“Təcridə də, hakimiyyətə də istefa!” – Vladiqafqazda min beş yüz insan koronavirus haqda informasiya və hakimiyyət dəyişikliyi tələb edir
Vladiqafqazda min beş yüzə qədər insan (yerli medianın məlumatına əsasən) aprelin 20-də Şimali Osetiya hakimiyyətinin koronavirus epidemiyası şəraitində atdığı addımlara qarşı etiraz aksiyası keçirib.
Bu, əsasən koronavirus epidemiyasına inanmayanların üsyanıdır. Onlar təcridin ləğv edilməsini, biznesin və məktəblərin açılmasını, qeyri-formal liderlərinin azad edilməsini və Şimali Osetiya başçısı Bitarovun istefaya göndərilməsini tələb edirlər.
Yeni başçı qismində aksiya iştirakçıları təyyarə qəzasında həyat yoldaşını və uşaqlarını itirən və buna görə də isveçrəli aviadispetçeri öldürərək qisas alması ilə məşhurlaşan deputat Kaloyevi təklif edirlər.
Bütün detallar
Aksiya iştirakçılarının bir qismi kifayət qədər böyük fəallar qrupudur, onlar hesab edirlər ki, nə koronavirus, nə də epidemiya var, bütün bunlar əhalinin hesabına varlanmaq üçün hakimiyyətin uydurmasıdır.
Onlar yalnız təcridin dayandırılmasını yox, həm də qeyri-formal liderlərinin azad olunmasını tələb edilər. Söhbət yerli opera müğənnisi Vadim Çeldiyevdən gedir, o, koronavirus və pandemiyaya qətiyyən inanmır və bu mitinqin keçirilməsi təşəbbüsü ilə çıxış edib.
- “Hesab edirəm ki, heç bir koronavirus yoxdur” – bunu sübut etmək üçün Vladiqafqazda xəstəxanaya hücum ediblər
- Pandemiya, Rusiya: xəstəlik partlayışı, qətiyyən hazır olmayan səhiyyə, təcrid şərtlərini yumşaltmaq istəyən hakimiyyət
- Şimali Qafqazda koronavirus: bütün regionlarda yoluxma var, İnquşetiya müftisi ölüb
Çeldiyev iki gün əvvəl yalan informasiya yaymaqda günahlandırılaraq saxlanılıb. Ona qarşı “hakimiyyət nümayəndəsinə zor tətbiq etmək”lə bağlı ittiham irəli sürülüb və onu 5 il müddətinə azadlıqdan məhrumetmə cəzası gözləyir.
Aprelin 20-ə olan rəsmi məlumata əsasən, Şimali Osetiyada 145 nəfər koronavirusa yoluxub, iki nəfər ölüb.
Mitinqə gələn digər şəxslər bildirirlər ki, onları epidemiya illə bağlı kifayət qədər məlumatlandırmırlar.
Çoxlarının işini itirməsinə səbəb olan “özünütəcrid” rejiminə qarşı çox sayda şüarlar səsləndirilib. Mitinqdə yüksək səs bildiriblər ki, başqaları işlərini itirdikləri halda respublika başçısının ailə üzvlərinə məxsus olan pivə istehsal edən “Bavariya” şirkəti işinə davam edir.
Çoxları “Məktəblər açılsın!” şüarını da səsləndiriblər.
Amma görünür ki, hamı əsas tələbdə uzlaşır – Şimalı Osetiya başçısı Vyaçeslav Bitarovun istefası.
Bitarov xalqın qarşısına çıxıb, amma xeyri olmayıb
Aksiya hakimiyyətlə razılaşdırılmayıb, buna görə də həbslər həyata keçirilib. Düzdür, respublika başçısı Bitarov əhalini əmin edib ki, hamını tezliklə buraxacaqlar.
Vyaçeslav Bitarov etiraz iştirakçıları qarşısına çıxıb və hamını evə qayıtmağa, təcrid rejimi bitənə qədər evdə qalmağa çağırıb. Vətəndaşların virusun uydurma olduğu ilə bağlı qəzəbinə o, belə cavab verib:
“Əgər kimsə mənə sübut eləsə ki, koronavirus yoxdur, mən hər şeyi yenidən açacam”.
Onu fitləyib, danışmağına mane olublar.
Həm respublika başçısı, həm də aksiya iştirakçılarının çoxu maska taxmayıb, heç kimdə fərdi müdafiə vasitələri olmayıb.
- Spirt dolu anbarlar və antiseptik tapılmayan apteklər
- “Onlar Beslanı unutmaq istəyirlər?” – Moskva niyə İkinci Dünya Müharibəsinin bitməsi bayramını məktəbdə baş verən terror aktı ilə eyni günə salıb?
Daha sonra Bitarov hökumət binasına qayıdıb və xalqa daxili işlər naziri Mixail Skokov müraciət edib. O, hamıya dağılışmağı təklif edib və əks təqdirdə güc tətbiq olunacağı haqda xəbərdarlıq edib.
Amma insanlar yenə də küçədə qalıblar və Bitarovun istefasını tələb etməkdə israrlıdırlar.
Rəhbərliyə ailəsini itirən və isveçrəli dispetçeri öldürərək qisas alan Kaloyevin namizədliyi irəli sürülüb
Mitinqdə çoxlarının müvəqqəti respublika başçısı kimi görmək istədiyi şəxsin də adı hallanıb. Söhbət Vitali Kaloyevdən gedir. O, həyat yoldaşının və iki övladının təyyarə qəzasında həlak olmasında günahkar olan isveçrəli dispetçeri öldürərək ailəsinin qisasını alandan sonra Şimali Osetiyada məşhurlaşıb.
Hadisə 2004-cü ildə baş verib. Kaloyevin ailəsi İspaniya səfərindən evə qayıdırmış. İsveçrəli dispetçer Peter Nilsenin səhvi ucbatından Boden gölü üzərində Rusiya təyyarəsi DHL yük təyyarəsi ilə toqquşub, 60 nəfər sərnişin və 9 nəfər ekipaj üzvünün hamısı həlak olub.
2005-ci ilin oktyabrında Vitali Kaloyev İsveçrəyə yollanıb və dispetçeri öldürüb. O, səkkiz il azadlıqdan məhrumetmə cəzası alıb.
2007-ci ilin dekabrında İsveçrə məhkəməsi nümunəvi davranışına görə onu həbsdən azad edib, azadlığa çıxan kimi Vitali Kaloyev Rusiyaya qayıdıb.
2019-cu ildə Vitali Kaloyev Vladiqafqazda “Vahid Rusiya” iqtidar partiyasından şəhər məclisinə deputatlığa namizəd olub.
Vitali Kaloyevin özü vəziyyəti heç cür şərh etməyib və etiraz aksiyasında indiyə qədər iştirak etməyib.
2017-ci ildə Hollivud Kaloyevin hekayəsinin motivləri əsasında “Nəticələr” (“Aftermath”) filmini çəkib. Baş rolda Arnold Şvartsneqqer çəkilib.
Şərh
Alan Sxurbayev,
Rusiyanın “Kavkazskiy uzel” nəşrinin saytında bloq
“Çeldiyev nə istəyirdi, mən elə də anlamadım. Hazırda insanların hansı ideyaya görə ziyan görə biləcəklərini də anlamadım.
Mən anlayıram ki, insanlar işsiz qalmaqdan beziblər, gərgin vəziyyətdir, amma onlar nə üçün çıxıblar?
Mən bir neçə gün Çeldiyevin kanalını izlədim, bax, bunları anladım:
- Virus yoxdur, bizi çipləmək istəyirlər
- Rusiyada faşist hakimiyyəti hökmrandır
- Stalin yaxşıdır, yoxsulluq içində ölüb
- Osetinlər əvvəlki kimi deyillər
- Bəzən osetinlər hələ də əvvəlki kimidirlər
- SSRİ sağdır
- Hamı oyanmalıdır
Bütün bunlar, yumşaq desəm, məsuliyyətsiz davranışdır”.