Haqqı ödənən “pulsuz” müalicə, həkim səhvləri və əcaib pasiyentlər haqda" />

Azərbaycanlı həkimlərin etirafları

Haqqı ödənən “pulsuz” müalicə, həkim səhvləri və əcaib pasiyentlər haqda

Azərbaycanda dövlət klinika və xəstəxanaları pulsuzdur, ən azından qanunla. Çox sayda özəl tibb müəssisələri də mövcuddur.

Azərbaycanda səhiyyə ən tənqid olunan sahələrdən biridir. Burada maaşlar çox aşağıdır – rəsmi məlumata görə təxminən 130 dollar.

Özəl tibbi xidmət dövlətinkindən nə ilə fərqlənir, harada müalicə olunmaq daha yaxşıdır və həkimləri necə seçmək lazımdır? Biz bunları həkimlərin özlərindən soruşmaq qərarına gəldik.

Stomatoloq Murad İbrahimov danışır:

“Valideynlərim dedilər ki, “Murad, bu sahədə tanışlarımız var, iş tapmaq daha asan olacaq, buna görə də tibbə qəbul ol”. Sonra isə artıq prosesdə bu iş xoşuma gəldi – yaxşı peşədir”.

Hansı klinikalar daha yaxşıdır?

“Mən ən başından özəl sektora getdim. Hətta təhsil müddətində də pul qazanmaq üçün özəl klinikalara üz tuturdum, təhsili başa vurandan sonra da özəl sektorda həkim işləməyə başladım.

İnsanlar ona görə özəl klinikalara gəlirlər ki, burada xidmət səviyyəsinin daha yüksək olduğuna inanırlar, qismən bu doğrudan da belədir. Amma qiymətləri görəndən sonra deyirlər ki, ay həkim, niyə belə bahaçılıqdır?

Dövlət klinikaları həqiqətən də özəl klinikalardan daha pis işləyir. Fərq fəlakət həddində olmasa da, hər halda daha pisdir.

Məsələn, alətlərin sterilizasiyası. Bizdə hər xəstədən sonra alətlər xüsusi dezinfeksiya məhluluna, bundan sonra isə avtoklava qoyulur. Bu, sterilizasiya üçün xüsusi qurğudur, yüksək təzyiq və 136 dərəcə temperaturda su buxarı ilə tam sterelizasiya aparılır.

Dövlət müəssisəsinin adını çəkməyəcəm, qoy Səhiyyə Nazirliyinin vicdanında qalsın. Amma mən şəxsən ortodont həkimin bütün xəstələr üçün işlətdiyi kəlbətini beş dəqiqəlik spirt dolu qaba qoyduğunun şahidi olmuşam. Xüsusi məhlulda (spirt ən primitiv antiseptikdir) təcili sterilizasiya müddəti azı 20 dəqiqədir.

Problem maliyyə ilə bağlıdır – əminəm ki, həmin həkimin uzun illik stajı var və o çox yaxşı anlayır ki, iki dəqiqə spirtdə saxlamaq sterilizasiya deyil. Amma bunu eləməyə məcburdur, çünki orada başqa variant sadəcə yoxdur”.

“Üzürlü” rüşvət

El arasında “hörmət” ifadəsi xidmətə görə minnətdarlıq və ya sadə dillə rüşvət mənasını verir. Və əgər özəl klinikalarda müştərilər ödənişi kassaya edirsə, dövlət klinikalarında pulu “kim nə qədər bacarır” prinsipi ilə həkimlərin özlərinə verirlər. Ehtiyacınız olarsa, sizi pulsuz qəbul edərlərmi, bu, konkret həkimin insafından asılıdır.

Pulsuz və ya cüzi məbləğə həkim konsultasiyasından keçib, resept yazdırmaq çox realdır. Amma əməliyyata ehtiyac varsa, fərz edilən “pulsuz” tibbi xidmət haqda həm həkimlər, həm də xəstələr unudur.

Xəstəliklər barədə saxta arayışların alınması təcrübəsi geniş yayılıb. Dövlət poliklinikalarında bəzi həkimlər hətta əsl xəstələrə də “hörmətsiz” arayış verməkdən imtina edir.

Murad danışır ki, özəl klinikalarda xəstələrdən kassadan kənar pul almaq qadağandır, amma xəstələr adətləri üzrə bəzən həkimin cibinə pul qoymağa çalışırlar.

“Mən bir qutu konfet qəbul edib, işdə hər kəslə bölüşə bilərəm, amma pul yox. Bizdə bu qadağandır.

Dövlət müəssisələrinə gəlincə isə, orada hər şey ancaq kağız üzərində pulsuzdur. Əgər orada həkimə pul verməsən, ən yaxşı halda səni necə gəldi müalicə edəcəklər. Ya da bürokratik prosedurlarla elə zəhləni tökəcəklər ki, xəstə yatmaq üçün ya özəl klinikaya, ya da evə qaçmalı olacaqsan”.

Həkimi nəyə görə işdən qova bilərlər?

“Məsələn, kobudluğa görə işdən qova bilərlər. Biz sığorta şirkətləri ilə işləyirik və əgər xəstələr ora şikayət edərsə, bizə problem yaranar. Həmçinin pasiyentin həkimlə münaqişəsinin yaranması da yaxşı heç nə vəd etmir. Və nəhayət, bütün pasiyentlərlə eyni dərəcədə nəzakətli davranmaq bizim peşə borcumuzdur.

Mən hətta tibb bacısı ilə söhbət etməyimi “əxlaqsızlıq” hesab edən və təxminən “bura nə romantika otağıdır belə?” sözlərilə irad bildirən xəstə ilə də nəzakətli davranmışam. Hərçənd bəzən elə xəstələr olur ki, özünü saxlamaqda çətinlik çəkirsən.

Bir həkimin – dostumun tanışının qovulması ilə bağlı gülməli hadisə baş vermişdi.

Bu həkim klinikada işləyirdi və haqqında gəzən şayiələrə görə, bir az lovelas idi. Amma belə götürəndə şikayətlənən yox idi, klinikaya qadın gətirmirdi. Hamının düşündüyü kimi. Amma günlərin birində kiçik tibb personalı səhər xəstələr gələnə qədər klinikanı təmizləmək üçün gələndə görürlər ki, onun kabinetində stomatoloji kreslonun üzərindəki lampadan prezervativ sallanır. Təbii ki, buna görə onu klinikadan qovdular.

Faktın özünə görə yox, kabineti dezinfeksiya etməyi unutduğuna görə”.

Əməkhaqqı

“Özəl klinikalarda, bir qayda olaraq, həkimlərə işə görə ödəniş edilir. Öz pasiyent bazasını toplayanlar, bəzən “icarəyə gedirlər”. Onlar həmin xəstəxanada kabinet üçün icarə haqqı ödəyir, xəstələrin onlara ödədiklərini isə özlərinə götürürlər.

Sadəcə təcrübə keçmək və pul qazanmaq istəyən Tibb Universitetinin məzunları adətən özəl klinikalara gedirlər, çünki gəlir özəl sektordadır. Elmlə məşğul olmaq, dərəcə almaq və tədris etmək istəyirsənsə, dövlət sektoruna getməlisən. Tibb Universitetində kafedra əməkdaşı olmaq yalnız dövlət müəssisəsində mümkündür.

Oraya işə düzəlmək özəl klinikalardan daha çətindir – birincisi, dövlət xəstəxana və klinikaları daha azdır, ikincisi, ora yalnız rezidenturanı bitirmiş tələbələri götürürlər. Özəl klinikalarda isə mütəxəssisi işə götürüb-götürməmək seçimi baş həkimlərin çiyninə düşür.

Özəl klinikaya əlaqələr və tanışlar olmadan da işə düzəlmək mümkündür. Kabinetlər boş qalmamalıdır. Amma bu o demək deyil ki, ora kimi gəldi götürürlər”.

Klinika və ya həkimi necə seçməli?

“Həkimdən tam əmin olmaq üçün onunla danışmaq lazımdır. Əgər onun danışığı səlist və savadlıdırsa, tibbi terminlərdən istifadə edirsə, amma siz hər şeyi anlayırsızsa, seçiminiz doğrudur.

Əgər həkimlə söhbətdən dərhal sonra özünüzü daha ağıllı hiss elədinizsə – bu məhz həmin həkimdir”.

Adının gizli qalmasını istəyən travmatoloq-cərrah

“Mən dövlət klinikasında işləyirəm. Rəsmi maaşım 132 manatdır (78 dollar). Əlbəttə ki, Azərbaycanda dövlət sektorunda heç kim maaşla dolanmır. Hələ Sovet İttifaqı dövründən belə qayda qoyulub ki, ordunu və polisi dövlət, həkimləri və müəllimləri isə xalq dolandırmalıdır. Bizdə hələ də belədir. Həkimlər əsasən “hörmətlə” dolanırlar”.

Niyə həkimlər özəl sektora keçmir?

“Özəl klinikada əməkhaqqı yüksəkdir, amma orada işləmək üçün özünün “xəstə” bazan olmalıdır. Pasiyent yığmaq üçün isə hər halda dövlət klinikasında işləmək, ad qazanmaq lazımdır ki, özəl klinikada da sənin yanına gəlsinlər və nə qədər desən, ödəsinlər”.

Həkim səhvləri

Son illərdə Azərbaycanda həkim səhvləri ilə bağlı bir neçə səs-küylü qalmaqal baş verib. Gənc qadın plastik əməliyyat zamanı ölüb, yaşlı qadının xəstə ayağının əvəzinə sağlam ayağı kəsilib, doğmaq üzrə olan qadını poliklinikaya buraxmayıblar. Belə hallar olan zaman ölkənin bütün həkimləri tənqid atəşinə tutulur, onları müdafiə edənlər az olur.

“Əlbəttə, heç bir həkim qəsdən xəstəyə ziyan vurmaq istəməz, bəzən xəstələr bunun əksini düşünsələr də. Səhvlərin səbəbi təcrübəsizlik və ya səhlənkarlıqdır, bəzən isə həkimin günahı olmur, sadəcə təsadüf baş verir.

Bir dəfə diaqnoz qoymağa tələsdiyim zaman mənim başıma belə bir hal gəlmişdi. Dostum yıxılmışdı, onu müayinədən keçirdim və sakitləşdirmək üçün dedim ki, narahat olma, ayağın sınmayıb. Onunla rayondan şəhərə gəlib çatana qədər anladım ki, ayağı çox güman, çatlayıb. O, bugünə qədər çatlaq məsələsini üzümə vurur.

Xəstə əməliyyat masasında öləndə, bunun günahı 99 faiz anestezioloqda olur. Bir hadisə yadımdadır, adamın min nəfərdən birində rast gəlinən allergiyası vardı. Biz bütün analizləri elədik, amma bu alergiyanı tapmaq asan deyil. Əməliyyat zamanı narkoz verilərkən, anfilaktik şok baş verdi və biz onu xilas edə bilmədik. Mən heç bilmirəm ki, biz nə edə bilərdik.

Ümumiyyətlə həkim səhvinə görə məsuliyyət lazım olandan daha artıqdır. Birincisi, həkim hüquq-mühafizə orqanları qarşısında cavabdehdir, ikincisi də uzun müddət və israrla məsələni araşdıracaq xəstə qohumlarının qarşısında. Bizim qarşılaşdığımız əksər hallarda həkimləri həddindən artıq incidiblər, hətta hər tərəfli haqlı olduqda belə.

Bəzi əməliyyatlardan əvvəl xəstə həkimin üzərindən məsuliyyətin götürülməsi haqda sənəd imzalayır. Əslində cinayət işi araşdırılarkən, bu kağıza baxan olmur. Formal bir şeydir”.

Ancaq Bakıda yox

“Bir neçə dəfə yerli həkimləri konsultasiya etmək üçün rayonlara getmişəm. Onların peşəkarlıq səviyyəsini qiymətləndirmək mənim üçün çətindir, amma ordakı avadanlıqlar yaxşı vəziyyətdə deyil, çoxları ixtisasları birləşdirmək məcburiyyətində qalır. Eyni həkim həm travmatoloq, həm terapevt, həm anestezioloq, həm də cərrahdır.

Bakıdan ora heç kim gedən deyil, çox az maaş verirlər”.

Qeyri-adi xəstələr

“Məsələn, belə bir hadisə olmuşdu, adam əməliyyat olunub, İlizarov aparatı (sümüyün içindən keçən “milləri” tarazlayan metal “halqalar”) baldırına birləşdirilib. Aparat iki aydan sonra çıxarılmalı idi, amma xastə yoxa çıxıb.

Üç il keçəndən sonra təsadüfən həmin adama rast gəlmişəm. Hələ də bu aparatla gəzir və elə bilir ki, belə də olmalıdır”.

Hansı xəstəlik neçəyə başa gəlir?

Bakılı taksi sürücüləri sərnişinləri xəstəxanaya apararkən tez-tez “Azərbaycanda gərək sağlam olasan” zarafatını edirlər. Tibbi xidmətin nə dərəcədə əlçatan olduğunu təsəvvür etmək üçün müxtəlif xəstəliklərin müalicəsinin necəyə başa gəldiyini Azərbaycandakı orta aylıq əməkhaqqı ilə müqayisə edək [Bakı sakinlərinin real xərcləri göstərilib – red.].

Omba sınığı – orta aylıq əməkhaqqının 10 qatından 20 qatına qədər.

Dərin karies – orta aylıq əməkhaqqının 10 faizindən başlayaraq.

Mioma əməliyyatı – 2,5 orta aylıq əməkhaqqı

Doğuş – orta aylıq əməkhaqqının 2 qatından 4 qatına qədər.

Azərbaycanda orta aylıq əmək haqqı 540 manat və ya 318 dollardır.


More on JAMnews