Belarus: kütləvi həbslər, milislə toqquşmalar, “xarici muzdlular”
Mənbə: Tut.by agentliyi və Эхо Москвы radiostansiyası
Belarus hakimiyyəti Rusiyanın özəl hərbi şirkətinin 32 döyüşçüsünün saxlanıldığını elan edib.
Dövlət kütləvi informasiya vasitələrinin məlumatlarında bildirilir ki, ümumilikdə Belarus ərazisində 200 muzdlu var. Onların məqsədi avqustun 9-da baş tutacaq prezident seçkiləri ərəfəsində ölkədə stabilliyi pozmaqdır.
Bu seçki hazırkı prezident Aleksandr Lukaşenko və birləşmiş müxalifətin namizədi Svetlana Tixanovskaya arasında qarşıdurmaya çevrilib.
Azadlıq növbələri – Belarusda qeyri-adi kütləvi etiraz
Bürokratik açılışlar dövrü: Belarusda koronavirus məmurları necə danışmağa vadar etdi?
Lukaşenko artıq 26 ildir ki, hakimiyyətdədir. Müstəqil ekspertlərin dəyərləndirmələrinə görə, onun reytinqi 7 faizi aşmır.
Tixanovskaya – müxalifətin namizədi
Tixanovskaya həyat yoldaşı – namizədliyini irəli sürməyə hazırlaşan sahibkar və populyar bloger Sergey Tixanovski həbs ediləndən sonra prezidentliyə namizəd olub.
Svetlana Tixanovskayanın proqramı çox sadə görünür – 6 ay ərzində Belarusda yeni, azad seçki keçirmək.
Tixanovskayanın seçkiqabağı təbliğat qərargahı hakimiyyətin namizədliyini qeydə almadığı iki digər namizədin – Viktor Babariko və Valeri Tsepkalonun qərargahları ilə birləşib. Birinci oğlu ilə birlikdə həbsdədir, ikinci ölkəni tərk etmək məcburiyyətində qalıb.
Mitinqlər və saxlanılmalar
Belarusda vəziyyət iyulun 18-də Minskdə prezident seçkilərinə buraxılmayan namizədlərə dəstək məqsədilə keçirilən mitinqlərdən sonra gərginləşib.
Mitinq iştirakçılarının sayını müəyyən etmək mümkün deyildi, çünki aksiyalar eyni zamanda şəhərin müxtəlif rayonlarında keçirilirdi, amma söhbət ən azı yüzlərlə insandan gedir. Demək olar ki, aksiya başlayandan dərhal sonra sərt saxlanılmalar və milislə toqquşmalar yaşanıb. Minskdə azı 239 nəfər saxlanılıb.
Onlardan bəziləri saxlanılma zamanı travma alıb – milis və XTMD (OMON) əməkdaşları etiraz aksiyası iştirakçılarının sifətlərinə vurublar və qollarını burublar. Saxlanılanlar arasında bir neçə media orqanının – “Belsat”, “Tut.by”, “BBC”, “Azadlıq Radiosu” və sairə – jurnalistləri də olub.
Bu hadisələrdən dərhal sonra Svetlana Tixanovskaya ölkə üzrə seçkiqabağı səfərlərə çıxıb. Onun mitinqləri qeyri-adi dərəcədə çox diqqət toplayır: 30-40 min nəfərlik şəhərlərdə bu aksiyalarda 7-8 min insan iştirak edir.
Belarusda müstəqil ekspertlər və jurnalistlər bir fikirdə uzlaşırlar: xarici muzdluların saxlanılması ilə bağlı hekayə prezident Lukaşenkonun seçiciləri Rusiyanın müdaxiləsi ilə qorxutması cəhdidir.