Britaniya məhkəməsi azərbaycanlı deputatın ailəsinin hesablarındakı milyonlarla vəsaiti müsadirə edib
Böyük Britaniya məhkəməsinin qərarı ilə Azərbaycan parlamentinin deputatı Cavanşir Feyziyevin ailə üzvlərinin hesablarında olan 5,6 milyon funt sterlinq [təxminən $7,5 mln] müsadirə edilib. Bu pullar Britaniyanın Cinayətkarlıqla mübarizə üzrə milli agentliyinin (NCA) xeyrinə götürülüb. Məhkəmədə agentlik sübuta yetirə bilib ki, həmin vəsait ölkəyə qeyri-qanuni yolla daxil edilib.
- Azərbaycan prezidentinin əmisi qızı həbs oluna bilər
- Azəbaycanlılar Çexiyada: parlayan hər şey demokratiya deyil
- Zamirə Hacıyevanın işi: Böyük Britaniya “izaholunmaz varidatı” olan əcnəbilərə qarşı ova başlayıb
“Evening Standard” nəşri yazır ki, Böyük Britaniyanın hüquq-mühafiqə orqanları korrupsiya yolu ilə qazanılmış pulların əldə olunmasında azərbaycanlı deputat Cavanşir Feyziyevin həyat yoldaşı Pərvanə Feyziyevanı, bu cütlüyün oğlu Orxan Feyziyevi və deputatın qardaşı oğlu Elman Cavanşiri ittiham edib.
Mənbə qeyd edir ki, sözügedən adamların hesablarında 15,3 milyon funt sterlinq [təxminən $20,7 mln] həcmində vəsait aşkarlansa da, ittiham tərəfi bunun yalnız təxminən üçdə bir hissəsinin əldə olunmasında cinayət tərkibinin mövcudluğunu sübuta yetirə bilib.
Məqalədə bildirilir ki, Feyziyevə məxsus hesablardan pulların onun ailə üzvlərinin hesablarına köçürülməsində məqsəd onun ailə üzvlərinin Böyük Britaniyada birinci dərəcəli investor statusu almaları olub. Hımin status əcnəbilərə Böyük Britaniya ərazisində yaşayış hüququ verir. Azərbaycanlı deputatın ailəsi Londonda Ricents-parkın yaxınlığındakı Kamberland-Terrasda evə sahibdir.
NCA-in vəkili Kollinqvud Tompson məhkəmədə bildirib ki, Feyziyevin ailə üzvləri tərəfindən pulların yuyulması əməliyyatı zamanı bir sıra saxta sənədlərdən və müqavilələrdən istifadə olunub. Onun sözlərinə görə, bu, həm də Estoniyada və Latviyada yerləşən banklar vasitəsilə pulların ötürülməsi üçün “klonlaşdırılmış” şirkətdən və digər yalançı şirkətlərdən istifadə ilə bağlıdır.
Vəkil əlavə edib ki, əslində Feyziyevin həyat yoldaşının, oğlunun və qardaşı oğlunun hesablarında olan pullar, çox güman ki, “korrupsiya, oğurluq, dələduzluq və pulların yuyulmasından” daxil olan gəlirlərdir.
“Pullar deputatın Latviyadakı ABLV bankındakı hesabından köçürülüb və bu hesaba, öz növbəsində, həmin bankdakı digər hesabdan 34,5 milyon dollara yaxın vəsait köçürülüb ki, sonuncu hesab Feyziyevin həmtəsisçisi olduğu “Avromed” şirkətinə məxsusdur”, – vəkil deyib.
O əlavə edib ki, pulların köçürülməsi üçün istifadə olunan şübhəli metodlara “kommersiya mənası” olmayan tranzaksiyalar da aiddir. Belə ki, “Avromed”in Latviyanın ABLV bankındakı hesabına iri məbləğlər güman edilən mal təchizatı məqsədilə köçürülüb və bundan dərhal sonra analoji məbləğlər Feyziyevin şəxsi hesabına və onun ailə üzvlərinin hesablarına köçüb.
“Lənət şeytana, şirkət pul paylayaraq necə pul qazana bilər?” – Tompson bildirib. Onun iddiasına görə, əslində, heç bir biznes aparılmayıb və “Avromed”in hesabları sadəcə olaraq qeyri-qanuni pulların bank sistemi vasitəsilə köçürülməsi üçün istifadə edilib.
Cavanşir Feyziyev kimdir?
58 yaşlı Cavanşir Feyziyev üç dəfə ardıcıl (2010, 2015 və 2020-ci ildə) Milli Məclisin deputatı seçilib. Parlamentin Beynəlxaqlq Əlaqələr və Parlamentlərarası Əlaqələr Komitəsinin üzvüdür.
Fəlsəfə doktoru, Mətbuat Şurasının idarə heyətinin və Azərbaycanın Yazıçılar Birliyinin üzvüdür.
Azərbaycan qanunlarına görə, deputatlara bizneslə məşğul olmaq qadağan olsa da, Feyziyev ölkədə “Avromed” farmakoloji şirkətinin faktiki sahibi kimi tanınır. Hərçənd şirkətin özündə bu fakt inkar edilirdi. Amma daha sonra deputat özü etiraf edib ki, 2010-cu ilə qədər şirkətin direktoru olub, amma 2016-cl ildə şirkətdəki səhmlərini satıb.
Bir müddət əvvəl, 2019-cu ildə Cavanşir Feyziyevin adı Bakının mərkəzində fövqəladə baha daşınmaz əmlak alınması haqda qalmaqallı məsələdə hallanmışdı.