Azərbaycan Avropa Parlamenti ilə əlaqələri niyə dayandırdı və bu, əslində nəyi dəyişir?
Azərbaycan Avropa Parlamenti
Milli Məclisin 1 may tarixli qərarı Avropa Parlamenti ilə bütün əməkdaşlıq kanallarının dayandırılmasını, Aİ-Azərbaycan Parlament Əməkdaşlığı Komitəsində iştirakın bitirilməsini və Avronestdən çıxış prosedurunun başlanmasını nəzərdə tutur.
Azərbaycan parlamenti Avropa Parlamenti ilə əməkdaşlığı dayandırmaq qərarını 30 aprel 2026-cı ildə qəbul olunmuş “Supporting democratic resilience in Armenia” (Ermənistanda demokratik dayanıqlığın dəstəklənməsi) adlı qətnaməsindən dərhal sonra verib.
Bakı bu sənəddə, xüsusən də Qarabağ ermənilərinin “geri qayıdışı” və saxlanılan ermənilərlə bağlı müddəalarda, “əsassız və qərəzli” yanaşma gördüyünü bildirir.
Qərarın detalları
Milli Məclis qərarına görə, 1 may tarixli sənəd üç əsas addımı nəzərdə tutur:
- Avropa Parlamenti ilə “bütün istiqamətlər üzrə” əməkdaşlıq dayandırılır,
- Aİ-Azərbaycan Parlament Əməkdaşlığı Komitəsində iştirak xitam olunur,
- Avronest Parlament Assambleyasında üzvlüyün dayandırılması üçün prosedur başladılır və bu proses gedən dövrdə Azərbaycan nümayəndə heyəti Avronest tədbirlərinə qatılmır.
Qərarda bu addım birdəfəlik emosional reaksiya kimi yox, uzunmüddətli xəttin davamı kimi təqdim olunur.
Sənəddə deyilir ki, Milli Məclis Avropa Parlamentinin münasibətinə görə 2015-ci ildə əlaqələri artıq dayandırmış, sonradan isə “müraciətlər və vədlər” əsasında bərpa etmişdi.
Avropa Parlamentinin özünün 2020-ci il analitik arayışında da formal parlamentlərarası münasibətlərin 2016-cı ildə uzun fasilədən sonra bərpa olunduğu qeyd edilir. Bu, indiki böhranın köklərinin yeni olmadığını göstərir.
Qətnamənin mübahisəli bəndləri nə deyir?
Avropa Parlamentinin 30 aprel qətnaməsi Ermənistanın demokratik dayanıqlığına dəstək sənədi kimi təqdim olunsa da, 12-ci və 13-cü bəndlər birbaşa Azərbaycana toxunur.
12-ci bənddə Dağlıq Qarabağ erməniləri və onların “təhlükəsiz, maneəsiz və ləyaqətli qayıdış”ı hüququndan danışılır; 13-cü bənddə isə Azərbaycan tərəfindən “ədalətsiz həbs”i və şəxslərin “dərhal və qeyd-şərtsiz azadlığa buraxılması” tələbi irəli sürülür və onlar barəsində “əsirlər” olaraq bəhs edilir.
Eyni qətnamənin 10-cu bəndində isə Avropa Parlamenti Azərbaycanla Ermənistan arasında normallaşmanı və sülh sazişi istiqamətində əldə edilmiş irəliləyişi alqışlayır.
Bu qətnamə ilə bağlı Azərbaycan Xarici İşlər Nazirliyinin mövqeyində qeyd edilir ki, Qarabağ ermənilərinin geri qaytarılmasına dair çağırışlar “tamamilə əsassız”dır, çünki Bakı onların 2023-cü ildə təqdim edilən reinteqrasiya planına baxmayaraq bölgəni könüllü tərk etdiyini bildirir.
Sənəddə “əsirlər” kimi təqdim olunan şəxslərlə bağlı tələblər “hüquqi baxımdan qəbuledilməz” sayılır; mədəni və dini irsin dağıdılması barədə iddialar isə rədd edilir.
Azərbaycan tərəfi bu mövzuda işğal dövründə Azərbaycan irsinə yetirilmiş ziyanla bağlı beynəlxalq susqunluğun nəzərə alınmadığını vurğulayır. XİN eyni gün Aİ-nin Bakıdakı səfirini çağırıb etiraz notası təqdim etdiyini bildirib.
Azərbaycan rəsmilərinin və ekspertlərin reaksiyası
Milli Məclisin sədri Sahibə Qafarova parlament iclasında deyib ki, son on il göstərib ki, Avropa Parlamenti Azərbaycana qarşı qərəzli fəaliyyətindən imtina etmək niyyətində deyil.
Qəbul olunmuş qərarın mətnində isə bildirilir ki, 44 günlük müharibədən sonra Avropa Parlamenti Azərbaycan əleyhinə “10-dan çox” qətnamə qəbul edib və bu xətt COP29 ərəfəsində də davam edib. Sənədi vitse-spiker Ziyafət Əsgərov oxuyub.
Bakıdakı siyasi şərhçilərin bir hissəsi bunu daha çox “narrativ toqquşması” kimi izah edir.
“Trend”ə danışan analitik Azər Qarayev deyir ki, əsas ziddiyyət üç mövzu ətrafında cəmlənir: Qarabağa qayıdış, saxlanılan ermənilərin hüquqi statusu və irs məsələsi.
Onun qənaətincə, bu tip sənədlər dərhal bütün münasibətləri qoparmasa da, “soyuq siyasi məsafə” yaradır. Onun fikrincə, iqtisadi və texniki əməkdaşlıq davam edə bilər, amma siyasi dialoq daha ehtiyatlı və az etibarlı mərhələyə keçir.
Münasibətlər qərara qədər hansı səviyyədə idi?
Sənədlər göstərir ki, “əlaqələr” anlayışını iki hissəyə bölmək lazımdır.
Birincisi, sırf Avropa Parlamenti xətti. Bu kanal institusional baxımdan mövcud idi: Avropa Parlamentinin Cənubi Qafqaz üzrə nümayəndə heyəti Aİ-Azərbaycan Parlament Əməkdaşlığı Komitəsini kurasiya edir. Həmin komitənin qaydalarına görə, o, normalda ildə bir dəfə toplanmalıdır və Aİ münasibətlərinin bütün aspektlərini müzakirə etməlidir.
Avronest isə Avropa Parlamenti ilə Şərq Tərəfdaşlığı ölkələrinin parlamentlərini bir araya gətirən formatdır və hər ölkə 10 üzvlə təmsil olunur. Deməli, parlament kanalı formal olaraq qalırdı, amma kövrək, fasiləli və yüksək siyasi gərginlik altında idi.
İkincisi, daha geniş Aİ-Azərbaycan münasibətləri. Burada tablo xeyli fərqlidir. Münasibətlərin hüquqi bazası 1999-cu ildən qüvvədə olan Tərəfdaşlıq və Əməkdaşlıq Sazişidir və 2017-ci ildən yeni çərçivə sazişi üzrə danışıqlar gedir.
Bu ilin 29 yanvarında Aİ və Azərbaycan əlaqəlilik, ticarət, enerji və nəqliyyat üzrə əməkdaşlığın gücləndirildiyini elan edib. 11 martda isə Antonio Costa və İlham Əliyev siyasi dialoqu, təhlükəsizlik, enerji və nəqliyyat sahələrində praktiki əməkdaşlığı dərinləşdirməyə sadiq olduqlarını bildiriblər. Yəni, Avropa Parlamenti ilə münasibətlərin böhranlı olması Aİ ilə münasibətlərin bütövlükdə dondurulduğu mənasına gəlmirdi.
Bu fərqi ekspertlər də vurğulayır. Tengiz Pkhaladze Avropa Beynəlxalq Siyasi İqtisadiyyat Mərkəzi (ECIPE) üçün yazır ki, Aİ-nin Cənubi Qafqaz siyasətini “strateji imkan və davamlı sürtünmə” kombinasiyası kimi təsvir edir. Yəni Azərbaycan Aİ üçün vacib enerji tərəfdaşıdır, amma münasibətlər idarəçilik və hüquqlar mövzusunda gərgin qalır.
Murad Nəsibov isə yazır ki, son illərdə Aİ-Azərbaycan münasibətləri “normativ ayrılıqdan strateji yaxınlaşmaya” keçib. Başqa sözlə, Avropa Parlamenti daha çox dəyər və hüquq dili ilə danışdığı halda, Brüssel və Bakı icraedici səviyyədə praqmatik əməkdaşlığı genişləndirib.
AŞPA ilə münasibətlər
Avropa Parlamenti ilə bağlı qərar ayrıca hüquqi-siyasi addım olsa da, Bakı ilə Avropa parlamentar institutları arasında gərginlik daha əvvəl də müşahidə olunurdu.
2024-cü ilin yanvarında Avropa Şurası Parlament Assambleyası Azərbaycan nümayəndə heyətinin mandatlarını təsdiqləməmişdi. AŞPA bunu Azərbaycanın Avropa Şurası qarşısında götürdüyü öhdəliklər, insan haqları, seçki prosesi, məhkəmə müstəqilliyi və Assambleya ilə əməkdaşlıq məsələləri üzrə narahatlıqlarla izah etmişdi.
Azərbaycan tərəfi isə həmin qərarı da qərəzli və siyasi motivli hesab edərək AŞPA-da iştirakını dayandırmışdı.
Bu epizod 2026-cı ildə Avropa Parlamenti ilə əlaqələrin dayandırılmasının birbaşa hüquqi səbəbi olmasa da, Azərbaycan parlament diplomatiyasının Avropa platformaları ilə münasibətlərində uzunmüddətli böhranın fonunu göstərir.
Azərbaycan Avropa Parlamenti