Rusiyanın keçmiş prezidenti Medvedev “Facebook”da Gürcüstan sakinləri ilə dalaşdı
Rusiyanın keçmiş prezidenti Dmitri Medvedev özünün “Facebook” səhifəsinə Gürcüstan sakinləri üçün girişi bağlayıb. Buna səbəb onun 2008-ci ilin avqust müharibəinin başlanmasında Gürcüstanın ünvanına ittihamlar səsləndirdiyi postu paylaşması olub. Gürcüstandan olan istifadəçilər postun altında çoxsaylı tənqidi rəylər yazıblar.
«Yaramazların hərəkətlərinə cavab»
«Ölkəmiz Gürcüstanın o vaxtkı prezidentinin cinayətkar davranışına cavab verdi. Dinc sakinlərin evlərinə, müdafiəsiz qoca və uşaqlara, həm də gürcü kəndlərinin sakinlərinin əmin-amanlığını və təhlükəsizliyini qoruyan rusiyalı sülhməramlılara atəş açmağa əmr vermiş yaramazların hərəkətlərinə cavab verdi, – Rusiyanın keçmiş prezidenti və hazırda Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev yazıb.
Əslində, söhbət Rusiya Federasiyasına müharibə elan edilməsindən gedirdi. Məhz buna görə, o zaman mən asan olmayan, lakin yagenə mümkün qərarı verdim – Abxaziyanın və Cənubi Osetiyanın müdafiəsinə qalxmaq, əvvəlcə onları müdaxilədən qoruduq, sonra isə vətəndaşlarının xahişi ilə tam müstəqilliklərini tanıdıq».
Rusiyanın keçmiş prezidentinin sözlərinə görə, onlar bunu etməsəydilər, “Zaqafqaziya barıt çəlləyinə çevriləcəkdi”.
Gürcüstanın «cavabı»
«Siz günahsız insanların və uşaqların qatilisiniz».
«Siz Gürcüstana soxuldunuz, biz Vətənimizi işğalçı Rusiyadan qoruyurduq».
«Siz sahibiniz Putinlə birlikdə autsaydersiniz», — Gürcüstan vətəndaşları Medvedevin postuna şərhlərində yazıblar.
Gürcüstanlı istifadəçilər postun altında rus və gürcü dillərində senzuradan kənar şərhlər də qoyublar.
Hazırda Medvedevin səhifəsi Gürcüstandan olan istifadəçilər üçün belə görünür:
Rusiyanın keçmiş prezidentinin “Facebook”una Gürcüstandan giriş bağlandıqdan sonra xarici ölkələrdə yaşayan gürcüstanlılar kütləvi şəkildə postu şərh etməyə başlayıblar.
Hazırda postun altındakı mənfi şərhlərin böyük hissəsi silinib.