AZAL qəzası ilə bağlı razılaşma: Azərbaycan günahkarların cəzalandırılması tələbindən vaz keçib
AZAL qəzası razılaşması
Azərbaycan və Rusiya Xarici İşlər Nazirliklərinin 15 aprel tarixli birgə bəyanatında 25 dekabr 2024-cü il tarixli AZAL təyyarə qəzası ilə bağlı “qeyri-ixtiyari vurulma” faktı rəsmən qəbul edilib.
Tərəflər kompensasiya mexanizmi barədə razılığa gəliblər, lakin günahkarların cəzalandırılması məsələsi bəyanatda heç bir şəkildə qeyd olunmayıb. Bu razılaşma Azərbaycan tərəfinin ilkin üç tələbindən (rəsmi üzr, günahkarların cəzalandırılması və kompensasiya ) ikisinin qismən təmin olunması deməkdir.
Bəyanat “qarşılıqlı hörmət” və “strateji tərəfdaşlıq” terminləri ilə müşayiət olunsa da, hadisə Azərbaycan-Rusiya münasibətlərindəki güc balansının və hakimiyyət dinamikasının real vəziyyətini əks etdirir.
Geosiyasi mövqeyində müəyyən zəifləmənin fonunda Bakının güzəştə getməsi diqqət çəkir.
Qəzanın tarixçəsi
2024-cü ilin 25 dekabrında Bakı-Qroznı reysi ilə uçan AZAL-a məxsus Embraer E190 tipli təyyarə (67 nəfər – 38 öldü, 29-u sağ qaldı) Rusiya hava məkanında, Qroznı yaxınlığında Rusiya Hava Hücumundan Müdafiə (HHM) sisteminin – Pantsir-S1 kompleksinin atəş açması nəticəsində zədələnmişdi. Təyyarə Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəza enişi edərkən yerə çırpıldı.
Azərbaycan tərəfi dərhal hadisənin səbəbini “kənar təsir” kimi qiymətləndirib. Təyyarənin gövdəsində aşkarlanan qəlpə qırıntıları və Rusiya ərazisində qeydə alınan GPS jamming siqnalları rəsmi dəlillər kimi təqdim olunub.
Prezident İlham Əliyev bir neçə açıqlamasında Rusiyadan rəsmi üzr istəməsini, günahkarların cəzalandırılmasını və kompensasiya ödənişlərini tələb edib. Bakı uzun müddət bu məsələ həll olunmadan iki ölkə arasında münasibətlərin tam normallaşmayacağını vurğulayıb və mövqeyini “diktə” edən tərəf kimi saxlayıb.
Düşənbə görüşündəki qismən etiraf və vədlər
2025-ci ilin 9 oktyabrında Tacikistanın Düşənbə şəhərində keçirilən İlham Əliyev-Vladimir Putin görüşündə Rusiya prezidenti ilk dəfə açıq etiraf edib.
Putin bildirib ki, iki raket Ukrayna pilotsuz uçan aparatlarına (PUA) qarşı atılıb, texniki nasazlıq səbəbindən təyyarəyə təxminən 10 metr məsafədə partlayıb və qırıntılar zədəyə səbəb olub.
Rusiya tərəfi üzr istəyib və “kompensasiya ödəniləcək, günahkarlar cəzalandırılacaq” vədini verib. Bu görüş Azərbaycan üçün qismən diplomatik irəliləyiş kimi qəbul olunub.
Elə həmin ərəfədə Rusiya XİN bildirirdi ki, “AlfaStrakhovanie” artıq AZAL-a təyyarənin sığorta dəyəri üzrə 1,003 milyard rubl, zərərçəkənlərə və həlak olanların ailələrinə isə ümumilikdə 358,4 milyon rubl həcmində ödəniş edib.
Bakı isə buna dərhal etiraz edərək bildirib ki, bunlar sığorta müqaviləsindən irəli gələn ödənişlərdir, Rusiya dövlətindən tələb olunan kompensasiya ilə eyniləşdirilə bilməz.
26 dekabrda isə xarici işlər naziri Ceyhun Bayramov Rusiya İstintaq Komitəsinin cinayət işini bağlamasının “çox ciddi suallar” doğurduğunu demişdi.
Deməli, apreldə elan olunan “kompensasiya razılaşması” əslində artıq qismən sığorta xətti ilə ödənmiş bir sahənin siyasi paketə çevrilməsidir; cəza komponenti isə yolda itib.
“Turan” Agentliyi epizodu
Qəzadan bir müddət sonra Turan İnformasiya Agentliyi əlavə detallar yayıb: həmin vaxt Prezident İlham Əliyevin rəsmi təyyarəsi də Rusiya hava məkanında (Sankt-Peterburq istiqamətində uçuş zamanı) GPS müdaxiləsi və “hədəflənmə” ilə üzləşib.
Əvvəlcədən məlumat alan heyət uçuşu dayandırıb və geri qayıdıb. Agentlik xəbəri qısa müddət sonra geri çəkib, rəhbəri Dövlət Təhlükəsizlik Xidmətinə çağırılıb. Daha sonra media fəaliyyətini dayandırdığını açıqlamışdı.
Bakı niyə geri çəkildi? – Rəy
Burada əsas sual budur: niyə Azərbaycan güzəştə getdi?
Faktlar göstərir ki, Bakı 2025 boyu sərt mövqedə qala bilirdi, amma 2026-nın aprelində daha yumşaq formulu qəbul edib, məsələni tamamilə bağladı.
Bunun bir izahı regional hesabların dəyişməsidir. 2025-ci ildə həm rəsmi Bakıdan, həm ona yaxın analitik mühitdən ABŞ-Azərbaycan münasibətlərində yeni mərhələ, İsrail-Azərbaycan strateji yaxınlaşması və Türkiyə ilə müttəfiqlik xəttinin güclənməsi barədə ciddi irəliləyiş görünürdü.
Eyni zamanda xarici analitiklər Azərbaycan-İsrail əməkdaşlığının Vaşinqtonla üçtərəfli formata çevrilə biləcəyini, hətta İranla qarşıdurma fonunda Bakının strateji dəyərinin artdığını yazırdılar.
Əliyevin özü də 2025-ci ilin martında Blinken dövrünün ABŞ-Azərbaycan münasibətlərini “korladığını”, yeni administrasiyadan isə daha müsbət xətt gözlədiyini açıq söyləmişdi.
Ancaq indi üçün mənzərə başqadır. Azərbaycan qazanc əldə etməkdə ümidli olduğu ABŞ-İsrail-İran müharibəsində əldə edilmiş atəşkəsi alqışlayır, bir neçə gün sonra isə Tehrandakı səfirliyinin fəaliyyətini bərpa edir.
Bu, ən azı bir şeyi göstərir: İranın zəifləyib regional oyundan çıxacağına hesablanan senari baş tutmayıb.
Belə şəraitdə Bakı üçün eyni vaxtda həm Tehranla, həm də Moskva ilə açıq qarşıdurma saxlamaq riskli görünür. Rusiya ilə 2022-ci ildən qüvvədə olan “müttəfiq qarşılıqlı fəaliyyət” deklarasiyası da hələ formal çərçivə olaraq qalır.
Ona görə əldə edilən razılaşma daha çox “seçim azlığının diplomatiyası” kimi görünür: Əliyev prinsipial tələblərin hamısını yox, münasibətləri idarəolunan səviyyədə saxlamağı seçib. Hadisədə adı hallanan bəzi rusiyalı hərbçilərin sonradan irəli çəkildiyi barədə iddialar da cəza tələbinin nə qədər boş olduğunu göstərirdi.
Açıq qalan suallar…
Azərbaycan-Rusiya münasibətlərində 15 aprel razılaşması yeni mərhələnin başlanğıcı ola bilərmi, yoxsa sadəcə mövcud vəziyyətin diplomatik cəhətdən təsdiqidir?
Azərbaycan nə qədər güzəştə getdi və bu güzəştlər gələcəkdə hansı presedent yaradacaq?
Geosiyasi reallıqlar hakimiyyət qərarlarını nə dərəcədə diktə edir?
Bu suallar cavabsız qalır və regionun gələcəyini müəyyənləşdirməkdə mühüm rol oynaya bilər.
AZAL qəzası razılaşması
AZAL qəzası razılaşması