) aerodromu ətrafında döyüşlər gedir. Dünən Rusiya qoşunları tərəfindən ələ keçirilsə də, indi aerodrom yenidən Ukrayna qüvvələrinin nəzarətindədir.