Yerevan meriyası zibilin təmizlənməsinin və təmizliyə cavabdeh olan şirkətin öhdəsindən gələ bilmir
Yerevanda artıq bir neçə gündür ki, ən qızğın müzakirə mövzularından biri zibilin daşınması ilə bağlı vəziyyətdir. Yerevanlılar hər dəfə sosial şəbəkələrdə dolub-daşan zibil konteynerlərinin fotolarını paylaşır və problemin həllini tələb edirlər.
Paytaxt meriyası məişət tullantılarının toplanması və daşınmasına cavabdeh olan kommersiya şirkətinə heç cür təsir edə və öz öhdəliklərini yerinə yetirməyə məcbur edə bilmir. Problemin nədə olduğu tam aydın deyil. Problemi nə cürsə həll etmək üçün şəhər hakimiyyəti yeni zibil daşıyan maşınlar və konteynerlər alır.
Bunun üçün hökumət dövlət büdcəsinin ehtiyat fondundakı vəsaitlərdən istifadə olunmasına icazə verib. Ümumilikdə 900 milyon dram [1,8 milyon dollara yaxın] ayırıb.
• Foto-hekayə: Ermənistanın Kirovakan-Vanadzor sənaye şəhərinin xarabalıqları
Meriya insanlardan anlayış göstərməyi xahiş edir
Yerevan meriyasının mətbuat katibi Akop Karapetyan Facebook səhifəsində meriyanın yeni aldığı iki “KamAz” markalı zibildaşıyan maşının fotosunu paylaşıb.
“Bir həftə ərzində onlar işə başlayacaqlar. Növbəti illərdə qalan maşınların çatdırılmasını gözləyirik.
İyulun 24-də yeni zibil konteynerlətrinin 400 dənəyə yaxın ilk partiyası da gətiriləcək”, – mətbuat katibi yazıb.
Karapetyan da şəhər sakinlərinə müraciət edərək “zibildaşıma üzrə operatorun qeyri-adekvat davranışı nəticəsində yaranan vəziyyətə anlayışla yanaşmağı və hövsələli olmağı xahiş edib”.
Yenə də Facebook-da Yerevan meriyasının informasiya şöbəsinin rəisi Ovsep Kubanyan bildirib ki, alınan konteynerlərin bir hissəsi artıq gətirilib:
“Avqustun ortasında zibil konteynerlərinin sayı 2200-ə çatacaq. Bağlanan müqaviləyə əsasən, “Sanitek” 16 min konteyner almağı öhdəsinə götürüb, amma faktiki olaraq bu gün onların sayı 4500-ə yaxındır”.
Yerevan meriyası və zibildaşıma şirkəti arasındakı münasibətlər haqda
Yerevanda zibilin təmizlənməsi ilə bağlı qalmaqallı vəziyyət artıq bir ilə yaxındır ki davam edir. Sakinlərin qınaqlarına acavab verən şəhər hakimiyyəti Yerevanda zibilin toplanması və daşınmasına cavabdeh olan yeganə operatorun – “Sanitek” şirkətinin bərbad işini vurğulayır.
Yerevan meri Hayk Marutyan bir neçə dəfə açıq şəkildə şirkətin işindən narazılığını ifadə edib və “yerevanlılar daha bu keyfiyyətdə işə dözməyəcəklər” kimi səs-küylü bəyanatlar səsləndirib.
2019-cu ilin yazında “Sanitek” şirkəti öhdəliklərini yerinə yetirmədiyi üçün iki dəfə cərimələnib. Cərimələrin ümumi həcmi 39 milyon dram (80 min dollar) təşkil edib.
İyulun ortasında şirkət etiraf edib ki, ciddi maliyyə problemləri var və bunu meriya tərəfindən “əsassız sanksiyalara və cərimələrə” məruz qalmaları ilə izah edib.
Bundan başqa, şirkətin direktoru Nikolas El Tavil bəyan edib ki, onların zərərləri meriyanın öz vədlərinə əməl etməməsi ilə bağlıdır. Söhbət Yerevanın kənarında yerləşən zibil poliqonuna gedən yolun təmir edilməməsindən gedir. “Sanitek” rəhbərinin sözlərinə görə, şirkətin zibildaşıyan maşınları məhz bu yolda xarab olur.
Bu sabotajdır?
İqtisadçı və Yerevanın keçmiş meri Vahan Xaçatryan “Sanitek” şirkətinin hazırkı davranışlarını sabotaj kimi dəyərləndirir. Bu haqda o, “Azatutyun” (Azadlıq) radiosuna müsahibəsində bildirib:
“Bu yaxınlarda işçilərdən maraqlandım ki, bu cür yarıtmaz işin səbəbi nədir? Onlar cavab verdilər ki, “maşın yoxdur”. Mənim üçün bu çox təəccüblüdür. Maşın yoxdur nə deməkdir? Mən bunu anlaya bilmirəm… Mən belə başa düşürəm ki, bu sabotajdır. Şəhər hakimiyyətini və dövləti gözdən salmaq cəhdidir”.
Keçmiş merin fikrinə görə, “Sanitek” Yerevanda zibilin toplanması və daşınması üzrə tenderdə qalib olanda, ölkənin keçmiş hakimiyyəti ilə yazılmamış razılaşması vardı ki, hazırkı hakimiyyətlə artıq keçərli deyil.
Xaçatryan “Sanitek” şirkətini öz öhdəliklərini niyə yerinə yetirməməsi ilə bağlı ciddi izahatlarının olmamasında günahlandırıb:
“Ancaq bircə dəfə belə bəyan olmuşdu: “Biz gözləyərik, qoy hamı sözünü desin, sonra biz sözümüzü deyərik!” Mən bilmirəm, onlar nə deməyə hazırlaşırlar, amma nəticədə biz bu zibilin içində basdırılmışıq!”.
“Sanitek” şirkəti haqda
“Sanitek” Livanın tullantıların idarə olunması üzrə beynəlxalq təşkilatının yerli filialıdır. Şirkət 2010-cu ildə yaradılıb, 2014-cü ilin dekabrından Ermənistan paytaxtında işləyir.
Şirkət Ermənistanın keçmiş hakimiyyətinin elan etdiyi beynəlxalq tenderin qalibi olub. Öz öhdəliklərini yerinə yetirməyə başlayarkən ilkin yatırımı on milyon avro təşkil edib.
Sosial şəbəkələrdə nə yazırlar?
Sosial şəbəkə istifadəçiləri hər gün meriya və “Sanitek” şirkətinin ünvanına qəzəbli statuslar yazırlar və Yerevanın müxtəlif küçələrində çəkilmiş “rəngarəng” fotolar paylaşırlar. Bu fotolarda dolub-daşan zibil konteynerləri və çirkli səkilər əks olunub.
Yeni zibildaşıyan maşınların və konteynerlərin alınması haqda xəbər çoxlarını ruhlandırmayıb və daha çox ironiyalı şərhlər üçün mövzu olub sadəcə. Onlardan bəzilərini təqdim edirik:
“Heç vaxt olmamaqdansa, yenə də gec olsa yaxşıdır!”
“Kim bilir, biz zibil qutusuna sevinən yeganə ölkəyik? Bəlkə indən belə biz əlimizdə olan hər şeyə hörmətlə və qayğıyla yanaşmağı öyrənərik?”
“Yəni vəziyyəti bu həddə çatdırmamaqdan ötrü hansısa şirkətlərdən zibil daşımaq üçün maşın icarəyə götürmək mümkün deyil?”
“Bu maşınları bizə Marsdan gətirirlər ki, Yerevana bu qədər gec gəlib çıxır?”
“Bizim bu gün zibildaşıyan maşınları saymağımız belə ayıbdır”.
“Şəhər artıq tab gətirmir! Daha sürətli templə işləyin!”