Azərbaycanda sənədlərini yoxladığı qadına mesaj yazan polis işdən çıxarılıb
Sevda Mahmudova “Facebook” paylaşımında bildirib ki, karantin rejiminə nəzarət üçün onu yoxlayan polis, şəxsi məlumatlarını götürərək daha sonra ona mesaj yazıb.
Bundan sonra Sevda Mahmudovanın şikayətinə əsasən, polis əməkdaşı tərəfindən şəxsi məlumatların əldə edilməsi ilə bağlı Daxili İşlər Nazirliyi tərəfindən araşdırma aparılıb.
Araşdırmalar nəticəsində polis əməkdaşı Zahir Abbasov daxili işlər orqanlarından xaric edilib.
Sevda Mahmudova şikayətində bildirmişdi ki, “Koroğlu” metrosundakı keçiddən çıxarkən Zahir Abbasov adlı polis əməkdaşı onun şəxsiyyət vəsiqəsinə baxdıqdan sonra məlumatlarını yaddaşda saxlayıb və daha sonra həmin şəxs ona messenger vasitəsilə şəxsi xarakter daşıyan mesaj yazıb.
Hadisə sosial şəbəkədə böyük səs küyə səbəb olub. İstifadəçilər arasında hətta polisi dəstəkləyənlər də var.
Sevda Mahmudova polisin işdən çıxarılması xəbərinə heç bir reaksiya verməyib.
İctimai fəallar isə sosial şəbəkələrdə baş verənləri “ictimai qınağın gücü” kimi qiymətləndiriblər.