"KTMT üçün Azərbaycan həmişə Ermənistan qədər qardaş dövlət olub" - Paşinyan
Paşinyan KTMT və Ermənistanın təhlükəsizliyi haqqında
“Bizim təhlükəsizlik anlayışımız belə idi ki, xarici təhdidlərin azaldılması üçün əsas vasitələr hərbi-siyasi ittifaqlar və ordu hesab olunurdu. Amma tarix göstərdi ki, bu formul işləmədi”, – deyə Ermənistanın baş naziri Nikol Paşinyan “Əhatəli təhlükəsizlik və dayanıqlıq – 2025” adlı beynəlxalq konfransda bəyan edib.
Onun sözlərinə görə, Rusiya rəhbərliyi altında fəaliyyət göstərən KTMT göstərdi ki, Azərbaycan onun üçün Ermənistan qədər qardaş dövlətdir.
Halbuki Ermənistan bu təşkilatın üzvüdür, Azərbaycan isə yox. Bu isə Ermənistanın təşkilatda iştirakını dondurmasına gətirib çıxardı. Baş nazir vurğulayıb ki, KTMT-nin yanaşması həmişə belə olub: “Başqa məsələdir ki, biz bu mövqeyi görürdükmü, yoxsa görməzdən gəlirdik, yaxud bunun o qədər də əhəmiyyətli olmadığını düşünürdük.”
O həmçinin diqqətə çatdırıb ki, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı hər zaman Azərbaycanın ərazi bütövlüyünü, o cümlədən Dağlıq Qarabağ ərazisini tanıyıb.
“Rusiya prezidenti bunu təsdiqlədi. O bildirdi ki, Qarabağ beynəlxalq hüquq baxımından Azərbaycanın tərkib hissəsidir və həmişə belə hesab olunub”, – Paşinyan 2020-ci ilin 44 günlük müharibəsindən sonra Putinin sözlərini xatırladıb.
Ermənistanın baş naziri qeyd edib ki, KTMT adlı hərbi-siyasi ittifaq “təhlükəsizliyin təmin olunmasının əsas aləti” hesab olunurdu, amma işləmədi. Blokun acizliyi xüsusilə 2021-ci ilin mayında və 2022-ci ilin sentyabrında, Azərbaycan Silahlı Qüvvələri Ermənistanın suveren ərazisinə daxil olduqda özünü göstərdi.
Nikol Paşinyanın sözlərinə görə, son illərdə Ermənistanın təhlükəsizliklə bağlı təsəvvürləri “əhəmiyyətli şəkildə dəyişib”, buna uyğun olaraq yeni strategiya formalaşıb.
- “Moskva Ermənistanda ‘İvanişvili 2.0’ əməliyyatını həyata keçirməyə çalışır” – erməni analitik
- “Ermənistan və Bakı arasında sülh mümkündür, amma zəmanət verilmir” – Tomas de Vaal
- “Çoxqütblü dünya”: ABŞ, Çin, Rusiya, ŞƏT, BRİCS və Azərbaycan-Ermənistan arasındakı sülh
O dövrdə mövcud olan təhlükəsizlik formulu işləmədi
Baş nazir Azərbaycanın ordusunun Ermənistanın suveren ərazisinə irəliləməsinə KTMT-nin sıfır reaksiyasının səbəbini belə izah edib:
“Ermənistan öz ərazi bütövlüyünün pozulması ilə bağlı KTMT-yə müraciət etdikdə, həm 2021-ci ilin mayında, həm də 2022-ci ilin sentyabrında reaksiyası belə oldu : “Görünür, sərhəd delimitasiya olunmayıb, buna görə də sual yaranır: Ermənistan ərazisinə müdaxilə olubmu?”
Onun sözlərinə görə, “formul işləmədikdən” sonra hökumət qarşısında sual yarandı: KTMT və təşkilata üzv ölkələrin hökumətləri Ermənistanın ərazi bütövlüyünü tanıyırmı? O hesab edir ki, Ermənistanın özünün hansı ərazini öz ərazisi kimi tanıdığını da başa düşmək vacib idi:
“Əgər sən öz ərazi bütövlüyünü müəyyən çərçivədə tanıyırsansa, amma sənin əsas təhlükəsizlik sistemin tamamilə başqa çərçivədədirsə, bu o deməkdir ki, bu iki yanaşma arasında sən öz ərazi bütövlüyünü itirirsən. Azərbaycanın hücumlarından sonra baş verən bu idi.”
Legitimlik təhlükəsizliyin təmin olunması aləti kimi
Baş nazirin sözlərinə görə, 2022-ci il oktyabrın 6-da Praqada keçirilən dördtərəfli görüşdə “ən mühüm söhbət” baş tutub. Söhbət Avropa Şurasının rəhbəri Şarl Mişelin və Fransa prezidenti Emmanuel Makronun vasitəçiliyi ilə Azərbaycan prezidenti İlham Əliyevlə aparılan danışıqlardan gedir.
“Əvvəlcə biz müəyyənləşdirməli idik ki, bizim ərazi bütövlüyümüz nədən ibarətdir. Və qərara gəldik ki, danılmaz legitimliyə, Alma-Atı Bəyannaməsinə əsaslanaq. Bu, dönüş nöqtəsi oldu. Praqada Ermənistan və Azərbaycan deklarativ deyil, siyasi razılaşmaya nail oldular ki, Alma-Atı Bəyannaməsinə əsaslanaraq bir-birinin ərazi bütövlüyünü və suverenliyini tanımağa hazırdırlar”, – deyə o, konfrans iştirakçılarına bildirib.
Bu, Ermənistan və Azərbaycanın SSRİ dağıldığı anda mövcud olan sovet respublikalarının sərhədləri daxilində bir-birinin ərazi bütövlüyünü tanıması deməkdir. Paşinyan iddia edir ki, Praqa razılaşması Ermənistanın bütün strategiyasını dəyişdi:
“Legitimlik təhlükəsizliyin əsas alətinə çevrildi. 1991-ci il Alma-Atı Bəyannaməsinə əsasən, Ermənistanın beynəlxalq səviyyədə tanınmış 29 743 kvadrat kilometr ərazisinin və həmin ərazini əhatə edən sərhədlərin toxunulmazlığı həm daxildən, həm də xaricdən təmin olunmalıdır. Bu konsepsiya bizim təhlükəsizliyimizin əsasını təşkil edir.”
Paşinyan əmin edib ki, hökumət bu strategiyanı ardıcıl şəkildə həyata keçirir. O vurğulayıb ki, bu olmadan “uzunmüddətli, institusional sülh” mümkün olmazdı.
Bundan əlavə, baş nazirin fikrincə, 2022-ci ilin payızında qəbul edilən strategiya artıq nəticələrini göstərib. O, Ermənistan və Azərbaycan tərəfindən imzalanmış və ratifikasiya olunmuş sərhədlərin delimitasiyası üzrə komissiyaların reqlamentini ilk ikitərəfli sənəd kimi misal çəkib.
“İndi bu strategiya 8 avqustda Vaşinqtonda imzalanmış bəyannamə və sülh sazişinin paraflanması ilə daha da möhkəmlənib. Bunlar ayrı-ayrı spontan addımlar deyil. Bizim xarici mühitlə etdiklərimiz yalnız legitimlik strategiyası ilə bağlıdır”, – deyə o bildirib.
Ordu təhlükəsizliyin təmin olunması vasitələri siyahısında ən sonda olmalıdır
Paşinyanın sözlərinə görə, rəsmi Yerevanın mövqeyi “güclü orduya ehtiyac var” konsepsiyasına əsaslanırdı. Amma bu formulda suallar yaranırdı: “Kimdən güclü: 1-2 şərti rəqibdən? Güclü ordu müttəfiqlərlədir, yoxsa onlarsız?” İndi isə onun sözlərinə görə, Ermənistan ordunun qarşısına “yenidən formalaşdırılmış” vəzifə qoyur:
“Ordunun beynəlxalq səviyyədə tanınmış Ermənistan ərazisindən kənarda heç bir vəzifəsi yoxdur. Onun vəzifəsi Ermənistanın beynəlxalq səviyyədə tanınmış ərazisini qorumaqdır. Legitimlik strategiyası ordu məsələsində belə təzahür edir.”
Baş nazir əmin edir ki, bu strategiya son 2-3 ildə konkret, hətta “ağlagəlməz” nəticələr verib:
“Bunun sübutu silah bazarlarının coğrafiyasının genişlənməsi və əlçatanlığıdır. İndi Ermənistan üçün heç bir məhdudiyyət yoxdur. Hər hansı ölkə bizimlə hərbi-texniki əməkdaşlığa başlamaq və ya başlamamaq məsələsini müzakirə edərkən, bu silahların qeyri-legitim məqsədlərlə istifadə olunacağından ehtiyat etmir.”
Eyni zamanda, heç kim Ermənistanın öz suveren ərazisini qorumaq hüququnu şübhə altına ala bilməz. Onun sözlərinə görə, mübahisələr, məsələn, “tarixi ədaləti bərpa etmək arzusu” ilə bağlı yarana bilər, çünki tarixi ədalətin nə olduğu, haradan başlayıb harada bitdiyi aydın deyil.
Baş nazirin qiymətləndirməsinə görə, əgər ordu ölkənin təhlükəsizliyini təmin etməyin əsas vasitəsi hesab olunursa, bu o deməkdir ki, “təhlükəsizlik ümumiyyətlə yoxdur.”
“Ordu təhlükəsizliyin təmin olunması vasitələri siyahısının ən sonunda olmalıdır. Əgər biz istəyiriksə ki, ordu bizi qorusun, əvvəlcə biz əsgəri qorumalıyıq. Ordudan əvvəl əsgəri və ölkəni qorumaq üçün yüzqat təhlükəsizlik təbəqəsi olmalıdır”, – deyə Paşinyan izah edib.
Onun sözlərinə görə, indi Ermənistanın təhlükəsizliyinin əsas aləti legitimlikdir:
“Bizim narrativlərimiz, arzularımız, məqsədlərimiz beynəlxalq səviyyədə tanınmış 29 743 kvadrat kilometr ərazimizin sərhədləri daxilində yerləşir. Tamamilə hər şeyi beynəlxalq səviyyədə tanınmış sərhədlərimizin məntiqi üzərində qururuq. Bu prinsip [müxalifət tərəfindən] bir əsas reaksiyaya səbəb olur: guya biz bunu Azərbaycanın, Türkiyənin tələbi ilə edirik. Bu isə mənim qeyd etdiyim təhlükəsizlik anlayışının təbəqələrini başa düşməməyin nəticəsidir”, – Paşinyan yekunlaşdırıb.
Paşinyan KTMT və Ermənistanın təhlükəsizliyi haqqında