Kadırova qeyri-loyallıqda şübhəli bilinənlər qanunsuz şəkildə saxlanılır və işgəncəyə məruz qalır
“Novaya qazeta”nın materialları əsasında
Artıq bir neçə aydır ki, Rusiya tərkibindəki Çeçenistan Respublikasında repressiyalar davam edir və bu səfər Ramzan Kadırovun yaxın çevrəsinə daxil olan şəxslərə qarşı. Qanunsuz azadlıqdan məhrumetmə yerlərində – “gizli həbsxanaların” zirzəmilərində bir neçə gündən bir neçə həftəyə, hətta aya qədər ancaq Çeçenistanın yüksək vəzifəli məmurları yox, həm də onların qohumları, mühafizəçiləri və yaxın çevrələrindən olan insanlar da saxlanılır. Rusiyanın “Novaya qazeta” nəşri bununla bağlı sübutları paylaşır.
Nəşrin məlumatına əsasən, saxlanılanlardan işgəncə ilə qeyri-leqal biznesləri haqda informasiya əldə edir və praktiki olaraq bütün əmlaklarını əllərindən alırlar. Yaxın çevrənin təmizlənməsi avqustun ilk günlərindən, Kadırovun uzun illər nifrət bəslədiyi Arqun meri İbrahim Temirbayev işdən azad ediləndən sonra başlayıb.
•Cəhd etməyə dəyər. Çeçenistan qaçqınları Belarusda Polşa sərhədinı hücum edir
Baş tutmamış qəsd
Temirbayev Çeçenistanda böyük hakimiyyətə və pis reputasiyaya malik idi. O, yuxarıdan gələn bütün cəza əmrlərini qeyd-şərtsiz həyata keçirirdi, yerli hakimiyyətin Çeçenistanda gizli fəaliyyətə aidiyyatının olmasından və ya bu fəaliyyətdə iştirakından şübhələndiyi şəxslərin oğurlanmasında bilavasitə iştirak edirdi. “Novaya qazeta” Çeçenistanda LGBT nümayəndələrinə hücumları da onun adı ilə bağlayır.
Temirbayevə qarşı Ramzan Kadırovda nifrət hələ 2006-cı ildə, Çeçenistanda hakimiyyət uğrunda o zamankı prezident Alu Alxanov və Ramzan Kadırov arasında amansız mübarizə getdiyi zaman yaranıb. Dolaşan söz-söhbətə görə, 2006-cı ildə o zamankı nüfuzlu güc strukturları rəhbərlərinin Alxanova dəstək vəd etdiikləri gizli toplantıda İbrahim Temirbayev də iştirak edib. Bu görüşlə bağlı xəbər Kadırova da gedib çatıb.
Kadırov haqqında təhqiramiz danışıblar
Bu gün bütün Çeçenistan elitası qorxu içindədir. Bir-birinin ardınca yüksək vəzifəli çeçenləri polis idarələrinin zirzəmilərinə aparır və işgəncələrlə Ramzan Kadırova qarşı loyal olmadıqlarını etiraf etdirirlər. Məhz hakimiyyətdə olan ailəyə qarşı bu insanlar tərəfindən şəxsi söhbətlərdə və ya görüşlərdə yol verilmiş hörmətsizlik onların özlərinin, qohumlarının, o cümlədən də əleyhinə ifadə verdikləri şəxslərin saxlanılmasının əsas səbəbidir.
İbrahim Temirbayevin özünü avqustun əvvəlində, Arquna şəhərinin meri vəzifəsindən istefa verəndən üç gün sonra saxlayıblar.
Bu üç gün ərzində İbrahim Temirbayev müxtəlif insanlarla telefon danışıqlarında açıq mətnlə və siyasi ədəbdən maksimum uzaq ifadələrlə Ramzan Kadırov haqda bütün düşüncələrini ifadə edib.
Müxtəlif rəhbər işçilərlə, o cümlədən də respublikanın bütün güc strukturlarının vəzifəli şəxsləri ilə söhbətində Temirbayev yerli hakimiyyəti hiddətlə tənqid edir və Çeçenistanda hədsiz təhlükəli mövqeyi ifadə edirdi: “mən bu saqqallılara yox, Rusiyaya sədaqətimi qoruyuram”, “mən bu axmaqlara yox, Rusiyaya xidmət edirəm və edəcəm” və sairə.
Bugünkü Çeçenistanda əvvəlcə Ramzana və yalnız bundan sonra Moskvaya tabe olurlar və qətiyyən Moskva və Kadırovu üz-üzə qoymurlar. İbrahim Temirbayev əfv edilməyəcək yanlışa yol verib və buna görə də praktiki olaraq hər şeyini itirib.
Dinləmə Kadırova gedib çatandan sonra Temirbayev, onun qohumları, mühafizəçiləri – hamısı saxlanılıb, onun vəzifəyə qoyduğu bütün kadrlar işdən azad edilib, Temirbayeva məxsus olan daşınmaz əmlaklarda axtarış aparılıb, çox sayda silah aşkarlanıb.
“Pandora yeşiyi”
Kadırovun yaxın çevrəsindəki insanları ölümdən xilas edən onların ictimai şəxslər olmasıdır. Belə yüksək mövqeli yürli məmurları fiziki məhv etmək sadəcə mümkün deyil.
Amma indiyə qədər Kadırov günah işlətmiş keçmiş silahdaşını cəzalandırmaq üçün bircə dəfə də olsun Rusiya qanunlarından istifadə etməyib. Hər dəfə msələ həmin şəxslərin günlərlə (aylarla) hansısa zirzəmidə saxlanılması, döyülməsi, təhqir olunması və alçaldılması, vəzifədən azad edilməsi və dövlətdən oğurladıqlarının əlindən alınması ilə kifayətlənib.
Hazırda müxtəlif çoxsaylı mənbələrdən Çeçenistanın ən azı beş görkəmli məmurunun saxlanılması haqda məlum olub. Saxlanılma və axtarışlar yalnız “xainlərin” evlərində yox, həm də doğma kəndlərində bütün qohumlarının evlərində aparılır.
Yüzlərlə insan işini itirmək təhlükəsilə üz-üzə qalıb. Həm də yalnız yüksək vəzifəli məmurların özləri yox, onların bütün qohumları və təyin etdikləri şəxslər işdən getmək haqda ərizə yazmalı olur.
Prinsipcə Çeçenistan kütləvi repressiyalara alışıb, heyrətləndirən sadəcə saxlanılanların hansı kontingentdən olmasıdır.
Чечня