Korrupsiyanı xəbərləyənə müdafiə vədi: Azərbaycanda qanunla təcrübə arasındakı uçurum
Korrupsiyanı xəbərləyənə müdafiə vədi
Azərbaycanda korrupsiya barədə məlumat verənlərin həvəsləndirilməsi və müdafiəsi haqqında ayrıca qanun hazırlanıb. Oktyabrın 5-də Milli Məclisə daxil olan layihənin oktyabrın 6-da parlament komitəsində müzakirəsi nəzərdə tutulur.
Təşəbbüs polis əməkdaşlarının vətəndaşlardan pul tələb etməsi barədə şikayətlərin davam etdiyi, korrupsiyanı araşdıran jurnalistlərin isə uzunmüddətli həbs cəzaları aldığı şəraitdə irəli sürülür. Mövcud qanunda da məlumat verənlərin qorunması tələb olunur. Buna görə əsas məsələ dövlətin vətəndaşı şikayətindən sonra kimdən və necə qorumasıdır.
Müdafiə qanunda artıq var
“Korrupsiyaya qarşı mübarizə haqqında” qanunun 11-2-ci maddəsi məlumat verənin razılığı olmadan kimliyinin açıqlanmasını, özünə və yaxınlarına hədə-qorxu gəlməyi qadağan edir. İşçinin şikayətinə görə işdən çıxarılması, başqa işə keçirilməsi, maaşından qanunsuz tutulma aparılması və vəzifədə irəliləməsinə maneə yaradılması da yolverilməzdir.
İşçi qisas tədbirlərinə dair dəlil təqdim etdikdə, həmin dəlilləri təkzib etmək işəgötürənin öhdəliyidir. Qanun şikayətin araşdırılmasının barəsində məlumat verilən və ya nəticədə maraqlı olan şəxsə tapşırılmasını da qadağan edir.
İdarədaxili qaydada qeydə alınan məlumatın 20 iş günü ərzində araşdırılması və nəticənin məlumat verənə bildirilməsi tələb olunur. Şikayət qurum rəhbərinin özündəndirsə, vətəndaş yuxarı vəzifəli şəxsə və ya korrupsiyaya qarşı mübarizə üzrə ixtisaslaşmış orqana müraciət edə bilər. Yəni araşdırma aparmaq və cavab vermək öhdəliyi yeni layihədən əvvəl də mövcuddur.
Lakin İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının (OECD) 2025-ci il hesabatı bu təminatların tətbiqində ciddi boşluqlar olduğunu göstərir. Azərbaycanda yalnız məlumat verənlərin müdafiəsi ilə məşğul olan ixtisaslaşmış qurum, bölmə və ya əməkdaş yoxdur. Hakimiyyət 2023-2024-cü illərdə qisas tədbirləri üzrə sübutetmə yükünün işəgötürənə keçirilməsinin tətbiqinə dair nümunə təqdim edə bilməyib.
Hesabat media və sosial şəbəkə vasitəsilə ictimai açıqlamanın qorunan məlumatvermə kanalı kimi təmin edilməməsini də çatışmazlıq sayır. Bu boşluq şikayətini dövlət qurumuna deyil, jurnalistə çatdıran vətəndaş üçün xüsusilə əhəmiyyətlidir.
500 manat rüşvət tələbi və zorakılıq iddiası
Avqustun 28-də “Gündəlik Naxçıvan” gənc sürücünün saxlanılması barədə məlumat yayıb. Nəşrin bildirdiyinə görə, polislər sürücünün içkili olduğunu deyiblər. Sürücü bunu rədd edib və xəstəxanada müayinədən keçməyə hazır olduğunu bildirib.
İddiaya görə, tibbi yoxlama əvəzinə ondan 500 manat tələb olunub:
“Dedilər ki, ya pul indi gəlməlidir, yaxud maşın da, sən də içəri gedəcəksən”.
Məlumatda sürücünün pul verməkdən imtinasından sonra hadisə yerinə əlavə yol-patrul əməkdaşlarının gəldiyi, beş-altı polisin ona zorakılıq tətbiq etdiyi bildirilir. Şahidlər sürücünün qolunun və qabırğalarının sındığını deyiblər.
Bu şikayətdə rüşvət tələbi ilə yanaşı, vətəndaşın yoxlanılmaq və ittihamı mübahisələndirmək imkanının zorakılıqla əvəzlənməsi iddiası da var.
Narkotik və digər ittihamlarla hədələnənlər
Sentyabrın 10-da yenə “Gündəlik Naxçıvan”a danışan Ordubad sakinlərinin başqa şikayəti yayılıb. Rusiyadan qayıdan şəxslər evlərindən polis şöbəsinə aparıldıqlarını, həkim nəzarəti olmadan sanitar qovşağında narkotik testindən keçirildiklərini bildiriblər.
Adının açıqlanmasını istəməyən şikayətçi testin mənfi çıxdığını, buna baxmayaraq, ondan 10 min manat tələb olunduğunu deyib. Onun sözlərinə görə, həbs və işgəncə hədələrindən sonra 5 min manat ödəyib.
Oxşar iddialar əvvəllər də səslənib. Toplum TV-nin 17 dekabr 2025-ci il materialında Türkiyədən qayıdan Şiraz Quliyev Sədərək gömrüyünün qarşısında siqaret kötüyü atmaq bəhanəsilə ondan 300 manat alındığını söyləyib. Siqaret çəkmədiyini deyən Quliyev pul verməsə, polisə müqavimət ittihamı ilə həbs olunacağı barədə hədələndiyini bildirib.
2025-ci ilin iyununda bloger Mehman Hüseynov Bakının Xətai rayonundakı 37-ci polis bölməsinin əməkdaşlarının beş yeniyetməni döydüyünü, valideynlərindən pul alındıqdan sonra buraxdıqlarını iddia edib.
Meydan TV-yə danışan hüquqşünas Xalid Bağırov problemin cəza mexanizminin yoxluğunda deyil, onun effektiv tətbiq edilməməsində olduğunu vurğulayıb.
Rəsmi rəqəmlər nəyi göstərir?
Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi 2026-cı ilin ilk yarısında 5655 müraciətə baxıldığını, 102 nəfər barəsində 54 cinayət işinin məhkəməyə göndərildiyini açıqlayıb. “161” xəttinə daxil olan zənglərdən 4062-si korrupsiya hüquqpozması barədə məlumat kimi qeydə alınıb.
Bu rəqəmlər istintaqların aparıldığını göstərir. Ancaq məhkəməyə göndərilən işlərin sayı məlumat verənlərin sonradan təzyiqdən nə dərəcədə qorunduğunu ölçmür.
Polis barədə şikayətlərdə bu fərq xüsusilə vacibdir. Saxlamaq, şöbəyə aparmaq və hüquqpozma rəsmiləşdirmək səlahiyyəti olan əməkdaşdan şikayət edən şəxs sadəcə pulunu geri istəmir. O, həmin səlahiyyətlərin özünə qarşı qisas vasitəsinə çevrilməyəcəyinə təminat axtarır. Şikayətin qəbul edilməsi ilə şikayətçinin müdafiə olunması ayrı nəticələrdir.
OECD-nin 2023-2024-cü illəri qiymətləndirən hesabatına görə, ölkənin korrupsiyaya qarşı mübarizəsində 2022-ci ildən bəri əhəmiyyətli ümumi irəliləyiş olmayıb. Məmurların əmlak və maraq bəyannamələri sistemi işləməyib; bəyannamə forması, elektron təqdimetmə və yoxlama prosedurlarında boşluqlar qalıb.
“Transparency International”ın 2025-ci il indeksində Azərbaycan 100 baldan 30 bal toplayaraq 182 ölkə arasında 130-cu olub. Əvvəlki illə müqayisədə səkkizballıq artıma baxmayaraq, nəticə dövlət sektorunda korrupsiyanın qavranılması baxımından aşağı göstəricidir.
Korrupsiyanı araşdıranlara həbs
Hökumətin məlumat verənləri qorumaq vədi “Abzas Media işi” ilə də ziddiyyət təşkil edir. 2025-ci il iyunun 20-də bu iş üzrə yeddi nəfərə 7 il 6 aydan 9 ilədək həbs verilib. Onlar arasında korrupsiya araşdırmaları aparan Ülvi Həsənli, Sevinc Vaqifqızı və Hafiz Babalı var.
Təqsirləndirilənlər ittihamları rədd ediblər. “Sərhədsiz Reportyorlar” hökmü korrupsiyanı və ədalətsizliyi ifşa edən səsləri susdurmağa yönəlmiş siyasi məhkəmənin nəticəsi adlandırıb.
Belə şəraitdə sual yaranır: rüşvət tələbini bildirən vətəndaş təhlükəsiz qalırmı, iddia edilən əməl müstəqil araşdırılırmı, nəticə açıqlanırmı və korrupsiyanı üzə çıxaran jurnalist fəaliyyətini həbs təhlükəsi olmadan davam etdirə bilirmi?
Korrupsiyanı bildirənə müdafiə vədi