Gürcüstan koronavirusun yayılmasının qarşısını almaq məqsədilə tənzimləmələri sərtləşdirir
Koronavirusun yayılmasının qarşısını almaq üçün Gürcüstan müəyyən tənzimləmələri sərtləşdirir.
Hökumətin qərarı ilə:
- Açıq və qapalı məkanlarda tədbirlərə nəzarət sərtləşdirilir;
- Batumi və Kobuletidə tədris sentyabrın 15-dən distant rejimdə başlayacaq;
- Gürcüstana gəlmək istəyən əcnəbilər son 72 saat ərzində keçirilən PCR testinin nəticəsini təqdim etməlidir;
- Karantinin müddəti 12 gündən 8 günə endirilib.
Batumi və Kobuletidə tədris sentyabrın 15-də distant rejimdə davam etdiriləcək
Koordinasiya Şurasının qərarı ilə son bir neçə gün ərzində koronavirusa yoluxanların sayının artdığı Batumi və Kobuletidə məktəb şagirdləri və tələbələr sentyabrın 15-dən oktyabrın 1-ə qədər distant rejimdə təhsil alacaqlar.
Batumi və Kobuletidə auditoriyalarda tədris prosesi oktyabrın 1-dən bərpa olunacaq.
Gürcüstanın bütün qalan regiona və şəhərlərində auditoriyalarda tədris planlaşdırıldığı kimi sentyabrın 15-dən başlayacaq.
Qapalı məkanlarda tədbirlərə nəzarət sərtləşdirilir
Baş nazir Giorgi Qaxariya bildirib ki, təhlükəsizlik tədbirlərinin sərtləşdirilməsi sosial tədbirlərdə (toy, yas, yubiley) bir neçə yoluxma halı qeydə alınandan sonra vacib hesab edilib.
“Sosial və ayin mərasimlərinə, xüsusən də qapalı məkanlarda daha çox nəzarət lazımdır. Son aylarda çox böyük toyların keçirildiyi Acarıstan buna bariz nümunə ola bilər. Belə sosial tədbirlərin virus yayılması mənbəyinə çevrildiyi hallar da olub. Buna görə də qapalı məkanlarda tədbirlərin keçirilməsinə nəzarət hədsiz sərtləşdiriləcək”, – Qaxariya deyib.
Tədbirləri açıq məkanlarda təşkil edənlər də əlavə tənzimləmələri yerinə yetirməli olacaqlar.
Nəzarət müxanizmi sərtləşdiriləcək və Əmək Müfəttişliyi ilə birlikdə DİN də prosesə cəlb ediləcək. Onlar hər obyekti birlikdə yoxlayacaqlar.
Qapalı məkanlarda yalnız 10 nəfərlik tədbirlərə icazə verilir, əgər qonaqların sayı çox olarsa, tədbir açıq məkanda keçirilməlidir.
Bu qaydaların pozulmasına görə hüquqi şəxs 10 min lari, fiziki şəxs isə 2 min lari həcmində cərimələnəcək. Pozuntunun təkrarlanması ardınca cinayət məsuliyyəti gətirəcək.
Sentyabrın 15-dən Gürcüstana gəlmək istəyən hər kəs PCR testin nəticəsini təqdim etməli olacaq
Bu qərar Gürcüstanın daha əvvəl heç bir şərtsiz sərhədlərini açdığı və indiyə qədər Gürcüstana gəlmək üçün heç bir məhdudiyyətin tətbiq edilmədiyi beş ölkənin (Almaniya, Fransa, Estoniya, Latviya və Litva) vətəndaşlarına da şamil ediləcək.
Mütləq karantinin müddəti 12 gündən 8 günə endirilib
PCR testin nəticəsi mənfi olduğu halda 72 saat sonra təkrar PCR test vermək şərtilə karantinin 9-cu günündə karantin məkanını tərk edir.
Təkrar PCR testinin nəticəsi ilə 12-ci gün koronavirusa yoluxduğu təsdiqlənən şəxs xəstəxanaya yerləşdiriləcək.
Səhiyyə naziri Yekaterina Tikaradzenin sözlərinə görə, əgər stasionarda müalicəyə ehtiyac olmazsa, pasiyent karantində həkim nəzarətində müalicəsinə davam edə biləcək.
Parlament seçkilərinin tarixi dəyişməyəcək
Baş nazirin sözlərinə görə, epidemioloji vəziyyət siyasi prosesə təhlükə yaratmayacaq və oktyabrın 31-ə planlaşdırılan parlament seçkiləri təyin olunmuş vaxt keçiriləcək.
Sentyabrın 7-ə olan məlumata əsasən, son 24 saat ərzində Gürcüstanda koronavirusa 34 yeni yoluxma halı təsdiqlənib.
Gürcüstanda ümumilikdə 1684 koronavirusa yoluxma halı qeydə alınıb, onlardan 1315 nəfər sağalıb, 19 nəfər ölüb.