Rusiya Gürcüstanın müxalif "Droa" partiyasını arzuolunmaz təşkilat elan edib
Rusiya Gürcüstanın “Droa” partiyasına qarşı
Rusiya Baş Prokurorluğu Gürcüstanın müxalif “Droa” partiyasını “açıq-aşkar rusofob mövqeyi” ilə əsaslandıraraq arzuolunmaz təşkilat elan edib.
Baş Prokurorluğun mətbuat xidmətinin məlumatına görə, “Droa” nümayəndələri Gürcüstanla Rusiya arasında siyasi, iqtisadi, mədəni və humanitar münasibətlərin normallaşmasına qarşı çıxır, Rusiya vətəndaşları üçün viza rejiminin bərpasını və iki ölkə arasında birbaşa aviareyslərin dayandırılmasını tələb edirlər.
Prokurorluq partiyanı Abxaziya və Tsxinvali bölgəsini (Cənubi Osetiya) Rusiya tərəfindən işğal olunmuş ərazilər hesab etməkdə, Moskvanı isə beynəlxalq hüququ və Gürcüstanın suverenliyini pozmaqda ittiham etməkdə də günahlandırır.
Prokurorluğun bəyanatına görə, “Droa” partiyasının fəaliyyəti “Gürcüstanın hakim elitasının Rusiya ilə əlaqələrinin ifşa edilməsinə”, ölkədə birpartiyalı sistemin aradan qaldırılmasına və Avropa İttifaqına inteqrasiyanın sürətləndirilməsi ideyasının təşviqinə yönəlib.
Qurum partiyanın lideri Elene Xoştariyanı da tənqid edir. Xoştariya hakim “Gürcü Arzusu” partiyasını Rusiyayönlü siyasət yürütməkdə və Gürcüstanı Avropaya inteqrasiya prosesindən təcrid etməyə çalışmaqda ittiham edir.
Rusiya prokurorluğunun qiymətləndirməsinə görə, “Droa” həmçinin Ukrayna hakimiyyətini dəstəkləyir və Gürcüstanın “Karpat səkkizliyi”nə (Karpat regionu ilə əlaqəli Mərkəzi və Cənub-Şərqi Avropa ölkələrinin regional və iqtisadi əməkdaşlıq formatı) qoşulmasının tərəfdarıdır.
“Droa”nın reaksiyası
“Droa” partiyası isə bəyan edib ki, Rusiyanın iradları məhz partiyanın Gürcüstanın milli maraqlarının müdafiəsi hesab etdiyi mövqeyi və fəaliyyəti ilə bağlıdır.
“Droa” Rusiya hakimiyyətinin onu arzuolunmaz təşkilat elan etməsinə səbəb olduğunu düşündüyü altı məqamı sadalayıb: Abxaziya və Tsxinvali bölgəsinin Rusiya tərəfindən işğal olunmuş ərazilər kimi tanınması; “Gürcü Arzusu”nun Rusiya ilə gizli əlaqələrinin ifşa edilməsi; Gürcüstanda birpartiyalı sistemə son qoyulması istiqamətində fəaliyyət; Avropa İttifaqına inteqrasiyanın sürətləndirilməsinin dəstəklənməsi; Ukrayna hakimiyyətinə və Gürcüstanla Ukrayna arasında əməkdaşlığa dəstək; həmçinin Elene Xoştariyanın “Gürcü Arzusu”nun Rusiyayönlü siyasət yürütməsi və Avropaya inteqrasiya prosesinə mane olması barədə bəyanatları.
“Bu fürsətdən qürurla istifadə edərək bir daha bəyan edirik: Abxaziya və Tsxinvali bölgəsi Gürcüstandır! Qəhrəmanlara eşq olsun! İvanişvili rejimi Rusiya rejimidir! Biz Gürcüstanda İvanişvilinin Rusiya rejiminə son qoyacağıq! Gürcüstan Avropa İttifaqının və NATO-nun üzvü olacaq!” – deyə partiyanın bəyanatında bildirilir.
“Karpat səkkizliyi” nədir?
Bu kontekstdə adı çəkilən “Karpat səkkizliyi” Ukrayna prezidenti Volodimir Zelenskinin sentyabrın 18-də Ukraynanın qərbində keçirilən sammitdə təqdim etdiyi yeni regional əməkdaşlıq təşəbbüsüdür.
Təşəbbüs Mərkəzi və Şərqi Avropa ölkələri arasında ticarət, enerji, logistika və təhlükəsizlik sahələrində əməkdaşlığın dərinləşdirilməsini hədəfləyir. Bu formata Rumıniya, Serbiya, Polşa, Slovakiya, Çexiya, Avstriya, Macarıstan və Avropa İttifaqı daxildir.
Sammitdə Zelenski bildirib ki, Karpat regionu Avropa İttifaqının enerji təchizatında mühüm rol oynaya bilər və yalnız tranzit məkanı olmaqla məhdudlaşmamalıdır. Onun sözlərinə görə, regional əməkdaşlığın gücləndirilməsi Avropanın Rusiyanın enerji resurslarından asılılığının azalmasına da töhfə verir.
Zelenskinin sözlərinə görə, yeni format ölkələr arasında əlaqələri dərinləşdirəcək və Aİ səviyyəsində əməkdaşlıq üçün əlavə möhkəm çərçivə yaradacaq.
“Droa” partiyası haqqında
“Droa” (“Vaxtıdır!”) Gürcüstanda 2021-ci ildə Avropa və Avroatlantik inteqrasiya məsələləri üzrə keçmiş dövlət naziri Elene Xoştariya tərəfindən yaradılmış Qərbyönlü, Avropayönlü müxalif siyasi partiyadır.
Partiyanın siyasi gündəliyinin əsas istiqamətləri Gürcüstanın Avropa və Avroatlantik strukturlara inteqrasiyası, demokratik institutların gücləndirilməsi, korrupsiyaya qarşı mübarizə və Rusiyanın təsirinə qarşı çıxmaqdır.
“Droa” “Gürcü Arzusu”nun siyasətini sərt tənqid edir və hakimiyyəti Rusiyayönlü kurs yürütməkdə, ölkənin Avropaya inteqrasiyasını ləngitməkdə ittiham edir.
2021-ci ilin martında “Droa” siyasi hərəkat kimi formalaşıb, həmin ilin avqustunda isə siyasi partiya kimi qeydiyyatdan keçib. Bundan əvvəl Xoştariya 2020-ci il parlament seçkilərindən sonra üzvü olduğu “Avropalı Gürcüstan” partiyasından ayrılıb. O, daha əvvəl digər müxalifət partiyası olan “Vahid Milli Hərəkat”ın üzvü olub.
Xoştariya 2007-2012-ci illərdə, yəni Mixail Saakaşvilinin rəhbərlik etdiyi əvvəlki hökumət dövründə Gürcüstanın Avropa və Avroatlantik inteqrasiya məsələləri üzrə dövlət nazirinin birinci müavini vəzifəsini tutub. 2016-2022-ci illərdə isə artıq indiki hakimiyyət dövründə parlament deputatı olub.
2024-cü il parlament seçkilərində “Droa” “Axali” və “Girçi – Daha çox azadlıq” partiyalarının da daxil olduğu “Dəyişiklik naminə Koalisiya” müxalifət birliyinin tərkibində iştirak edib.
“Droa” hökumət əleyhinə etiraz aksiyalarında fəal iştirak edib və “Gürcü Arzusu”nun qərarlarını, o cümlədən Avropa İttifaqına üzvlük prosesinin dayandırılmasını tənqid edib.
Hazırda Elene Xoştariya həbsdədir. O, 2025-ci ilin sentyabrında Tbilisi meri Kaxa Kaladzenin seçkiqabağı bannerinə “Rusiya arzusu” yazdığına görə həbs edilib. 2026-cı ilin martında məhkəmə onu başqasının əmlakına ziyan vurmaqda təqsirli bilərək bir il altı ay müddətinə azadlıqdan məhrum edib.

Rusiya Gürcüstanın “Droa” partiyasına qarşı