“Bu, cinayətdən daha betərdir” – Rusiyanın Ukraynaya qarşı təcavüzünə Bakıdan reaksiya
Rusiyanın Ukraynaya hərbi müdaxiləsi Azərbaycan cəmiyyətində kəskin mənfi reaksiya doğurub. Sosial şəbəkələrin yerli seqmentində istifadəçilər Rusiya hakimiyyətinin əməllərini pisləyir və Ukrayna xalqına tam dəstək ifadə edirlər. Azərbaycan hakimiyyəti hələ ki, rəsmi reaksiya verməyib.
JAMnews azərbaycanlı ekspertlərin və sadə istifadəçilərin bəzi şərhlərini toplayıb.
- “Putin bu dəfə təəccübləndirmədi” – Bakıdan şərh
- Putin LXR/DXR-ın müstəqilliyini tanıdı, Rusiya qoşunları Şərqi Ukraynaya daxil oldu
- Azərbaycan Rusiya ilə müttəfiqlik bəyannaməsi imzalayıb. Bu nə deməkdir?
Tofiq Zülfüqarov, Azərbaycanın keçmiş xarici işlər naziri:
“…Bu, cinayətdən daha betərdir – bu səhvdir… Putin dövrünün qaçılmaz qürubu başladı…”
Natiq Cəfərli, müxalif Respublikaçı Alternativ Partiyasının liderlərindən biri:
“Dünya sınaq qarşısındadır, balacaboy, komplekslərlə dolu Rus Ayısı Ukraynanın böyük bir hissəsini işğal edib, masa quracaq. Əgər Qərb də o masaya oturub işğalın bəzi nəticələrini tanıyacaqsa, 1938-də Sudetin ilhaqından sonra Hitlerə etdiyi güzəşti göstərəcəksə, daha ağır vəziyyət yaranacaq.
Çox ağır durumdayıq, əgər indi paralel olaraq Çin də Tayvanı zəbt etsə, yeni “Yalta” qurulacaq. Dünyanın yenidən bölüşdürülməsi baş verəcək, dünyaya yeni “dəmir pərdə” çökəcək, Cənubi Qafqaz “pərdənin” Ayı tərəfində qala bilər, ən böyük təhlükə budur!
Ukrayna indi həm özünün, həm də bizim müstəqilliyimiz üçün vuruşur!
Slava Ukraine!
P.S. Öz slavyan qardaşının başına bomba atan Putin, 10 noyabrda biz dayanmasaydıq, nələr edərdi – bir bunu da düşünün”.
Elxan Şahinoğlu, “Atlas” Analitik Mərkəzinin direktoru:
“Proqnozlaşdırdığımız kimi Kreml sahibi Donbasla kifayətlənən deyil. “Putin düyməyə basıb və mexanizm hərəkətə gəlib” fikrimə etiraz edənlər var idi. Putin Ukraynanı parçalamayana qədər sakitləşən deyil. Rusiya dayandırılmasa ardı gələcək”.
Şahin Cəfərli, politoloq:
“Qardaş xalqa və ölkəyə savaş açmaqdan daha əclaf bir davranış ola bilməz.
Təsəvvür edin, Türkiyə Azərbaycanı bombalayır, ölkəmizə hücum edir, belə bir şeydir.
“Atom bombalı Hitler” Ukrayna xalqına və insanlığa qarşı cinayət törədir. Amma Ukrayna asanlıqla təslim olan deyil.
Prezident Zelenski bir azdan xalqa müraciət edəcək. Adamın qəribə taleyi var: cəmi 3 il əvvələ qədər komik aktyor kimi şən konsertlər verirdi, gülürdü və güldürürdü, indi ölkəsinin tarixinin ən önəmli anında dramanın tam ortasında qalıb. Tanrı köməyi olsun!
Slava Ukraine!
Ələsgər Məmmədli, media hüququ eksperti:
“Rusiyanın Ukraynaya hərbi müdaxiləsi qarşısında təəssüf ki, Ukrayna yalnız mübarizə aparmalı olacaq. (O da bir yerə qədər). Qərb Rusiyaya qarşı açıq hərbi əməliyyatlara risk etməyəcək. Qərbin bu tip problemlərdə öncəliyi öz ölkə və xalqının təhlükəsizliyidir. Dünya ictimai rəyini heçə sayıb, Ukraynaya nümayişkaranə müdaxilə edən Rusiya prossesə hərbi müdaxilə edən Qərbi nüvə silahı ilə təhdid edə bilər. Nə ABŞ, nə Avropa ölkələri bu riskə getməz, çəkinər…”
Şahbaz Xuduoğlu, naşir:
“Bir xəritə gördüm, Ukrayna ərazisinə atılmış rus raketlərinin düşdüyü obyektlərə ulduzlar yapışdırılıb.
Bunlar ötən gecə ərzində baş verib. Ukraynanın hələ ki, hərbi obyektləri dağıdılıb. Sabah necə olacaq, bilmək olmaz.
Putin dünən çox sərt danışıdı. Bu o demək idi ki, Ukrayna əsas hədəf deyil; hədəfə gedən yolda bir maneədir. Rus ordusu indi durdurulmasa, Polşa, Çexiya, Almaniya və bütün Avropa…
Çox deyirlər ki, Putin sovet ittifaqını bərpa etmək istəyir. Əsla, ona bu lazım deyil. O dünyanın ən böyük rus imperatorluğunu yaratmaq istəyir”.
İqbal Ağazadə, Milli Məclisin deputatı:
“Biz bu savaşda Ukraynanı haqlı bilirik. Haqlının yanında olmağı isə borcumuz hesab edirik.
Yaşasın Ukrayna!
Təcavüzə son!”
Rəhim Xoyski, istifadəçi:
“Ukrayna boyda dövlətin Rusiya qarşısında necə aciz olduğunu hamınız yəqin ki, müşahidə edirsiniz. O gün yazdım ki, Rusiya ilə münasibətləri yaxşı saxlamaqdan başqa yolumuz yoxdur.
Avropayla sərhəd olan, o boyda resurs və əraziləri olan Ukrayna Rusiya qarşısında bu qədər aciz olduğu vaxtda bir neçə gün öncə bizim facebook siyasətşünaslarımız Azərbaycanın Rusiyayla münasibətlərini yaxınlaşdırmasına etiraz edirdilər. Əcaba, başqa yolmu var? Varsa, göstərin. Adamlara desən ki, gəlin sabah Rusiya ilə savaşaq, deyəcəklər ki, nowar/peace. Deyirsən, okay, başqa yol nədir, deyən yoxdur.
Əslində bu gün Rusiyaya lağ edib, onun nə qədər təhlükəli olduğunu ciddiyə almayan insanların əksəriyyəti Elçibəyi bəyənməsələr də, onların bugünkü düşüncəsinin bünövrəsi elə Elçibəy düşüncəsidir. Əmin olun, bu adamlar hakimiyyətdə olsaydı, indi Elçibəy kimi bəlkə Kremlə nota filan verəcəkdilər.
Unutmayın, Azərbaycan meşədə ətrafı canavarlarla dolu olan bir quzudur. Biz elə siyasət aparmalıyıq ki, həm canavarlar doysun, həm də quzu sağ qalsın”.
Rövşən Ağayev, iqtisadçı:
“Bu gün Ukrayna yox, bütün Qərb dünyası sınaq qarşısındadır.
Ukraynanın məğlubiyyəti başda ABŞ olmaqla Qərb siyasi coğrafiyasının məğlubiyyəti olacaq.
Bu məğlubiyyət təkcə Rusiyanın yox, dünyada avtoritarizmin ən nəhəng dayağı, demokratik dəyərlərin düşməni olan Çinin də qlobal hegemonluğu qarşısında maneələri dağıtmış olacaq.
Bu, son 15 ildə Rusiyanın ifasında demokratik dəyərlərin avtoritar düşüncə qarşında daha bir məğlubiyyəti olacaq”.