"Ermənistan sıxışdırılıb çıxarıldığı areala qayıdır": Sülh Şurasına üzvlük barədə fikirlər
Ermənistan Trampın Sülh Şurasına qoşulub
Ermənistan ABŞ prezidenti Donald Tramp tərəfindən yaradılmış Sülh Şurasına təsisçi üzv qismində qoşulub. Yanvarın 22-də baş nazir Nikol Paşinyan Davosda şuranın ilk iclasında və nizamnamənin imzalanması üzrə təntənəli mərasimdə iştirak edib. Ağ Evdən bildirildiyi kimi, bundan sonra şura artıq beynəlxalq təşkilat statusu qazanıb.
Əvvəlcədən bildirilirdi ki, Sülh Şurası Qəzzanın bərpası prosesini monitorinq etmək məqsədilə yaradılır. Daha sonra prezident Tramp bəyan edib ki, şura daha geniş miqyaslı problemlərlə, qlobal münaqişələrlə məşğul olmalıdır.
Ekspertlərin bir hissəsi hesab edir ki, bu strukturun yaradılmasının əsas məqsədi BMT-nin rolunu zəiflətməkdir. Onlar mövqelərini ABŞ prezidentinin bu təşkilatın effektivliyini dəfələrlə məqsədli şəkildə tənqid etməsi ilə əsaslandırırlar. Lakin Tramp Davosda bu ehtimalı təkzib edib. Onun sözlərinə görə, şura “qlobal problemlərin həllində BMT-ni əvəz etməyə can atmır”.
Politoloq Stepa Safaryan hesab edir ki, ABŞ-ın Ermənistana şuraya qoşulmaq üçün dəvət göndərməsi təsadüfi deyil. Onun fikrincə, bu addım Vaşinqtonun Cənubi Qafqazda məhz bu ölkəyə üstünlük verməsi kimi görünür. Beləliklə, Ermənistan Yaxın Şərqdə nüfuzlu oyunçuya çevrilmək imkanı əldə edir. “Ermənistan sıxışdırılıb çıxarıldığı tarixi areala qayıdır”, – deyə o bildirir.
Bu mövzu ilə bağlı yazının dərc olunduğu ana qədər məlum olan bütün məlumatlar, eləcə də erməni siyasətçilər və ekspertlərin şərhləri.
- “Hərbi eskalasiya ehtimalı azdır, lakin risklər mövcuddur”: Ermənistanın Xarici Kəşfiyyat Xidmətinin hesabatı
- TRIPP layihəsində ABŞ-ın payı 74 faiz təşkil edəcək: Yerevan və Vaşinqtonun birgə bəyanatı
- Mövqe: “Yerevan Bakı və Ankaranın virtual reallığına qoşulmamalıdır”
Sülh Şurasına qoşulan ölkələr
Ermənistanın baş nazirinin aparatı bildirir ki, şuranın nizamnaməsini Ermənistan, ABŞ, Argentina, Azərbaycan, Bəhreyn, Belçika, Bolqarıstan, Misir, Macarıstan, İndoneziya, İordaniya, Qazaxıstan, Kosovo, Mərakeş, Pakistan, Qətər, Paraqvay, Səudiyyə Ərəbistanı, Türkiyə, BƏƏ, Özbəkistan və İsrailin nümayəndə heyətlərinin rəhbərləri imzalayıb.
Tədbirdə baş nazir Nikol Paşinyanla yanaşı, prezident Vaaqn Xaçaturyan və xarici işlər naziri Ararat Mirzoyan da iştirak edib.
Davosda Sülh Şurasının iclası. Ermənistanın baş nazirinin aparatı tərəfindən yayımlanan fotolar
Ermənistan 1 milyard dollar məbləğində üzvlük haqqı ödəməyəcək
Qərb mediası yazırdı ki, Sülh Şurasının nizamnaməsinə əsasən, onun üzvləri 3 il müddətinə mandat alırlar, daimi üzvlük üçün isə 1 milyard dollar məbləğində üzvlük haqqı ödənilməlidir.
Ermənistan Xarici İşlər Nazirliyinin mətbuat katibi Ani Badalyan bu məlumatı təsdiqləyib. Onun sözlərinə görə, dəvət alan ölkə müəyyən üzvlük haqqı ödəmədən 3 il müddətinə şuraya qoşula bilər. Lakin bu müddəa üçillik dövr başa çatdıqdan sonra yenidən nəzərdən keçirilə bilər.
“Üzvlük haqqı könüllüdür və şuranın nizamnaməsi qüvvəyə mindikdən sonra bir il ərzində hər hansı ölkə daimi üzv olmaq istədiyini bildirdiyi halda tətbiq olunur”, – deyə o qeyd edib.
Siyasətçilərin şərhləri
“Respublika naminə” partiyasının lideri Arman Babacanyanın fikrincə, Ermənistanın şurada iştirakı ölkənin yetkinliyinin tanınmasından xəbər verir:
“Biz beynəlxalq siyasətin mərkəzinə hüquqlara, səsə və məsuliyyətə malik subyekt kimi qayıdırıq”.
Eyni zamanda Babacanyan vurğulayıb ki, Yerevanın şurada iştirakı yalnız ölkə aydın xarici siyasət xətti yürüdəcəyi, “Ermənistanın suveren seçimini barışmaz şəkildə qoruyan peşəkar diplomatik fəaliyyət göstərəcəyi” halda effektiv ola bilər.
Parlamentin vitse-spikeri, hakim fraksiyanın nümayəndəsi Ruben Rubinyan Facebook səhifəsində yazıb:
“Müxalifət deyirdi ki, Paşinyan Ermənistanı beynəlxalq arenada zəif, çəkisi olmayan ölkəyə çevirib. Müxalifət, həmişə olduğu kimi, yanılırdı”.
Ekspertlərin şərhləri
Politoloq Ruben Meqrabyanın fikrincə:
“ABŞ prezidenti Donald Tramp Avropa ilə ziddiyyətlərini münaqişə həddinə qədər kəskinləşdirsə də, Sülh Şurasının yaradılmasına təşəbbüs göstərib. Şuranın üzv ölkələrinin müxtəlifliyini nəzərə alsaq, onu ən azı ABŞ tərəfindən BMT-yə alternativ kimi qəbul etmək üçün kifayət qədər əsas var.
Təşkilatın gələcək taleyi necə olacaq? Zaman göstərəcək. Onun necə işləyəcəyi, nəyi və hansı formada edəcəyi hələ aydın deyil.
Aydındır ki, 1945-ci ildən sonra formalaşmış beynəlxalq dünya nizamı dağılıb. Yeninin ilkin cizgiləri görünür. Ermənistanın mövqeyi isə birmənalı olmalıdır. Kanadanın baş naziri Mark Karni dediyi kimi, əgər danışıqlar masasının arxasında deyilsənsə, deməli menyudasan”.
Politoloq Stepa Safaryan hesab edir:
“Ermənistanın Sülh Şurasında institusional iştirakı misilsiz hadisədir.
Əlbəttə, yayımlanan fotolarda prezident Tramp və baş nazir Paşinyanın “bədən dili” Ermənistanla ABŞ arasında əməkdaşlıqda ciddi irəliləyişdən xəbər verir. Lakin vizual mesajların arxasında daha dərin məna dayanır. Bu məna avqustun 8-də Vaşinqtonda əldə olunmuş ikitərəfli və üçtərəfli razılaşmalarda və onların davamı olan TRIPP birgə layihəsi üzrə bəyanatda ifadə olunub.
Bu nailiyyətlərin bütün mahiyyəti və əsası Ermənistan hökumətinin “Sülhün kəsişməsi” layihəsidir. Bu, avqustun 8-də ayrıca əməkdaşlıq memorandumu imzalanmış strateji erməni-amerikan layihəsidir.
Layihə iri oyunçular tərəfindən əvvəllər təklif olunmuş Şimal-Cənub (2015-ci il Rusiya-Azərbaycan-İran-Hindistan razılaşmalarına uyğun olaraq) və Qərb-Şərq (Çinin “Bir kəmər, bir yol” proqramına və ya Türkiyə-Gürcüstan-Azərbaycan-Qazaxıstan marşrutu üzrə Orta Dəhliz razılaşmalarına uyğun olaraq) nəqliyyat dəhlizlərini köklü şəkildə dəyişir. Əgər əvvəllər Qafqazda bu kəsişmə və ya qovşaq Azərbaycan idisə, indi artıq Ermənistan olub.
Türkiyənin geosiyasi mövqeyini (bir neçə qitə üçün qovşaq kimi) və ya hətta Azərbaycanın mövqeyini (Mərkəzi Asiya ilə əlaqələri baxımından) azaltmadan demək olar ki, təkcə yayımlanmış fotolar deyil, imzalanmış sənədlər də Ermənistanın ABŞ üçün əhəmiyyətini vurğulayır. Prezident Tramp isə Ermənistanı təkcə bizim gözəl xristian gözlərimizə görə qiymətləndirmir.
Bu qovşaqda Fars körfəzi (ərəb dünyası) ilə Qara dəniz kəsişir. ABŞ-ın Yaxın Şərq və Qəzza problemlərinin həlli üçün yaradılan Sülh Şurasına Ermənistanı oyunçu kimi daxil etməsi də təsadüfi deyil. Şuranın tərkibinə bu regionun ölkələri də daxildir.
Bəli, Ermənistan sıxışdırılıb çıxarıldığı tarixi areala qayıdır. İndi onun Yaxın Şərq siyasəti tamamilə başqa prinsiplər üzərində qurulmalıdır. Sülh bu qayıdış üçün yeni imkanlar açır: bazarlarda iştirak, təhlükəsizlik məsələlərində söz hüququ və s.”
Ermənistan Trampın Sülh Şurasına qoşulub