Gürcüstanda yeni televiziya qalmaqalı
Gürcüstan mediasında daha bir qalmaqal gözlənilir. Bu dəfə ictimaiyyətin diqqət mərkəzində televiziya reytinqində üçüncü yer tutan populyar “Maestro telekanalıdır.
Ötən həftə məlum oldu ki, “Maestronun səhm payının 55 faizinin sahibi telekanalın həmsahibi müğənni və şoumen Georgi Qaçeçiladze oldu.
Bu, telekanalın menecmenti və jurnalistləri üçün gözlənilməz bir xəbər oldu.
Qaçeçiladze artıq Baya Qadabadzeni telekanalın baş direktoru vəzifəsindən azad edərək, onun yerinə öz qardaşı Levan Qaçeçiladzeni təyin etdi. (Xatırladaq ki, Levan Qaçeçiladze Gürcüstanda prezident postuna keçmiş namizəddir, 2008-ci il prezident seçkiləri zamanı o Mixail Saakaşvilinin rəqibi oldu. Tbilisidə Levan Qaçeçiladze toplanan səslərin sayına görə Mixail Saakaşvilini qabaqladı, amma seçkilərin yekun nəticələrinə görə ikinci yerdə qərarlaşdı).
Baya Qadabadze telekanalın yeni maliyyə mənbələrini şübhə altına qoyur və tutduğu vəzifədən azad olunmasına baxmayaraq, telekanaldan getmək fikrində deyil. Fevralın 4-də Baya Qadabadze rəsmi etirazını bildirdi. Onun sözlərinə görə, telekanal redaksiyasının müstəqilliyi təhlükə altındadır.
Baya Qadabadze gizlətmir ki, “Maestronun səhm paketinin əsas hissəsinin əldə edilməsi üçün lazım olan maliyyə vəsaitini mərhum iş adamı Badri Patarkatsişvilinin ailəsindən alıb. O cümlədən də Patarkatsişvili ailəsinin üzvü olan və həmin ailənin maliyyə işlərini idarə edən iş adamı İrakli Ruxadzedən.
Xatırladaq ki, Patarkatsişvili ailəsinə həm də populyar “İmedi telekanalı məxsusdur. “İmedi sahibləri tərəfindən bu telekanala rəqib olan “Maestro telekanalına maliyyə dəstəyinin göstərilməsi cəmiyyətdə suallar yaradır.
Bu gün “Maestronun ciddi maliyyə problemləri olduğu üçün o, gəlirli şirkət hesab olunmur. Telekanalın müflisləşməsi ilə bağlı iş hazırda məhkəmədə baxılır, telekanalın kreditorlara ümumi borcu onlarla milyon lari təşkil edir. Buna görə də həmin teleşirkətin səhmlərinin alınması gəlirli kapital qoyuluşu sayıla bilməz. Bu fakt da şübhə üçün əlavə əsaslar yaradır.
Bununla yanaşı, Georgi Qaçeçiladze ilə ölkənin baş naziri Georgi Kvirikaşvili arasında görüşün keçirilməsi xəbəri yayıldı.
Görüş Georgi Qaçeçiladze “Maestronun səhm paketinin əsas hissəsini alandan bir neçə gün əvvəl Dövlət Dəftərxanasının binasında baş tutub. Georgi Qaçeçiladze jurnalistlər tərəfindən yayılan bu xəbəri təkzib etmir, əksinə, o bildirir:
“Baş nazir mənim dostum, yoldaşımdır, mən onunla iki gündən bir görüşürəm, burada nə problem var ki?! Anlamıram… Mən “Maestronun səhmlərinin 55 faiz payının sahibiyəm və baş nazirin buna nə dəxli var?! Söhbətimiz tamamilə başqa mövzuda olub…
Gürcüstan parlamentinin 2016-cı ilin payızına təyin olunan seçkilərinə bir neçə ay qalıb. Yazda ölkə fəal seçkiqabağı dövrünü yaşayacaq, buna görə də ən populyar telekanallardan birində baş verən proseslər ekspertlərdə çoxlu sayda sualların yaranmasına səbəb olur və şübhələr üçün əsas yaradır.
Ekspertlər və jurnalistlər “Maestroda cərəyan edən proseslərlə bir neçə ay əvvəl “Rustavi-2 telekanalında baş verən proseslər arasında müəyyən paralellər aparır. Onlar hesab edirlər ki, ilk baxışdan hər iki halda baş verənlər telekanalların sahibləri arasındakı şəxsi münüqişədən ibarətdir, amma həm “Rustavi-2, həm də “Maestro ilə bağlı məsələlərdə açıq siyasi altməna hiss olunur.
“Son bir neçə ay ərzində bəzi telekanallarda reytinqli verilişlər bağlandı, müxalif yönlü “Rustavi-2 telekanalı ilə bağlı qalmaqallı hadisə də yadımızdadır, onun məhkəmədə baxışı bu gün də davam etdirilir… İndi də “Maestroda baş verən hadisələr… Bütün bunlar seçkiqabağı dövrdə media üzərində siyasi nəzarətin həyata keçirilməsi cəhdi ilə üz-üzə dayanmağımızla bağlı şübhələri bir az da möhkəmləndirir, – Vətəndaş İnkişafı Agentliyinin icraçı direktoru Zviad Devdariani bildirir.
“Maestronun yeni baş direktoru Levan Qaçeçiladze bu vəzifədəki ilk bəyanatlarını verir: “Mənim əsas şüarım insanların fikrini “Rustavi-2dən yayındırmaqdır. Mənim “Rustavi-2yə qarşı münasibətim çox subyektivdir. Mənim “Rustavi-2 ilə bağlı öz tarixi narazılığım var və mən “Rustavi-2nin reytinqini vurmaq istəyirəm!, – deyə Levan Qaçeçiladze bəyan edib.