Təhrikedici şüar və intihar cəhdi: Azərbaycanda feministlər istintaq altına alınacaq?
Bakıda təşkil olunan feminist yürüşünün iştirakçılarından biri intihara cəhd edib. APA-nın verdiyi məlumata görə, Aysel Ələkbərzadə üçüncü mərtəbədən özünü atıb və hazırda reanimasiyada ağır vəziyyətdədir. Bundan əvvəl iki gün ərzində sosial şəbəkələrdə 8 mart yürüşündə onun qaldırdığı plakat ətrafında qalmaqal davam edib.
Daha sonra Baş Prokurorluq və Daxili İşlər Nazirliyinin birgə bəyanatında bildirilib ki, Ələkbərzadə ikinci mərtəbədən özünü atıb, kəllə travması alıb və ombası sınıb. Prokurorluq “intihar həddinə çatdırma” ittihamı ilə cinayət işi qaldırıb və mətbuat xidmətinin rəhbəri dərhal bildirib ki, əsas versiya kimi feminist yürüşün təşkilatçılarının günahı araşdırılır.
• Feministlərin yürüşü haqda daha ətraflı
“Qalmaqallı” plakatda “Qız mənimdir, özüm bilərəm nə edirəm” sözlərinin üzərindən xətt çəkilib, altında isə “Vagina mənimdir, özüm bilərəm kimə verirəm” sözləri yazılıb.
“Sıradan” sosial şəbəkə istifadəçiləri bu şüarı əxlaqsızlığa çağırış və mənəvi dəyərlər üçün təhlükə kimi qəbul ediblər. Feministlərin yürüşündən çəkilən fotoya qarşı insanlar ən kobud şəkildə etiraz etməyə başlayıblar. Bəzi şərhçilər isə Ayselin cəsarətini rəğbətlə qarşılayıblar.
Feministlərin rəyini bölüşənlərin çoxu bu cür şüarların insanları, xüsusən də feministlərin özlərinə cəlb etməli olduqları qadınları itələdiyini bildirərək qəzəbləniblər.
Daha sonra siyasi fəallar və keçmiş siyasi məhbuslar çevrəsində bəziləri bildiriblər ki, əslində Aysel Ələkbərzadə yaxınlarından kiminsə polisdə işlədiyini əsas gətirərək dələduzluqla və şantajla məşğul olur. Aysel martın 10-da gecə saatlarında sosial şəbəkədə yazdığı son statusunda məhz bu insanları öz ölüm qərarında günahlandırıb.
Bu hadisədən sonra “gənclər hərəkatları arzu edən hər kəsi sıralarına qəbul etməlidirmi” sualı ətrafında müzakirələr başlayıb. Çünki onların arasında təxribatçılar, o cümlədən də hakimiyyətin hazırladığı insanlar da ola bilər.