Tarix açıqlandı: Ermənistanda növbədənkənar parlament seçkiləri iyunun 20-də keçiriləcək
Ermənistanda növbədənkənar parlament seçkiləri iyunun 20-də keçiriləcək. Tarixi baş nazir Facebook səhifəsində açıqlayıb. Buradaca Nikol Paşinyan yazıb ki, ölkədəki siyasi qüvvələr bunun uzanan böhrandan ən yaxşı çıxış yolu olması ilə bağlı vahid fikrə gəliblər.
Bu bəyandan əvvəl Ermənistan prezidenti, o cümlədən də parlamentdə təmsil olunan müxalifət partiyalarının nümayəndələri ilə məsləhətləşmələr aparılıb.
Martın 18-də, baş nazir seçkinin keçiriləcəyi tarixi bəyan etməzdən az əvvəl baş nazir “Çiçəklənən Ermənistan” fraksiyasının rəhbəri Qaqik Sarukyanla görüşüb. “Maariflənmiş Ermənistan” fraksiyasının rəhbəri Edmon Marukyanla görüş martın 15-də baş tutub. Bundan sonta o bildirib ki, “hakimiyyətdə seçkiyə getmək iradəsi” görüb.
Ermənistanda daxili böhran baş nazir Paşinyan Qarabağda hərbi əməliyyatların dayandırılması haqda Ermənistan tərəfi üçün sərfəli olmayan sənədi imzalayandan sonra başlayıb.
Müxalifət onun istefasını tələb edib, Nikol Paşinyan isə bildirib ki, sadəcə müxalifət tərəfdarlarının istəyilə vəzifədən getmək niyyətində deyil. Bütün ölkə sakinlərinin fikrini müəyyən etmək üçün o, seçki keçirməyi təklif edib.
- Siyasi qeyri-stabillik, işsizlik, Qarabağ münaqişəsi – Ermənistanın üç əsas problemi
- Müharibədən sonrakı həyat: Ermənistanın sərhədyanı kəndinin gənc nümayəndəsinin müsahibəsi
Baş nazirin Sarukyanla görüşü haqda
Baş nazirin “Çiçəklənən Ermənistan” partiyasının lideri Qaqik Sarukyanla görüşü çoxdan gözlənilirdi, ertələnmə səbəbləri açıqlanmırdı. Martın 18-də səhər məlum olub ki, gün ərzində, nəhayət, bu görüş baş tutmalıdır.
Nahardan sonra baş nazir Facebook səhifəsində Qaqik Sarukyanla artıq görüşdüyü haqda məlumat verib.
“Mənim prezident, “Mənim addımım” [iqtidar] fraksiyası, “Maariflənmiş Ermənistan” fraksiyasının lideri Edmon Marukyanla apardığım məsləhətləşmələri diqqətə alaraq bu il iyunun 20-də respublikada növbədənkənar parlament seçkiləri keçiriləcək”, – Paşinyan yazıb.
Müxalif “Çiçəklənən Ermənistan” fraksiyasının lideri isə baş nazirlə görüşdən sonra Facebook səhifəsində yazıb ki, hakimiyyəti kimə etibar edəcəyinə xalq özü qəar verməlidir:
“Bir neçə gün əvvəl mən bildirmişdim ki, ölkənin ağır vəziyyətdən çıxması üçün ən qısa müddətdə yeni hakimiyyət və yeni hökumət formalaşdırmaq lazımdır. Bunun üçün yeganə legitim yol növbədənkənar parlament seçkiləridir”.
Niyə seçki məsələsi bu qədər uzun zamandır həll olmur?
Baş nazir əvvəl də siyasi böhrandan bu çıxış yolunu təklif edib. Amma əvvəlcə o, parlamentdə təmsil olunan müxalif partiyalarla memorandum imzalanmasını istəyirdi. Hazırkı hökumət başçısının istefasından sonra onların baş nazir vəzifəsinə öz namizədlərini irəli sürməkdən imtina etmələri gözlənilirdi.
Məsələ burasındadır ki, ölkə konstitusiyasına əsasən, parlamentin buraxılması və növbədənkənar seçkilərin keçirilməsi üçün baş nazir istefa verməlidir, Milli Məclis isə iki dəfə yeni hökumət başçısnın seçkisini pozmalıdır.
Əgər müxalifət namizəd irəli sürsə və parlament yeni baş naziri seçmiş olsa, seçki artıq baş tutmayacaqdı. Amma iqtidar qüvvəsi parlament çoxluğuna sahibdir və ekspertlərin dəyərləndirməsinə görə, bu cür qorxunun heç bir əsası yoxdur.
Parlamentdən kənar müxalifətin mövqeyi
Ermənistanın parlamentdə təmsil olunmayan birləşmiş müxalifət partiyaları 2020-ci ilin payızından faəl küçə mübarizəsi, baş nazir və bütün hökumətin istefası təbliğatını aparırlar. Onlar hesab edirlər ki, hazırkı hakimiyyətin zamanında növbədənkənar seçkilər nəticələrin saxtalaşdırılması ilə yekunlaşacaq.
Buna görə də onlar əvvəlcə hazırkı hökumətin kənarlaşdırılmasını və yenisinin formalaşdırılmasını – baş nazir postuna onların namizədinin liderliyi altında, daha sonra isə seçki keçirilməsini tələb edirlər.
Baş nazir postuna müxalif “Vətənin Xilası naminə Hərəkatının” namizədi Vazgen Manukyan özü isə bildirib ki, hazırkı hökumətin nəzarəti altında seçki “Ermənistana ziyan vura bilər”:
“Xaos, xarici təhlükə şəraitində seççkilərin keçirilməsi absurddur. Və ölkəni bu vəziyyətdən çıxarmaq əvəzinə bu, vəziyyəti daha da çətinləşdirəcək. Problem dövlətin məhvinin qarşısının alınmasındadır ki, bu da hazırkı hakimiyyətin getməsini tələb edir”.
Sosial şəbəkələrdə nə yazırlar?
Facebook-un Ermənistan seqmentinin fikri parçalanıb. Bir qism baş nazirin yayda seçki keçirmək qərarını dəstəkləyib, digərləri isə hökumət başçısının hələ də istefa verməməsindən qəzəblənib.
Bəzi şərhlər:
“Həyat necə maraqlıdır. 2018-ci ildə mən ilk dəfə belə həvəslə seçkiyə getdim və səsimi sizə verdim [lideri Nikol Paşinyan olan “Mənim addımım” siyasi qüvvəsindən danışır – JAMnews], hətta siyahıda başqa namizədlərin adlarında da baxmadım. İndi də səbrsizliklə bu günü gözləyirəm ki, sizi seçməmək üçün digər namizədlərin siyahısına baxım!”
“Paşinyan və onun komandasına səs verənlər öz səsini Əliyevə və Ərdoğana verəcək – onların adları bülletendə göstərilməsə də”.
“Bu müxalifətçilər çox maraqlı siyasətçilərdir. Hamısı hazırkı baş nazirin istefasından sonra seçki istəyir. Niyə? Yəqin Nikol onlara xəbərdarlıq edib ki, seçiciləri satın almağa imkan verməyəcək! Bu halda onların seçilmək imkanı cüzidir!”
“Müxalif “Vətənin Xilası naminə Hərəkatın” namizədi Vazgen Manukyan artıq baş nazir postunda olub və “fərsiz olduğunu” sübut edib. Bu o adamdır ki, ölkənin bütün əmlakının – ittifaqdan sonra qalan zavodların və fabriklərin satılmasına razılıq verib!
Ədalət üçün qeyd etməliyəm ki, onun dövlət qarşısında xidmətləri var. Amma o və onun kompaniyasının sonradan elədikləri mənim onun haqqında bildirim bütün yaxşıların üzərindən xətt çəkdi”.
“Bu yanlış addımdır. Siz böyük pulları heç nəyə xərcləyəcəksiz. Siz legitim baş nazirsiz və nöqtə! Adını müxalifət qoyanları isə çoxdan ən azı tutmaq lazım idi”.
“Paşinyan istefa ərizəsi təqdim etməlidir, seçki təyin etməməlidir! Onun öz baş nazir kreslosundan imtina edəcəyinə necə inanmaq olar?”