Azərbaycan məhkəmələri xaricdəki tənqidçilər barəsində qiyabi həbs qərarları seçib
Mühacirətdəkilər barədə həbs qərarları
Azərbaycan məhkəmələri ölkə xaricində yaşayan tarixçi Altay Göyüşov, politoloq Ərəstun Oruclu və digərləri barəsində açılmış cinayət işlərinə qiyabi qaydada baxaraq barələrində uzunmüddətli həbs cəzaları seçiblər.
Bu qərarlar Cinayət Məcəlləsinin 281.2‑ci maddəsi (dövlətə qarşı zor tətbiqi yolu ilə çıxmağa çağırışlar, təkrar və ya bir qrup şəxs tərəfindən törədildikdə) və 220.2‑ci maddəsi (hakimiyyət nümayəndəsinin qanuni tələblərinə fəal şəkildə tabe olmamağa və kütləvi iğtişaşlara çağırışlar) üzrə ittihamlara əsaslanır.
Bu baş verənlərə istinad edərək, insan haqları təşkilatları, o cümlədən “Human Rights Watch” hesabatında İlham Əliyevin xaricdəki tənqidçilərə qarşı saxta ittihamlarla təqibləri genişləndirdiyini qeyd edir.
Ərəstun Oruclu: 8 il

Ərəstun Oruclu politoloq və Şərq-Qərb Araşdırma Mərkəzinin qurucusudur.
O, 2014‑cü ildən ABŞ‑də yaşayır və sosial şəbəkələrdə Azərbaycan hakimiyyətini tənqid edən çıxışları ilə tanınır.
19 fevral 2026‑da Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Babək Pənahovun sədrliyi ilə keçirilən qiyabi prosesdə Orucluya 8 il azadlıqdan məhrumetmə cəzası verilib.
O, CM‑in 220.2‑ci və 281.2‑ci maddələri üzrə ittiham olunurdu.
İddia edilirdi ki, Oruclu hakimiyyətin qanuni tələblərinə tabe olmamağa və kütləvi iğtişaşlara çağırışlar edib.
Oruclu öz açıqlamalarında çevrilişə və ya üsyana çağırmadığını, əksinə, zorakılığa qarşı olduğunu bildirib.
O, Azərbaycan məhkəmələrini siyasi sifarişli qərarlar verməkdə ittiham edib və “Azərbaycanda hüquq anlayışı yoxdur” deyə vurğulayıb.
Altay Göyüşov: 6 il

Altay Göyüşov tarixçi‑şərqşünas, Bakı Dövlət Unuversitetinin keçmiş müəllimi və ReAl hərəkatının qurucularından biridir.
2018‑ci ildən Fransa paytaxtında yaşayıb və “Sciences Po Paris”də tədqiqatçı kimi çalışır. O, hakimiyyəti tənqid edən çıxışları ilə də tanınır.
18 fevral 2026‑da Bakı Ağır Cinayətlər Məhkəməsi Eldar İsmayılovun sədrliyi ilə keçirdiyi prosesdə dövlət ittihamçısı Göyüşovun 7 il azadlıqdan məhrum edilməsini istəyib, lakin müşavirədən sonra ona qiyabi olaraq 6 il həbs cəzası kəsilib.
İttihamda bildirilib ki, Göyüşov 2020-2025‑ci illərdə “Düz Danışaq” adlı Yutub kanalı və şəxsi Feysbuk kanallarında müxtəlif şəxslərlə birgə “mövcud hakimiyyətə qarşı zor tətbiqi ilə çıxmağa” çağırışlar edib.
23 fevral 2025‑də Binəqədi Rayon Məhkəməsi onun barəsində qiyabi həbs qətimkan tədbiri seçmiş, 17 sentyabr 2025‑də ittihama əlavələr edilərək 281.2‑ci maddə ilə təqsirləndirilən şəxs kimi cəlb edilməsinə qərar verilmişdi.
Göyüşov ölkədən kənarda olduğu üçün istintaqa gəlməyib; məhkəməyə münasibət bildirmək imkanı olmayıb.
O, Feysbukda həbsinə münasibət bildirərkən bunları yazıb:
Kimdir cinayətkar?
Azərbaycan Konstitusiyasında dövlətin quruluşunun respublika olduğu yazılıb. Amma Əliyevlər konstitusiya quruluşunu pozaraq ölkəni de-fakto mütləq monarxiyaya çevirib. Cinayət budur, cinayətkar bunu edəndir.
Konstitusiyada və qanunlarda hakimiyyətin mənbəyinin xalq olduğu, hakimiyyət orqanlarının seçkilərlə formalaşdırıldığı bildirilir. Amma Əliyev konstitusiya və qanunları pozaraq seçkiləri saxtalaşdırıb hakimiyyətə gəlib və bu dəfələrlə təkrar olunub. Cinayət budur, cinayətkar bunu edəndir.
Konstitusiya və qanunlarda hakimiyyətin qanunverici, icraedici, məhkəmə hakimiyyəti kimi bir-birindən müstəqil qollara bölündüyü bildirilir. Əliyev konstitusiya və qanunları pozaraq bu bölgünü aradan qaldırıb, istər qanunverici, istər məhkəmə hakimiyyətini ali icra hakimiyyətinə, yəni özünə tabe edib. Cinayət budur, cinayətkar bunu edəndir.
Konstitusiya və qanunlarda qanunverici hakimiyyətin seçki yolu ilə formalaşdığı bildirilir. Əliyev qanunları pozaraq seçkini saxtalaşdırır və özü istədiyi adamları deputat təyin edir, xalqın iradəsinə qəsd edir. Cinayət budur, cinayətkar bunu edəndir.
Konstitusiya və qanunlarda qanunun ali olduğu, yəni hamının qanun qarşısında bərabər olduğu qeyd edilir. Əliyev konstitusiyanı və qanunları pozaraq özünü qanunun fövqündə qoyub. Cinayət budur, cinayətkar bunu edəndir.
Əksinə, bütün bu yuxarıda qeyd olunan cinayətlərə qarşı çıxmaq cinayət yox, dövlətin konstitusiya quruluşunun bərpasına töhfə verməkdir. Bu cinayətlərə qarşı çıxmaq, konstitusiya quruluşunun bərpasını tələb etmək təkcə mənim hüququm yox, vətəndaş borcumdur. Yəni, bütün yuxarıda sadaladığım cinayətlərə və bunu edən cinayətkara qarşı çıxmaq cinayət yox, cinayətkarlıqla, cinayətkarla mübarizədir”.
Sevinc Osmanqızı, Abid Qafarov və Beydulla Manafov: 8 il
Sevinc Osmanqızı (Mirzəyeva) – ABŞ‑də yaşayan jurnalistdir. “Osmanqızı TV” Yutub kanalının yaradıcısıdır. O, daha əvvəl BBC radiosu və ANS televiziyasının müxbiri olub.
Abid Qafarov – internetdə “AzerFreedom TV” və digər kanallarda yayımlanan müxtəlif proqramlarda iştirak edən müxalif bloqerdir. O, 2022‑ci ildə Azərbaycan hakimiyyətinə böhtan atmaq ittihamı ilə bir il həbsdə olmuş, daha sonra mühacirət etmişdi.
Beydulla Manafov – ABŞ‑də yaşayan iqtisadçı. O, “Turan TV” kimi kanallarda çıxış edən ictimai xadim kimi də tanınır.
14 yanvar 2026‑da Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Nigar İmanovanın sədrliyi ilə keçirilən məhkəmə prosesində hər üç şəxs qiyabi olaraq 8 il azadlıqdan məhrum edilib.
Onlar CM‑in 281.2‑ci maddəsi (dövlət əleyhinə açıq çağırışlar) və CM‑in 220.2‑ci maddəsi (kütləvi iğtişaşlara çağırışlar) ilə təqsirləndirilirdilər.
İttihama görə, “Osmanqızı TV” və digər internet kanallarında 2019-2024‑cü illərdə yayımlanan verilişlərdə “hakimiyyətə qarşı zor tətbiqinə çağırışlar” səsləndirilib.
Barələrində fevral 2025‑də qiyabi həbs qətimkan tədbiri seçilmiş və sentyabr 2025‑də təqsirləndirilən şəxs kimi cəlbetmə qərarı qəbul edilmişdi. Üçlük istintaqa gəlmədikləri üçün onlar barəsində qarşı axtarış elan olunmuşdu.
Hər üç şəxs onlara qarşı səsləndirilən ittihamları qətiyyətlə rədd edir və bunu siyasi sifariş adlandırırlar.
Qənimət Zahid: 7 il

Qənimət Zahid “Azadlıq” qəzetinin keçmiş baş redaktoru və Azərbaycan saatı adlı Yutub kanalının aparıcısıdır.
O, 2010‑cu ildən Fransada yaşayır.
23 dekabr 2025‑də Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Fəxri Məmmədovun sədrliyi ilə keçirilən prosesdə Qənimət Zahidə qiyabi olaraq 7 il azadlıqdan məhrumetmə cəzası verilib.
İttihama görə, Zahidov 2024‑cü ilin mayında CM‑in 281.2‑ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb olunmuşdu və məhkəməyə gəlmədiyi üçün axtarışa verilmişdi.
Qənimət Zahid də barəsində çıxarılan hökmü sifarişli hesab edir.
Mühacirətdəkilər barədə həbs qərarları