Məcburi köçkünlərin yeni statusu: “Daimi Məşkunlaşma Fondu” və məcburi qayıdış nədir?
Məcburi köçkünlərin statusu haqqında qanun
23 iyulda Azərbaycan Prezidenti İlham Əliyev “Qaçqınların və məcburi köçkünlərin statusu haqqında” və “Məcburi köçkünlərin və onlara bərabər tutulan şəxslərin sosial müdafiəsi haqqında” qanunlara dəyişiklikləri təsdiqləyib.
Mənzil Məcəlləsinə edilən dəyişikliklə “İşğaldan Azad Edilmiş Ərazilərdə Daimi Məşkunlaşma Fondu” yaradılır. Fondun yaşayış sahələri məcburi köçkünlərin azad edilmiş ərazilərə köçürülməsi və həmin mənzillərin onların mülkiyyətinə verilməsi üçün nəzərdə tutulur.
Statusun itirilməsi halları isə konkretləşdirilib: dövlət tərəfindən təklif olunan yaşayış sahəsini qəbul etməyənlər və ya əvvəlki yaşayış yerinin əvəzinə region üzrə müəyyən edilmiş ölçüdə başqa sahə ilə təmin olunanlar statusu itirir. Sosial müdafiə tədbirləri isə statusun itirildiyi və ya imtina edildiyi tarixdən üç il müddətində davam edir.
Bu dəyişikliklər “Böyük Qayıdış” proqramının hüquqi bazasını möhkəmləndirmək məqsədi daşıyır. Lakin praktikada onlar onillərlə Bakıda və digər şəhərlərdə kök salmış yüz minlərlə insanın həyatını kökündən dəyişdirə bilər.
Qanunun mahiyyəti və status imtiyazları
Əvvəlki qanunvericilikdə məcburi köçkün statusu şəxsə müəyyən sosial təminatlar verirdi: ailə üzvü başına aylıq 60 manat müavinət, dövlət universitetlərində ödənişli təhsil haqqının dövlət tərəfindən ödənilməsi, bir sıra rüsum və kommunal güzəştlər.
Bu imtiyazlar, 1990-cı illərin əvvəllərində yurdlarından didərgin düşmüş, yataqxanalarda, vaqon tipli evlərdə və ya müvəqqəti sığınacaqlarda yaşayan insanların minimum sosial dayaq nöqtəsi idi. Status həm də hüquqi tanınma demək idi – dövlətin onların yerdəyişməsinin məcburi xarakterini rəsmən qəbul etməsi.
Yeni qaydalara görə, dövlət yaşayış sahəsi təklif etməklə öhdəliyini yerinə yetirmiş hesab olunur. Təklif olunan mənzili qəbul edən şəxs mülkiyyət hüququ əldə edir, lakin eyni zamanda statusunu itirir. İmtina edən də statusunu itirir və Bakıda və ya digər şəhərlərdə ona verilmiş müvəqqəti yaşayış sahəsindən məhrum ola bilər. Üç illik keçid dövrü isə yalnız sosial müdafiə tədbirlərini (müavinət, təhsil güzəştləri) saxlayır; statusun özü və onunla bağlı digər hüquqi üstünlüklər bitir.
Seçim azadlığı və “istənilən ev” problemi
Qanunda “yaşadığı region üzrə müəyyən edilmiş ölçülərə uyğun başqa yaşayış sahəsi” ifadəsi var. Bu, praktikada o deməkdir ki, şəxsə mütləq öz kəndindən və ya ata-baba torpağından ev təklif olunmur.
Məsələn, əvvəlki yaşayış yeri kənd təsərrüfatı torpaqları olan hektarlarla sahə idisə, indi yeni salınmış kənddə 1-2 sot həyəti olan ev verilə bilər. Torpaq mülkiyyəti bərpa olunmur; yalnız yaşayış sahəsi təmin edilir. Bu, “doğma yurda qayıdış” anlayışını əhəmiyyətli dərəcədə daraldır.
Onlarla ailənin rəylərinə görə (sosial media və digər müraciətlərdə əks olunan), təklif olunan evlər keyfiyyətsiz tikilib: yağış yağanda damdan su sızır, həyətlər su basır, qaz, su və elektrik təchizatında fasilələr yaşanır. Bəzi hallarda “ev verilirsə, şükür edin, yoxsa bunu da əlinizdən alacağıq” tipli şifahi təhdidlər səslənir.
Bu cür müraciətlər rəsmi şikayət mexanizmlərinə də düşür, lakin geniş ictimai müzakirə hələ formalaşmayıb.
Bakı reallığı və otuz illik inteqrasiya
Məcburi köçkünlərin böyük hissəsi 30 ildən artıqdır ki, Bakıda və digər iqtisadi mərkəzlərdə yaşayırlar. Onlar burada iş, təhsil, tibb xidməti və sosial çevrə qurublar. Bu insanlar 1990-cı illərdə evsiz qaldıqları üçün dövlət tərəfindən müvəqqəti mənzillərlə təmin olunmuşdular – yataqxanalar, yarımçıq binalar, konteynerlər və ya tikilib, istifadəyə verilən yaşayış korpusları.
İndi eyni mənzillər “status itkisi” ilə geri alınma riski daşıyır. İnsanlar çarəsiz vəziyyətdə qalırlar: ya təklif olunan Qarabağdakı mənzilini qəbul edib, Bakıdakı həyatlarını tərk etməli, ya da status və yaşayış sahəsindən məhrum olmalı.
Beynəlxalq insan hüquqları prinsipləri (BMT-nin Daxili Yerdəyişməyə dair Rəhbər Prinsipləri) könüllü, təhlükəsiz və ləyaqətli qayıdışı tələb edir. Seçim azadlığı, adekvat mənzil standartları və əvvəlki mülkiyyətin mümkün qədər bərpası bu prinsiplərin əsasını təşkil edir. Azərbaycan qanunvericiliyi isə dövlətin təklifini “öhdəliyin yerinə yetirilməsi” kimi qiymətləndirir və imtinanı status itkisi ilə nəticələndirir. Bu da könüllülük prinsipini zəiflədir.
Rəsmi narrativ və ekspertlərin dedikləri
Hökumət yönlü media (Milli.az, Report.az, APA və digərləri) dəyişiklikləri müsbət çərçivədə təqdim edir: “mülkiyyət hüququnun bərpası”, “davamlı sosial dəstək”, “Böyük Qayıdışın hüquqi təminatı”.
Deputat Vüqar Bayramov da qeyd edib ki, üç illik güzəşt dövrü sosial müdafiənin davamlılığını göstərir. Rəsmi açıqlamalarda vurğulanır ki, yeni evlər artıq icarə deyil, mülkiyyət hüququ ilə verilir və bu, insanların regionda kök salmasına şərait yaradır.
Lakin müstəqil müşahidəçilər və bəzi hüquq müdafiəçiləri seçim azadlığının məhdudlaşdırılmasından, torpaq hüququnun tam bərpa olunmamasından və digər şikayətlərindən danışırlar. Otuz illik şəhər həyatı ilə kənd tipli yeni yaşayış məntəqələri arasındakı fərq, işsizlik riski və infrastruktur çatışmazlıqları da diqqət mərkəzindədir.
Məcburi köçkünlərin statusu haqqında qanun