Naxçıvanın Bakıdakı nümayəndəliyi bağlandı: muxtariyyətdən geriyə nə qalıb?
Naxçıvanın Bakıdakı nümayəndəliyi bağlandı
Naxçıvan Muxtar Respublikasının Baş naziri Cabbar Musayev noyabrın 5-də muxtar respublikanın Bakıdakı Daimi Nümayəndəliyini ləğv edib. Qurum 1992-ci ilin fevralında, Heydər Əliyevin Ali Məclisə rəhbərlik etdiyi dövrdə yaradılıb.
Vəzifəsi Ali Məclislə Bakıdakı dövlət orqanları arasında gündəlik əlaqə qurmaq idi. Nümayəndəliyin rəhbəri Bəxtiyar Əsgərov sentyabrda vəzifəsindən azad edilib. Rəsmi qurumlar qərarın səbəbini izah etməyib. Beş iş günü ərzində ləğvetmə komissiyası yaradılmalıdır, nümayəndəliyin funksiyalarının kimə keçəcəyi barədə isə hələlik məlumat yoxdur.
Lakin bu, sadəcə bir qurumun bağlanması deyil. Naxçıvanın idarəetməsi son dörd ildə addım-addım Bakıya bağlanıb. Yeni idarəetmə modeli barədə fevralda yazmışdıq.
Prezident statusun qalacağını deyir. Bəs muxtariyyətin özündən praktikada nə qalıb?
Nə dəyişib?
Vasif Talıbov Naxçıvanı 1995-ci ildən 2022-ci ilin dekabrına qədər idarə edib. O, istefa verəndən sonra prezident İlham Əliyev muxtar respublikada öz səlahiyyətli nümayəndəliyini yaradıb. Bu quruma yerli icra başçılarının işinə nəzarət etmək və onlara tapşırıq vermək hüququ verilib.
Sonrakı dövrdə bir sıra yerli məmur mənimsəmə və digər ittihamlarla istintaqa cəlb olunub. Nümayəndəliyə əvvəl Fuad Nəcəfli rəhbərlik edib, 2025-ci ilin noyabrından isə bu vəzifəni Naxçıvanın əvvəlki Baş naziri Ceyhun Cəlilov tutur.
Əsas addım isə bu il atılıb. Milli Məclisin fevralın 2-də qəbul etdiyi, prezidentin martın 10-da tətbiqi barədə sərəncam verdiyi konstitusiya qanunu Naxçıvanın idarəetmə modelini dəyişib:
- Muxtar respublikanın ali vəzifəli şəxsi haqqında maddə ləğv olunub.
- Prezidentin səlahiyyətli nümayəndəliyi Naxçıvan Konstitusiyasına icra orqanı kimi daxil edilib.
- Nazirlər Kabineti artıq Ali Məclisə tabe deyil, ona yalnız fəaliyyəti barədə hesabat verir. İş qaydasını prezidentlə razılaşdırır, mərkəzi icra orqanlarını da prezidentin razılığı ilə yaradıb ləğv edir.
- Ali Məclisə seçkiləri prezident təyin edir. Parlament vəzifələrini yerinə yetirə bilmədikdə onu prezident buraxa bilər.
- Yerli icra başçıları Ali Məclis sədrinin təqdimatı ilə prezident tərəfindən təyin olunur.
- Ali Məclis sədri üçün Naxçıvanda daimi yaşamaq şərti götürülüb.
- Bundan sonra Naxçıvan Konstitusiyası konstitusiya qanunu ilə yox, adi qanunla dəyişdiriləcək.
Prezident həmin sərəncamda hökumətə qanunvericiliyi bu dəyişikliklərə uyğunlaşdırmaq üçün üç ay vaxt verib.
Dövlət Təhlükəsizliyi Xidməti və Gömrük Komitəsinin Naxçıvandakı qurumları artıq birbaşa Bakıya tabedir.
Ali Məclisin özündə isə başqa boşluq var. Talıbovun istefasından sonra quruma sədr seçilməyib. Yeni çağırışın ilk iclasında sədrliyə təklif olunan namizəd dəstəklənməyib. Bu payız sessiyasının iclaslarını da birinci müavin Bəxtiyar Məmmədov aparıb.
Geriyə nə qalıb?
Kağız üzərində kifayət qədər şey. Naxçıvanın öz Konstitusiyası, deputatları seçilən Ali Məclisi, Nazirlər Kabineti və Ali Məhkəməsi var. Ali Məclis qanun qəbul edir, muxtar respublikanın ayrıca büdcəsi təsdiqlənir. Yeni mətnə görə, Ali Məclisin sədri Naxçıvanı xarici dövlətlər və beynəlxalq təşkilatlarla münasibətdə təmsil edir.
Fərq isə bu qurumların kimə cavabdeh olmasındadır. İcra hakimiyyəti, yerli başçılar, seçkilərin vaxtı və parlamentin taleyi indi bu və ya digər formada prezidentin razılığından keçir. Parlament qalıb, amma hökumət ona tabe deyil. Sədr vəzifəsi qalıb, amma dörd ilə yaxındır ki, sədr yoxdur.
Qars müqaviləsinə istinad niyə çıxarıldı?
Eyni qanunla Naxçıvan Konstitusiyasından 1921-ci il Moskva və Qars müqavilələrinə istinadlar çıxarılıb. Əvəzində 1991-ci il müstəqillik sənədləri və 1995-ci il Azərbaycan Konstitusiyası əsas götürülüb, preambulaya Naxçıvanın Azərbaycanın “ayrılmaz tərkib hissəsi” olması yazılıb.
Qars müqaviləsinin Türkiyənin də imzaladığı V maddəsi Naxçıvanı Azərbaycanın himayəsində muxtar ərazi kimi tanıyır. Ona görə “Bakı-Xəbər” qəzetinin baş redaktoru Aydın Quliyev Türkiyəni “muxtariyyətin qarantlarından biri” adlandırıb.
Rusiyalı politoloq Sergey Markedonov isə hesab edir ki, Rusiya və Türkiyənin qarantlığının bitdiyini demək mənasızdır. Onun fikrincə, müqavilənin əsas şərti Azərbaycanın himayə hüququnu üçüncü dövlətə verməməsidir, Bakı isə belə addım atmayıb.
Hüquqşünas Yalçın Hacızadə də xatırladır ki, statusu Azərbaycan Konstitusiyası müəyyən edir:
“Muxtar respublikanın öz Konstitusiyasında aparılan dəyişikliklər bu hüquqi reallığı aradan qaldıra bilməz”.
Ankara və Moskva bu dəyişikliyə rəsmi münasibət bildirməyib. Ərdoğan noyabrın 8-də Şuşadakı çıxışında da Naxçıvandan danışmayıb.
Bakı nə deyir?
Əliyev avqustda Naxçıvanda AzTV-yə müsahibəsində bu müzakirələrə cavab verib:
“Naxçıvan Muxtar Respublikasının muxtar respublika statusu qalmaq şərti ilə, ancaq idarəetmə qaydaları təkmilləşməlidir”.
O, Qarabağ və Şərqi Zəngəzurdakı xüsusi nümayəndəlik modelinin Naxçıvanda da tətbiq olunduğunu bildirib:
“Bununla faktiki olaraq biz bu üç bölgəni inzibati nöqteyi-nəzərindən də birləşdiririk”.
Parlamentdə bu mövzu 2025-ci ilin iyununda müzakirə olunub. Deputat Hikmət Babaoğlu deyib:
“Dəyişiklik hazırkı reallıqların gətirdiyi zərurətlə bağlıdır”.
Deputat Məzahir Əfəndiyev isə yeni nümayəndəlik modelini mərkəzi hakimiyyətlə koordinasiyanı gücləndirən addım adlandırıb. Deputat Elman Nəsirov muxtariyyətin layihənin mövzusu olmadığını deyib. Spiker müavini Ziyafət Əsgərov muxtariyyətin ləğvinin əleyhinə olduğunu bildirib. Deputat Qüdrət Həsənquliyev isə bu statusun geniş müzakirəsinə başlamağa çağırıb.
Hakimiyyətə yaxın dairələr dəyişiklikləri Talıbov dövrünün “ikili hakimiyyətinə” son kimi təqdim edir. Tarixçi Kamran İsmayılov hələ 2022-ci ildə deyirdi ki, Naxçıvanın idarəetmə modeli dəyişməlidir:
“Şişirdilmiş məmur aparatı korrupsiya üçün münbit zəmin yaradır”.
Tənqidçilər nə deyir?
Hüquq müdafiəçisi Yalçın İmanov “OC Media”ya deyib ki, dəyişikliklər faktiki olaraq muxtariyyəti sıfıra endirir və hakimiyyətin bir nəfərin əlində toplanmasını göstərir.
Politoloq Nəsimi Məmmədli isə iyulda “AzadlıqRadiosu”na belə deyib:
“Nümayəndəlik yaradıldıqdan sonra Naxçıvanın muxtariyyət statusu formal xarakter almağa başladı”.
Onun sözlərinə görə, Ali Məclis “öz siyasi çəkisini əhəmiyyətli dərəcədə itirib”.
Proses hara gedir?
Məmmədli gələcəkdə konstitusiya referendumu keçirilməsini və Naxçıvanın statusunun yenidən tənzimlənməsini istisna etmir. Politoloq Zaur Məmmədov da 2025-ci ildə “muxtar respublika” adının “vilayət”lə əvəz oluna biləcəyini ehtimal edirdi. Onun fikrincə, bu halda Ali Məclisin və icra orqanlarının funksiyaları azalar.
Digər tərəfdən, TRIPP marşrutu reallaşarsa, Naxçıvan Azərbaycanın qalan hissəsi ilə quru yolla birləşəcək. Sual budur ki, onda ayrıca idarəetmə statusuna ehtiyac görüləcəkmi?
Hələlik Azərbaycan Konstitusiyasının 134-cü maddəsi Naxçıvanı Azərbaycanın tərkibində muxtar dövlət adlandırır.
Naxçıvanın Bakıdakı nümayəndəliyi bağlandı