MSK Ermənistanın keçmiş prezidenti Robert Koçaryanı deputat toxunulmazlığından məhrum edib
Koçaryanın deputat toxunulmazlığı ləğv olunub
Ermənistanın Mərkəzi Seçki Komissiyası keçmiş prezident Robert Koçaryanı deputat toxunulmazlığından məhrum edib. O, 7 iyun parlament seçkilərinin nəticələrinə əsasən parlamentə keçən müxalif “Hayastan” blokuna rəhbərlik edir. Bununla əlaqədar Baş Prokurorluq cinayət təqibinə başlamaq hüququ əldə etmək üçün MSK-ya müraciət edib. İclas qapalı rejimdə keçirilib və jurnalistlərin məsələnin müzakirəsində iştirakına icazə verilməyib.
Baş Prokurorluq hələlik Koçaryana qarşı hansı ittihamın irəli sürüləcəyini açıqlamayıb. Keçmiş prezidentin vəkili Aram Orbelyanın sözlərinə görə, söhbət vəzifə səlahiyyətlərindən sui-istifadə və çirkli pulların yuyulması ittihamlarından gedir.
MSK qərar qəbul etməzdən əvvəl Orbelyan binadan çıxaraq jurnalistlərə ittihamın mahiyyəti barədə məlumat verib. Prokurorluğun təqdim etdiyi sənədlərə əsasən, iş Ermənistan hökumətinin 2004-cü ildə bağladığı bir müqavilə ilə bağlıdır. Lakin vəkilin sözlərinə görə, nə keçmiş prezidentin, nə də ailə üzvlərinin bu müqaviləyə aidiyyəti var.
Hakimiyyətin bu razılaşmanı niyə 22 ildən sonra gündəmə gətirdiyi barədə suala cavab olaraq Orbelyan deyib:
“Bunu siyasi proseslərlə əlaqələndirirəm. Başqa motiv görmürəm. Həmçinin qeyd etmək istərdim ki, hər bir halda iddia müddəti çoxdan başa çatıb”.
Ermənistanın keçmiş prezidenti Robert Koçaryan “Hayastan” blokunun seçki siyahısına rəhbərlik edir. Parlament seçkilərinin nəticələrinə görə, blok parlamentdə 12 deputatla təmsil olunacaq.
- Paşinyana qarşı “mübarizə” üçün göndərilən Rusiya xüsusi xidmət orqanlarının agentləri: “The İnsider”in ifşaları
- “Üçbaşlı müharibə partiyasından baş nazirliyə namizəd: Robert Koçaryan” – Ermənistan Milli Məclisinin vitse-spikeri
- “Saxta hesablar ordusu baş nazirliyə namizədlərdən birini dəstəkləyir” – Ermənistan faktçekerləri
Prokurorluğun ittiham irəli sürdüyü müqavilə barədə nə məlumdur
Keçmiş prezidentin vəkili MSK-nın qərarını gözləyən jurnalistlərə prokurorluğun onun toxunulmazlığının ləğvi üçün MSK-ya təqdim etdiyi vəsatətlə bağlı işin təfərrüatlarını açıqlayıb.
Aram Orbelyanın sözlərinə görə, iş Robert Koçaryanın prezidentliyi dövründə bağlanan və Ermənistan hökuməti tərəfindən təsdiqlənən müqavilə ilə bağlıdır:
“İndiyədək hökumətin qərarı heç bir şəkildə mübahisələndirilməyib və nə cənab Koçaryanın, nə də onun ailə üzvlərinin bu müqaviləyə hər hansı bir aidiyyəti var”.
Bundan əlavə, Orbelyan hesab edir ki, təqdim olunan faktlar “hər hansı cinayətin törədildiyini göstərmir”.
Lakin iş keçmiş prezidentlə əlaqələndirilir, çünki illər sonra, 2008-ci ildə, Koçaryan artıq vəzifədə olmadığı vaxt onun oğlu Sedrak Koçaryan müqavilənin bağlandığı şirkətdə pay alıb.
“İndi isə onlar bunu hansısa şəkildə 2004-cü il müqaviləsi ilə əlaqələndirməyə çalışırlar. Söhbət “Master-Class” tennis kortunun ərazisindən gedir”, — deyə o bildirib.
Vəkilin sözlərinə görə, ərazi icarəyə verilib, icarəçi tikintiyə öz vəsaiti hesabına başlayıb. Lakin 2008-ci ildə onun maliyyə çətinlikləri yaranıb və investor axtarışı zamanı Sedrak Koçaryana layihədə iştirak etməyi təklif edib.
“Bu prosesdə cinayət tərkibi yoxdur, cinayətə işarə edən heç bir hal mövcud deyil”, — deyə Orbelyan bildirib.
“Prokurorluq hansısa iş quraşdırıb və MSK-ya müraciət edib”
Koçaryanın deputat toxunulmazlığından məhrum edilməsi ilə bağlı cəmiyyətdə gedən müzakirələr fonunda keçmiş prezidentin ofisinin rəhbəri bəyanatla çıxış edib. Baqrat Mikoyan bu prosesi “hava limanında baş verən qanunsuz hərəkətlərin davamı” adlandırıb.
İyunun 14-də Koçaryanın ölkədən çıxmasına icazə verilməyib, halbuki keçmiş prezidentin ofisi onun üçgünlük səfəri barədə əvvəlcədən məlumat vermişdi. Koçaryanın ofisi bunun “çoxdan planlaşdırılan, lakin gərgin seçkiqabağı qrafikə görə təxirə salınan” şəxsi səfər olduğunu bildirib.
Koçaryanın ölkədən çıxışına hansı əsasla qadağa qoyulduğu açıqlanmayıb. Antikorrupsiya Komitəsi və İstintaq Komitəsi “onların strukturlarında aparılan hər hansı istintaq çərçivəsində çıxışın məhdudlaşdırılmadığını” bildiriblər.
Robert Koçaryanın adı həmçinin “1 mart” işi üzrə də hallanır. Söhbət 2008-ci il prezident seçkilərinin nəticələrini tanımayan nümayişçilərin dağıdılmasından gedir. Nümayişçilərlə güc strukturları arasında toqquşmalar baş verib. Nəticədə 10 nəfər, o cümlədən iki polis əməkdaşı həlak olub, yüzlərlə insan yaralanıb. Bu iş üzrə keçmiş prezident vəzifə səlahiyyətlərindən sui-istifadədə ittiham olunur. Lakin medianın sorğularına cavab olaraq məhkəmədən bildirilib ki, bu icraat çərçivəsində ölkədən çıxışa qadağa nəzərdə tutulmayıb.
“İstintaq və Antikorrupsiya komitələri faktiki olaraq hər hansı cinayət icraatının olmadığını qeyd ediblər. Deməli, keçmiş prezidentin ölkədən çıxışına qadağa birbaşa cinayət törədilməsi yolu ilə həyata keçirilib. Artıq bu gün isə hökumət yanında prokurorluq hansısa iş quraşdırıb və MSK-ya müraciət edib. Bəs niyə Mərkəzi Seçki Komissiyasına müraciət ediblər? Onlar üçün qanunların heç bir əhəmiyyəti yoxdur”, — Mikoyanın bəyanatında deyilir.
Onun fikrincə, baş nazir Nikol Paşinyanın qərarları nəticəsində hüquq-mühafizə orqanlarının əməkdaşları “növbəti dəfə cinayətin iştirakçılarına çevriliblər”.
Həmin vaxt Mikoyan hər hansı “yeni” cinayət işi barədə məlumat olmadığını israr edirdi.
Koçaryanın deputat toxunulmazlığı ləğv olunub