Ermənistanda koronavirusdan bir gündə iki nəfər ölüb
Ermənistanda koronavirusdan bir gündə iki nəfər ölüb. Aprelin 2-də səhər 68 yaşlı kişinin ölümü haqda məlumat yayılıb. O, koronavirusla paralel olaraq işemik ürək xəstəliyi və ağciyərlərin xroniki xəstəliyindən əziyyət çəkirmiş.
Axşam isə 78 yaşlı qadının öldüyü haqda məlumat yayılıb. Onda da koronavirusdan başqa şəkərli diabet, hipertoniya və ağciyərlərin ikitərəfli iltihabı olub. Ölən pasiyent Ermənistan vətəndaşı olmayıb.
Səhiyyə Nazirliyinin açıqladığı son məlumata əsasən, Ermənistanda 663 koronavirusa yoluxma halı qeydə alınıb. Sağalanların ümumi sayı 33 nəfərdir. Altı nəfər ölüb.
Ermənistanda martın 16-dan aprelin 14-ə qədər fövqəladə vəziyyət hökm sürür. Aprelin 12-ə qədər sərt hərəkət məhdudiyyəti qüvvədədir.
İctimai nəqliyyat, o cümlədən də metronun fəaliyyəti tam dayandırılıb. Yalnız taksi və şəxsi avtomobillə hərəkət etmək mümkündür.
Yalnız ərzaq mağazaları və apteklər işləyir.