Gürcüstanda QİÇS: 10 fakt
1. İİV artıq çoxdan son deyil
Həkimə vaxtında müraciət edilsə və müalicəyə başlansa, infeksiyanın yayılması xeyli ləngiyir. Yəni virusun yayılmasını dərmanlar vasitəsilə dayandırmaq və virusun immun sistemini dağıtmasının qarşısını almaq mümkündür. Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) rəsmi şəkildə bildirir ki, müasir müalicə metodlarının köməyi ilə İİV ölümcül xəstəlik deyil, xroniki infeksiyadır. İİV-in düzgün müalicəsi zamanı o QİÇS-ə çevrilmir.
2. Dövlət müalicə edir
Gürcüstanda dövlət İİV-ə yoluxmuş vətəndaşların müalicəsi ilə bağlı xərclərin 100%-ni ödəyir.
3. Gürcüstanda İİV-ə yoluxanlar çoxdur
6 mindən çox insan İİV-ə yoluxub – bu, rəsmi rəqəmlərdi və Gürcüstan kimi kiçik bir ölkə üçün kifayət qədər böyük sayılır. Adətən real göstəricilər rəsmi məlumatlardan bir neçə dəfə çox olur, amma QİÇS Mərkəzində bununla bağlı təxminlər etməyə çətinlik çəkirlər. Rəsmi rəqəmlər bunlardı: 6065 İİV-ə yoluxan qeydə alınıb. Bunlardan 4508-i kişi, 1557-i qadındır. Əksər qeydiyyata alınanların yaşı 29-40 yaş arasıdır.
4. Təəssüf ki, çoxları müalicəyə gecikir
Rəsmi statistikaya əsasən, İİV-ə yoluxan 3399 pasientdə QİÇS inkişaf edib, onlardan 1201 nəfəri həyatını itirib.
5. Orta hesabla pasientlər 2 il gecikir
Bu, Gürcüstanın QİÇS Mərkəzinin mütəxəssislərinin hesablamalarıdır. Onlar hesab edirlər ki, gec müraciət etmə cəmiyyətdə yayılan “QİÇS fobiyası ilə bağlıdır: elə insanlar var ki, onlar özlərində İİV-in olduğunu təxmin edirlər, amma bu diaqnozu təsdiq etdirməyə qorxurlar, çünki artıq özlərinə kömək edə bilməyəcəklərini düşünürlər. Digər bir səbəb başqa profilli həkimlərin az məlumatlı olmasıdır – bəzən onlar illər boyu pasientlərini müxtəlif müayinələrə göndərir və onları İİV analizinə göndərməyi ağıllarına belə gətirmirlər.
6. İİV-ə yoluxanların sayı stabil olaraq artır
2008-ci ildə 351, 2010-da 455, 2014-cü ildə isə 564 İİV-ə yoluxma halı qeydə alınıb.
7. Narkotik yox, seks
Seksual əlaqələr ən geniş yayılmış yoluxma yoludur. Qoruyucusuz cinsi əlaqə nəticəsində Gürcüstanda 2674 nəfər İİV-ə yoluxub. Keçmişdə hesab olunurdu ki, bu infeksiya daha çox narkotiklərin inyeksion istifadəsi nəticəsində yayılır, amma 2015-ci il noyabr statistikasına görə, bu yolla (narkotik) Gürcüstanda 2491 nəfər yoluxub.
8. Gürcüstanın Qərbində Şərqinə nisbətən İİV daşıyıcısı xeyli çoxdur
Bu, əsasən sərhədlərin yaxınlığı ilə bağlıdır, Sameqrelo və Acariyanın sakinləri tez-tez Türkiyəyə gedirlər. Dünya statistikasına görə, liman şəhərlərində İİV-ə yoluxanların sayı həmişə daha artıq olur – yəni Gürcüstanda söhbət Poti və Batumidən gedir.
9. Daşıyıcıların əksəriyyəti öz statusları haqqında təsadüfən öyrənirlər
“Dostlarıma qan lazım oldu və mən donorluq etmək qərarına gəldim, İİV-ə məcburi analizdən keçdim və dəhşət içində yoluxduğumu öyrəndim, – JAMnews-a Gürcüstanın QİÇS və Kliniki İmmunologiya Mərkəzinin pasientlərindən biri olan Mariam danışır. “Əlbəttə, təkrar yoxlanıldım və bəli, məlum oldu ki, bu doğrudur. Mən adi evdar qadınam, ailəliyəm, üç uşağım var. Bu yeni statusu qəbul etmək çətin idi.
10. Psixoloji problemlərə üstün gəlmək olar
Əlbəttə ki, hər şey individualdır, amma Gürcüstanın QİÇS və Kliniki İmmunologiya Mərkəzinin mütəxəssisləri öz statusu haqqında yenicə öyrənən (və bu səbəbdən də depressiyaya düşən) pasientlə psixoloqun deyil, digər İİV-ə yoluxan, illərlə İİV-lə yaşayan və obyektiv olaraq özünü yaxşı hiss edən adamın danışmasını effektiv sxem hesab edirlər.