27 ildən sonra Azərbaycanda Mərkəzi Bank sədri dəyişdi
Elman Rüstəmov Əbülfəz Elçibəyin prezidentiliyi dövründə yüksək vəzifəyə təyin edilmiş və fəaliyyətdə olan yeganə məmur idi. 27 ildən sonra Azərbaycanda Mərkəzi Bank sədri dəyişdi. Onun yerinə daha gənc mütəxəssis – “PASHA Bank” kommersiya bankının idarə heyətinin sədri təyin edilib.
- Rikoşet effektli sanksiyalar: Ukraynadakı müharibənin Ermənistana ziyanı
- Rusiya Bakıya reyslərin sayını artırır və Azərbaycanı təyyarələrinin həbsində günahlandırır
- Ukraynada müharibənin gözlənilməz nəticəsi: Türkiyədə günəbaxan yağı yoxa çıxıb
Prezident İlham Əliyevin təqdimatı ilə bu gün Azərbaycan parlamenti Mərkəzi Bankın idarə heyətinin tərkibində dəyişiklik etmək haqda qərar qəbul edib. Bununla da ikinci prezident Əbülfəz Elçibəyin dövründə yüksək vəzifəyə təyin olunan və hələ də fəaliyyətdə olan yeganə məmur Elman Rüstəmov Azərbaycanın maliyyə bazarının əsas tənzimləyicisinin idarə heyətinin sədrliyindən uzaqlaşdırılıb.
Ən uzun müddətli məmur

70 yaşlı iqtisadçı Elman Rüstəmov Azərbaycanda yüksək ranqlı məmurlar arasında ən uzun ömürlüsüdür.
1991-1992-ci illərdə Rüstəmov Azərbaycanın Prezident Aparatının baş müşaviri vəzifəsini tuturdu. O zaman dövlətin başında birinci prezident Ayaz Mütəllibov idi.
1992-ci ildə artıq ikinci prezident Əbülfəz Elçibəy dövründə o, Milli Bankın idarə heyəti sədrinin birinci müavini təyin edilib.
Üç il sonra 1995-ci ilin yanvarında – Heydər Əliyevin prezidentliyi dövründə Elman Rüstəmov Azərbaycanın Mərkəzi Bankının sədri olub.
Əsas vəzifəsi ilə birlikdə Rüstəmov az əvvələ qədər həm də Azərbaycanın Şahmat Federasiyasının rəhbəri idi.
Mərkəzi Bankın idarə heyətinin yeni sədri

Azərbaycanın Mərkəzi Bankının yeni sədri 38 yaşlı Taleh Kazımov olub.
Gənc menecer London (2010) və Harvard (2012) biznes məktəblərində yüksək səviyyəli rəhbərlər üçün idarəetmə proqramları (Senior Executive Programme) keçib.
Daha əvvəl o, “Bank Standard” xəzinə departamentinin baş mütəxəssisi, “Ernst and Young” şirkətində auditor vəzifələrində çalışıb.
2015-ci il iyulun 1-dən “PASHA Bank” kommersiya bankına rəhbərlik edib.